Suriya əsgərinin ürəyini yeyən üsyançı: "Bunu yenə edərdim"

Suriyada bir əsgərin ürəyini çıxarıb yeyərkən videoya çəkilmiş üsyançı BBC-yə “bu işi bir də görərdim” deyib.

“Adamyeyən üsyançı” ləqəbini qazanmış Abu Sakkar görüntüdə əsgərin qanlı ürəyini ağzına yaxınlaşdıraraq “Əsədin köpəkləri, ürəyinizi, ciyərinizi beləcə yeyəcəyik” deyə qışqırır.

BBC-nin Suriyadakı müxbiri Paul Woodla söhbətində Sakkar, əslində əsgərin ürəyini yemədiyini, sadəcə bu hərəkəti məqsədli şəkildə yamsıladığını bildirib.

“Bizim çəkdiklərimizi siz çəksəydiniz bundan da artığını edərdiniz. Bunu istəyərək etmədim. Düşməni qorxutmaq, alçaltmaq məcburiyyətindəyik. Onlar da bizə qarşı belə edirlər. İndi onlar Abu Sakkarın olduğu yerə gəlməyə cəsarət etməzlər”.

Üsyandan əvvəl Bab-i Amrda fəhləlik etmiş 27 yaşlı Sakkar 2011-ci ilin baharında etirazlara qatıldığını və bu aksiyalar zamanı qardaşının öldürüldüyünü də söyləyib.

YouTube saytında 2011-ci il, iyun tarixli bir videoda Sakkar ordudan fərarilik edib üsyançıların sıralarına qoşulan əsgərləri zeytun budaqları ilə salamlayan izdihamın üçündə görünür. Bundan sonra Sakkar Azad Suriya Ordusuna qoşulub.

O meyitlərlə də şəkil çəkdirib

2012-ci ilin fevralında Faruq dəstəsinin sıralarında döyüşən Sakkar, Azad Suriya Ordusunun kəndi tərk etməsindən sonra özünün Ömər Faruq adlı dəstəsini yaradıb.

Abu Sakkar bu əsnada başqa bir qardaşını və bir çox yaxınlarını itirib. Ailəsi həbs olunub. Sakkar deyir ki, polis məntəqəsindən ona zəng edərək işgəncə verilən doğmalarının inilti və çığırtılarını dinlədiblər:

“Özünüzü mənim yerimə qoyun. Ananızı, atanızı həbs edirlər. Təhqir edirlər. Dayınızı, xalanızı öldürürlər. Mən bunların hamısını yaşamışam.”

Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch tərəfindən müharibə canisi olmaqda ittiham edilən Sakkar Suriya üzərində uçuşlarsız hava zonası yaradılmasının və üsyançılara silah verilməsinin vacibliyini bildirir. O deyib ki, dünya yardıma gəlməsə, bir çox adam onun kimi hərəkət etməli olacaq.

Human Rights Watch bundan əvvəl də Suriya əsgərləri ilə birlikdə vuruşarkən Abu Sakkarın Livan Hizbullahı döyüşçülərinin meyitləri ilə şəkil çəkdirdiyini iddia edir.

BMT-nin məlumatına görə, 2011-ci ildə Suriya lideri Bəşər əl-Əsədə qarşı üsyan başlanandan bəri ölənlərin sayı artıq 70 mini keçib.

Bu barədə daha geniş