Sincanda ölümlə nəticələnən şiddətli toqquşmalar

Çin xəritəsi
Image caption Ötən ilin avqust ayında regionda separatçılıq və terrorçuluq ittihamları ilə 20 adam məhkum olunub.

Çinin Sincan əyalətində toqquşmalar 15 rəsmi və polis daxil olmaqla 21 nəfərin ölümünə bais olub.

İnsident Qaşqar əyalətinin Baçu rayonundakı evlərdə silah axtarışı vaxtı baş verib, Sincan hökumətinin saytında deyilir.

Son illər ərzində Sincanda sporadik toqquşmalar qeydə alınıb.

Çərşənbə axşamı baş verən hadisə müsəlman uyğurlarla han çinli icması arasında gərginliyin artması fonunda yer alır.

Qarşıdurma

2009-cu ildə regionda baş verən qarışıqlıqlar vaxtı az qala 200-dək adam - əsasən han çinli icmasının nümayəndəsi - öldürülüb.

Sincandan daxil olan məlumatları təsdiqləmək olduqca çətindir, BBC-dən Celia Hatton bildirir.

Xarici jurnalistlərə regiona gəlmək icazəsi verilir, lakin onlar etnik zəmində iğtişaşlar və yaxud da hakimiyyətə qarşı mütəşəkkil zorakılıq barədə xəbərləri yoxlayarkən təqib və təhdidlərə məruz qalırlar.

Hökumətin təbliğat bölmələri yerli KİV-lərə həssas bölgədən öz məlumatları əvəzində aparıcı rəsmi agentliklərin informasiyalarını çatdırmaq göstərişini verib, BBC müxbiri bildirir.

“Terrorçuluq”

Rəsmi bəyanata əsasən toqquşma evlərdə silah axtarışı apararkən sosial xidmət işçilərinin girovluğa götürülməsindən sonra baş verib.

Insidentin terrorçuluqla əlaqədar olduğu bildirilərək “8 banda” üzvünün yaxalandığı qeyd olunur.

Hücumçuların şəxsiyyəti barədə məlumat verilməyib. Öldürülən 10 rəsmi və polisin etnik uyğur olduğu bildirilir.

Şimal-qərbdəki region əhalisinin 45 faizini etnik uyğularlar təşkil edir. Uyğurlar bölgəyə gələn çinlilərinin təsirilə ənənəvi mədəniyyətlərinin rolunun azalmasından narahatdırlar.

Pekin Sincandakı zorakı insidentlərdə muxtariyyət əldə etmək istəyən uyğur ekstremistlərini suçlayır. Uyğur fəalları öz növbəsində Çini sərt hərəkətlərə əl atmaq üçün təhlükənin həddən artıq şişirdilməsində ittiham edirlər.

Ötən ilin avqust ayında regionda separatçılıq və terrorçuluq ittihamları ilə 20 adam məhkum olunub.