Ukrayna: Petro Poroşenkonun and içmə mərasimi keçirilib

Fotonun müəllifi Reuters
Image caption Petro Poroşenko Mayın 25-də keçən erkən prezident seçkilərində qalib galib.

Kiyevdə keçirilən təntənəli mərasimdə Ukrayna dilində and içən sayca 5-ci prezident ölkənin şərqindəki Donbas əhalisinə rusça müraciət edib.

Prezident nitqində əminamanlıq, təhlükəsizlik və birliyə çağıran Petro Poroşenko ölkənin suverenliyi və vətəndaşların hüquqlarının təmin olunmasına səy göstərəcəyini bildirib.

And içmə mərasiminə xarici ölkələrin dövlət və hökumət rəhbərləri, beynəlxalq qurumların nümayəndələri, yüksək rütbəli diplomatlar qatılıb.

Azərbaycanı parlamentin sədri Oqtay Əsədov təmsil edib. Moskva tərəfindən isə inauqurusiyada Rusiyanın Ukraynadakı səfiri iştirak edib.

Ölkənin ən zəngin biznesmenlərindən olan 48 yaşlı Petro Poroşenko mayın 25-də keçən erkən prezident seçkilərində qalib galib.

İnauqurasiya nitqində Ukrayna prezidenti ölkənin şərqindəki vəziyyətə toxunaraq silahları yerə qoyanlara amnistiya vəd edib.

O, “rusiya müzdlularına” dəhliz verməyə və “banditlər yox dinc əhalilə danışmağa hazır” olduğunu vurğulayıb.

Ukrayna ərazi bütövlüyünün “müzakirə mövzusu olmadığını" deyən Petro Poroşenko Krımın Ukraynaya məxsus olduğunu deyib.

"Krım Ukraynanın olub, var və qalacaq!”.

Yeni prezident ölkəsinin Avropaya daxil olmasına çalışacağını deyib.

“Biz Avropaya qayıdırıq, Ukraynaya eşq olsun!”, - Petro Poroşenko nitqini bu sözlərlə yekunlaşdırıb.

Kiyevdəki inauqurasiyaya Ukraynanın şərqində davam edən münaqişə kölgə salıb.

Şənbə günü Donetsk və Mariupol şəhərləri yaxınlığında yeni toqquşmalar baş verib.

Kiyev ölkənin şərqindəki separatçı hərəkatı ilə Moskva arasında gizli əlaqənin olduğunu hesab edir. Rusiya bu ittihamları əsassız kimi rədd edir.

Bu barədə daha geniş