Hüquq müdafiəçiləri: Rusiyada vətəndaş cəmiyyəti təqib olunur

HRW və Amnesty İnternational
Image caption Human Rights Watch və Amnesty International təşkilatları Rusiyada yaranmış durumla bağlı narahatlığını bildiriblər.

Vladimir Putinin yenidən hakimiyyət başına gəlməsi müddətinin yekunlarını təhlil edən hüquq müdafiəçiləri vətəndaş cəmiyyətinin "misli görünməmiş" hücuma məruz qaldığını bildirirlər.

Human Rights Watch və Amnesty International təşkilatının birgə təqdim etdiyi 78 səhifəlik hesabatda postsovet tarixində insan haqları ilə bağlı durumun ən aşağı nöqtəyə çatdığı deyilir.

2012-ci ilin may ayından bu yana, QHT-lərin yoxlanılması üzrə ümummilli kampaniya keçirilib, onların fəaliyyətini məhdudlaşdıran qanunvericilik təsdiqlənib, hökumət tənqidçilərinə “xain” damğası vurulub, fəallar təhdid və bəzən həbs edilib, sənəddə deyilir.

“Hökumətin yeni qanun layihələri və təqiblər vətəndaş fəallarını qanun baxımından qeyri-müəyyən vəziyyətdə qoyub, - HRW təşkilatının Avropa və Asiya üzrə proqram direktoru deyib.

Hugh Williamson hökumət təqiblərinin Rusiya beynəlxalq səhnədəki vəziyyətinə mənfi təsir göstərdiyini deyib.

Yoxlanışlar

Hesabatda deyilir ki, prokurorluq, vergi müfəttişliyi və bəzi hallarda güc idarələri tərəfindən QHT yoxlanışlarının sayı qat-qat artıb. Təşkilatların birindən onun sədrinin konfrans və seminarlarda etdiyi bütün çıxışlarının nüsxələri tələb edilib.

Hüquq müdafiəçilərinə görə üçüncü sektordakı yoxlanışlar bəzi QHT-lərin fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilər.

Çərşənbə günü Moskva məhkəməsində seçici hüquqlarının müdafiəsi üzrə “Qolos” təşkilatının işinə baxılacaq.

Ədliyyə Nazirliyinə əsasən təşkilat xarici agent funksiyasını həyata keçirsə də, müvafiq statusla qeydiyyatdan keçmək üçün ərizə verməyib ki, inzibati pozuntu təşkil edir.

“Qolos” təşkilatının xaricdən maliyyələşdirildiyi barədə məlumat Federal Maliyyə Monitorinqi Xidmətindən daxil olub.

Təşkilatın direktor müavini BBC Rus Xidmətinə müsahibəsində “Qolos”un xaricdən maliyyələşdirilmədiyini deyərək Ədliyyə Nazirliyinin iddiasını siyasi sifariş adlandırıb.

Hüquq müdafiəçiləri hesab edirlər ki, xarici agentlər haqqında qanun, qeyri-kommersiya təşkilatlarını gözdən salmaq məqsədini daşıyır.

Bununla yanaşı hesabatda deyilir ki, yeni qanunvericilik insanların toplaşma haqqını məhdudlaşdırıb.

Rusiya hakimiyyətini vətəndaş cəmiyyətinin hüquqlarına hörmət göstərməyə səsləyən beynəlxalq təşkilatlar vəziyyətin yaxşılaşdırılmasında müəyyən ümidlərini baş verənlərin ciddi olduğunu dərk edən Moskvanın xarici partyorları ilə bağlayırlar.