Nelson Mandela - aparteidə qalib gəlmiş insan

Nelson Mandela

Nelson Mandela Cənubi Afrikadakı aparteid rejimini çoxirqli demokratiyaya dəyişdirmək mübarizəsinə liderlik etmiş və dünyanın ən hörmətli siyasi xadimlərindən biri idi.

27 il həbsdə yatandan sonra o, ölkənin birinci qaradərili prezidenti olub və digər münaqişələrə sülh gətirməkdə böyük rolu olub.

Onun xarizması, özünü lağa qoyan yumor hissi, ona qarşı pis rəftar haqqında acılıq göstərməməsi və heyranedici həyatı onun bütün dünyaya maraqlı olduğunu qismən aydınlaşdırır.

1999-cu ildə prezidentlikdən çıxandan sonra cənab Mandela Cənubi Afrikanın ən görkəmli təmsilçisi olub. O, İİV/QİÇS-ə qarşı kampaniya aparmış və ölkənin 2010-cu il futbol üzrə Dünya Çempionata ev sahibliyini təmin etmişdi.

O, həmçinin Konqo Demokratik Respublikası, Burundi və digər Afrika ölkələri ilə sülh danışıqlarında iştirak etmişdi.

Cənab Mandela 2004-cü ildə, 85 yaşında ailəsi və dostları ilə daha çox vaxt keçirmək və "sakitcə fikirləşmək" üçün ictimai həyatdan getdi.

O, 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı - Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi.

Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib.

O, Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub.

Həbsdən çıxandan sonra Nelson Mandela ANC-nin prezidenti olub.

1944-cü ildə o, birinci həyat yoldaşı Evelyn Mase-lə evlənib. Dünyaya dörd uşaq gətirəndən sonra onlar 1958-ci ildə boşandılar.

Qanundankənar

Cənab Mandela vəkil oldu və şəriki Oliver Tambo ilə birlikdə 1952-ci ildə İohannesburq hüquq məsləhətxanası açdı.

Cənab Mandela və Canab Tambo bütövlükdə ağdərili Milli Partiya tərəfindən icad edilən, qaradərili çoxluğu əzən aparteid sisteminə qarşı birgə kampaniya aparıblar.

1956-cı ildə cənab Mandela 155 digər fəalla birlikdə dövlətə xəyanətdə ittihamlanıb, amma dörd il davam edən istintaqdan sonra ittihamlar ləğv edilib.

Aparteidə qarşı müqavimət, əsasən yeni Keçid Qanunlarına görə gücləndi. Bu qanunlar qaradərililərin harada işləyə və yaşaya biləcəklərini diktə edirdilər.

1958-ci ildə cənab Mandela Winnie Madikizela ilə evləndi. Daha sonra xanım Madikizela həyat yoldaşının həbsdən çıxarılması üçün aktiv olaraq kampaniya aparıb.

ANC 1960-cı ildə qanundankənar elan edildi və cənab Mandela təşkilatın digər aparıcı üzvləri ilə birlikdə gizli fəaliyyətə başladı.

1960-cı ildə, polis Sharpeville şəhərciyində keçirilən aksiyada 69 qaradərili adamı güllələyərək öldürəndə, aparteid rejiminə qarşı müxalifət böyüməyə başladı.

Bu, dinc müqavimətin sonuna çevrildi və ANC-nin vitse prezidenti olan cənab Mandela iqtisadi sabotaj kampaniyasını başladı.

Ömürlük həbs cəzası

Bir müddətdən sonra o, sabotaj və zorakı dövlət çevrilişi törətməyə cəhd etməkdə ittihamlanmışdı.

Müttəhimlərin bir çoxunun həbs olduğu yerin adı olan Rivonia məhkəməsi kimi tanınan istintaqda cənab Mandela demokratiya, azadlıq və bərabərlik haqqında fikirlərini müttəhimlər kürüsündən söylədi.

"Mən hamının mehriban, bərabər imkanlarla yaşaya bildiyi demokratik və azad cəmiyyətin idealını həmişə üstün tutmuşam", o deyib.

"Mən bu ideal üçün yaşamaq, onu əldə etmək istəyirəm. Amma lazım olsa, bu ideal üçün ölməyə də hazıram."

1964-cü ilin qış aylarında ona ömürlük həbs cəzası kəsildi.

Image caption Nelson Mandela azadlığa çıxanda onu kütlələr qarşılayıb.

1968-69-cu illər arasında, 12 ay ərzində onun anası öldü və ən böyük oğlu yol qəzasında öldürüldü, amma cənab Mandelaya onların dəfn mərasiminə getməyə icazə verilmədi.

Cənab Mandela və digər ANC liderləri həbsdə və ya mühacirətdə olarkən Cənubi Afrikada qaradərililərin yaşadığı hissələrdə yaşayan gənclər ağdərili azlığın hakimiyyətinə qarşı savaşmağa çalışırdılar. Yüzlərlə ölənlər və minlərlə yaralananlardan sonra üsyan dayandırıldı.

1980-ci ildə mühacirətdə olan cənab Tambo cənab Mandelanı azad etmək üçün beynəlxalq kampaniyaya başladı.

Dünya birliyi Cənubi Afrikanın aparteid rejiminə qarşı 1967-ci ildə tətbiq olunan sanksiyaları gücləndirdi.

Təzyiqə görə nəticələr əldə olundu və 1990-cu ildə Prezident FW de Klerk ANC-ə qarşı qadağanı ləğv etdi. Cənab Mandela həbsdən buraxıldı və Cənubi Afrikada yeni, çoxirqli demokratiyanın yaradılmasına başlandı.

Nobel Sülh Mükafatı

1992-ci ildə cənab Mandela onun həyat yoldaşı Winnienin xəyanəti əsasında ondan ayrıldı. Winnie həmçinin adam oğurlamaq və hücumda kömək etməkdə günahkar hesab edilmişdi.

1993-cü ilin dekabr ayında cənab Mandelaya və cənab de Klerkə Nobel Sülh Mükafatı verildi.

Beş ay bundan sonra, Cənubi Afrikanın tarixində ilk dəfə olaraq bütün irqlər demokratik seçkilərdə iştirak etdilər və cənab Mandela prezident seçildi.

Image caption O, Graca Machel ilə 80-ci ad günündə evlənib.

Onun üzləşdiyi birinci problem - kasıblar üçün mənzillərin qıtlığı idi və xarabalıq şəhərcikləri əsas şəhərləri korlamağa davam edirdi.

Müavini Thabo Mbeki höküməti idarə etməklə məşğul olarkən cənab Mandela rəhbərin tam rəsmi vəzifələrini yerinə yetirərək Cənubi Afrika üçün yeni beynəlxalq imic yaradırdı.

Bu baxımdan o, ölkənin çoxmillətli şirkətlərini Cənubi Afrikada qalıb oraya pul buraxmağa razı edə bildi.

1998-ci ildə, 80-ci ad günündə cənab Mandela Mozambikin keçmiş prezidentinin dul xanımı Graca Machel ilə evləndi.

1999-cu ildə prezidentlikdən gedəndən sonra onun ictimai çıxışlarının əksəriyyəti onun yaratdığı Mandela Fondu ilə bağlı idi, amma o dünyanı gəzməyə, liderlərlə görüşməyə və konfranslarda iştirak etməyə davam edirdi.

Bəlkə də son illərdə onun ən önəmli müdaxiləsi 2005-ci ildə, oğlu Makgathonun ölümündən sonra gəldi.

QİÇS epidemiyası haqqında danışmaq tabu olan vaxtda cənab Mandela elan etdi ki, onun oğlu QİÇŞ-dən ölüb və onun "normal xəstəlik kimi görünməsi üçün" Cənubi Afrikalıları epidemiya haqqında danışmağa çağırdı.