Suriyada baş nazirin kortejinə "hücum olub"

Suriyanın paytaxtı Dəməşqdə baş nazir Vail əl-Halqi kortejinə edilən bomba hücumundan sağ çıxıb.

Dövlət televiziyası deyib ki, Baş nazir heç bir xəsarət almayıb.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Məntəqəsinin məlumatına görə, cənab əl-Halqinin mühafizəçisi öldürülüb, AFP xəbər agentliyi deyir.

Məlumata görə, izdihamlı Mazzeh rayonunun kəsişməsində baş verən partlayışın nəticəsində bir neçə mülki şəxs xəsarət alıb.

Bahalı Mazzeh rayonunda hökümət binaları, siyasi xadimlərin evləri və hərbi aeroport yerləşir.

Adı verilməyən Suriya rəsmisi deyib ki, partlayış, maşının altına yerləşdirilən bomba nəticəsində baş verib.

Daha əvvəl isə partlayışın intihar hücumu olması barədə məlumat yayılmışdı.

Bazar ertəsi baş verən hücumla bağlı məsuliyyəti öz üzərinə götürən olmayıb.