Ukraynada sular bulanır

Luqansk Fotonun müəllifi BBC World Service
Image caption Moskva israrlıdır ki, şərqi Ukraynadakı rusiyapərəst qruplar kortəbiidir

Artıq neçə həftədir ki, Ukrayna rəsmiləri mümkün Rusiya işğalından narahatlığını ifadə edir. Qərb dövlətləri isə Moskvanın Ukrayna sərhədinə yaxın bölgələrdən öz qoşunlarını çəkməsini tələb edirlər.

Lakin vəziyyət gərginləşməyə başlayandan aydın olub ki, şərqi Ukraynada Rusiya tanklarının müdaxiləsi əvəzinə daha gizli və qeyri şəffaf proses baş verir.

Ölkənin şərqində binaları zəbt edən və barrikadalar quran qrupların əksəriyyəti yaxşı təşkilatlanmış və çox peşəkər görünürlər.

Hadisə yerindən xəbər verən jurnalistlər qeyd edir ki, proseslərə cəlb olunmuş insanlar adətən maskalı şəxslərdir və ya bənzəri formalar geyinir, əllərində isə hər zaman istifadə etməyə hazır olduqları silahlar var.

Hərdən onlar bir yerdə avtobuslarla hadisə yerinə gəlirlər. Bəzən isə onların tapşırıq aldığı nəzərə çarpır və sonra da ortalıqdan qeyb olurlar. Bir çoxunun isə rus dialekti ilə danışdığı hiss olunur.

Əlbəttə onların arasında narazı yerlilər də var. Lakin proseslərə rəhbərlik edən, ciddi gərginliyə sövq edən şəxslərin əsasən xüsusi təlim keçmiş şübhəli qüvvələr olduğu diqqət çəkir. Onların bilərəkdən iğtişaşlar yaratmaq üçün göndərildiyi və rəsmi Kiyevin nəzarət imkanlarını sınağa çəkdikləri hiss olunur.

Qarşılıqlı ittihamlar

Fotonun müəllifi BBC World Service

Təbii ki, Rusiya rəsmiləri baş verən hadisələrdə Moskvanın iştirakını təkzib edir və iddia edirlər ki, bu, yerli sakinlərin etiraz aktıdır və onlar yaşadıqları bölgənin Rusiya ilə yaxın münasibətlərini qorumağa çalışır, həmçinin Kiyevdəki qeyri-qanuni hesab etdikləri hakimiyyətdən narazıdırlar.

Qeyd edilir ki, son qiyamlar Moskvadan gələn sifariş əsasında baş verməyib, sadəcə olaraq yerli sakinlərin “ümidsizlikdən yaxa qurtarmaq” üçün etdikləri təşəbbüsdür.

Təəccüblü deyil ki, rusiyalı rəsmilər davamlı olaraq iddia edirdilər ki, “Rusiya qoşunlarının sərhədyanı bölgələrə göndərilməsi” ilə bağlı heç bir planları yoxdur.

Prezident Putin müharibəni başlatmaq üçün cavabdehliyi üzərinə götürmək istəmir.

Əvəzində, xarici işlər nazirinin də bazar günü qeyd etdiyi kimi, o, nizam-intizam yarada bilmədiyi və ya vətəndaşlarına qarşı silah işlətdiyi üçün Kiyev hökumətinin günahı boynuna almasını istəyir.

Bütün hallarda, Moskva qalib gəlməyə can atır və hesab edir ki, zəifləmiş Kiyev sonradan Moskvanın hər zamankı tələblərinə əməl etməyə məcbur olacaq: Ukraynanın şərqindəki sənaye rayonlarının mərkəzi hakimiyyətdən ayrılaraq Rusiya ilə daha sıx əlaqələr qurmasına imkan verəcək.

Seçkilər və sanskiyalar

Fotonun müəllifi BBC World Service
Image caption Donetskdə Rusiyanın təsirinə qarşı çıxmaq üçün kiyevpərəst yürüşlər keçirilib

Beləliklə, bu böhran hara aparır sualının cavabı əsasən növbəti bir neçə gün ərzində Ukraynanın şərqində baş verəcək proseslərdən asılıdır. Krımda baş vermiş hadisələrə nəzər salsaq, yaxın gələcəkdə hadisələrin necə cərəyan edəcəyini demək çətindir.

Aydın olan odur ki, Rusiya may ayının sonunda Ukraynada keçiriləcək prezident seçkilərinə mane olmağa çalışır, etibarlı seçkilərin nəticəsində bütün ölkəni idarə edə biləcək mandata malik prezidentin seçilməsindən narahatdır.

Ona görə də, seçkilərdən öncə vəziyyətin daha da gərginləşəcəyi gözlənilir, eyni zamanda seçkilərin boykot edilməsinə çağırışların olacağı da ağlabatandır.

Daha sonra isə, Rusiyaya qarşı daha çox sanksiyanın olacağı da şübhəsiz gündəlikdədir.

ABŞ artıq qeyd edib ki, aşkar Rusiya işğalı əvəzinə daha dumanlı və qarışıq müdaxilə olacağı təqdirdə bütün 28 Avropa İttifaqı (Aİ) ölkəsinin həmrəyliyi daha çətin olacaq.

Nəzəri olaraq, hazırkı gərginlik cümə axşamı Cenevrədə keçiriləcək diplomatik danışıqlar zamanı azala bilər.

Görüş zamanı ABŞ, AB, Ukrayna və Rusiyanın bir araya gətiriləcəyi gözlənilir.

Lakin Kiyevin şərqi Ukraynanın təhvil verilməsi ilə bağlı məsələyə yaxınlıq göstərməyəcəyi təqdirdə, Rusiya xarici işlər naziri Sergey Lavrov artıq görüşdə iştirak etməyəcəyinə işarə etmişdir.

Ümumiyyətlə Rusiya ilə Qərb arasında uçurumun yavaş-yavaş genişlənməsi diqqət çəkir.

Sanksiyalardan başqa, ayrı-ayrı fərdlər, şirkətlər və hökumətlər artıq bir-birindən ayrılmaq istiqamətində addımlar atırlar: gəlirlərin geri qaytarıması, sifarişlərin ləğv edilməsi, ikitərəfli əlaqələrin təxirə salınması və gələcəklə bağlı planlardan imtina edilməsi buna misal olar bilər. Proseslər çox qarışıqdır.

Bəzi Şərq-Qərb əməkdaşlıqları və əlaqələri isə təsirə məruz qalmayıb.

Lakin Ukraynada böhran dərinləşdikcə, iki tərəf arasındakı çat daha da genişlənir və nəticədə problemin həllini də çətinləşdirir.

Bu barədə daha geniş