Uqanda qəzeti ölkədə "əsas 200 homoseksualın" adını çap edib

Red Pepper Fotonun müəllifi BBC World Service
Image caption "İfşa! Uqandanın 200 əsas homoseksualı", Red Pepper qəzetinin başlığında deyilir

Uqanda Prezidentinin bazar ertəsi imzaladığı anti-gey qanundan sonra ölkənin bulvar qəzeti Uqandanın "200 əsas homoseksualının" adını nəşr edib.

Red Pepper qəzetinin siyahısı "İfşa" başlığı altında çap olunub ki, bu da gey adamlara qarşı təqib kampaniyasının başlaması barədə narahatlıqlar yaradıb.

Qərb hökümətləri Prezident Museveninin qanunu qüvvəyə mindirmək qərarını tənqid ediblər.

Mühafizəkar Uqandada əksəriyyət homoseksuallığa qarşıdır və qanunvericiliyə görə homoseksuallıq artıq yasaq olunmuşdu. Amma yeni qanuna görə, "cinayəti" birinci dəfə edənlər 14 illik həbs cəzası alacaq, "ağır homoseksuallıq" hərəkətlərinə görə isə ömürlük həbs cəzası kəsilə bilər və ilk dəfədir ki, qanuna lesbiyanlar da daxildir.

Bundan savayı gey adamlar barədə hakimiyyətə xəbər verməmək və homoseksuallığı təbliğ etmək, onu qınamadan haqqında danışmaq cinayət sayılır.

Qanun layihəsində homoseksual hərəkətlər üçün ölüm cəzası nəzərdə tutulmuşdu, amma beynəlxalq tənqidə görə bu, ləğv olundu.

Fotonun müəllifi AP
Image caption Yeni qanuna görə "ağır homoseksuallıq" hərəkətləri ömürlük həbs cəzası daşıyır

"Evdən çıxa bilmirik"

Qanunu imzalayandan əvvəl ölkə başçısı "Qərbin təzyiqi qarşısında Uqandanın müstəqilliyini" təsdiq etmək üçün qanunu xarici media qarşısında imzalamaq istədiyini bildirmişdi.

Uqandada gey haqları fəalı BBC-nin Newsday proqramına deyib ki, yeni qanun layihəsindən "çox qorxur".

"Əslində bu gün (bazar ertəsi) heç işə də getmədim, evdəyəm, qapını bağlamışam.

"Heç bilmirəm bundan sonra nə olacaq. Bütün fəallarımla telefonla danışıram. Onlar üçün də eynidir, hamı evdə oturub, qapını qıfıllayıb. Çıxa bilmirlər".

Bundan əvvəl cənab Museveni demişdi ki, bəzi adamların homoseksual doğulması barədə elmi tədqiqatın nəticələrindən sonra qanuna yenidən baxılacaq, amma görünür ki, o, fikrini dəyişib.

Uqandanın ən böyük maddi donorlarından biri olan ABŞ deyib ki, qanun qüvvəyə minsə, əlaqələr qəlizləşəcək.

Bu barədə daha geniş