Çin məhkəməsi general oğlunu zorlamaya görə azadlıqdan məhrum edib

Li Tianyi
Image caption General oğlunun işinə Pekinin Haidian Məhkəməsində baxılıb.

Çin mətbuatının bildirdiyinə görə, ordu generalının oğlu zorlama hadisəsinə görə məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarında bildirildiyi kimi, bu ilin fevral ayında Pekin otellərindən birində içkili vəziyyətdə olan 17 yaşlı Li Tianyi və daha digər 4 nəfər bir qadını zorlayıblar.

Çinin tanınmış generalının oğlu Li Tianyi qadının peşəkar fahişə olduğunu iddia edərək onunla cinsi əlaqədə olduğu barədə ittihamın əsassız olmasında təkid edib.

Li Tianyi-nin atası, ordu generalı Gen Li Shuangjiang televiziyada vətənpərvər mahnıların ifası ilə Çində ad-san qazanıb.

Li Tianyi-ın anası Meng Ge-də Çin Ordusnun aparıcı müğənnilərindən biridir.

General oğlunun işinə Pekinin Haidian Məhkəməsində baxılıb.

Məhkəmə qalan müttəhimlərə də 3 ildən 12 ilədək həbs cəzası kəsib.

Çində Li Guanfeng kimi də tanınan Li Tianyinin adı ilk dəfə deyil ki, ictimaiyyətin qəzəbinə səbəb olan insidentdə hallanır.

O, 2011-ci ildə ictimai qınağa səbəb olmuş yol-nəqliyyat hadisəsinin səbəbkarı olduğuna görə 1 illik həbs cəzasına məhkum olunmuşdu.

Həmin hadisədə, generalın oğlu bahalı və nömrəsiz avtomobildə qarşıdan gələn avtomobilin yolunu kəsib. Bu azmış kimi Li Tianyi digər avtomobildə oturanlara hücum çəkərək, onları hədələyib.

Həmin hadisəyə görə, Li Tianyi-nin atası zərərçəkən tərəfdən üzr istəyib.

Li Tianyinin hazırkı işi siyasi elitanı ərköyün və qanunları saymayan övladlarına görə tənqid edən Çin cəmiyyətinin qəzəbinə səbəb olub.