BMT: Ukraynada vəziyyət ağırlaşmağa doğru gedir

Rusiyanın təşəbbüsü ilə BMT-nin təcili iclası çağırılıb. Fotonun müəllifi AP
Image caption Rusiyanın təşəbbüsü ilə BMT-nin təcili iclası çağırılıb.

Birləşmiş Millətlər Təşkilatı hökümət qüvvələri və separatistlər arasında döyüşlərin davam etdiyi Şərqi Ukraynada humanitar məsələlərlə bağlı vəziyyətin ağırlaşdığı haqda xəbərdarlıq edib.

BMT-nin Təhlükəsizlik Şurasının Rusiyanın təşəbbüsü ilə Ukraynaya dair təcili çağırdığı iclasda təşkilatın humanitar işlərin koordinasiyası üzrə əməliyyatlar şöbəsinin rəhbəri John Ging deyib ki, siyasi qərarsız Ukraynanın şərqində daha çox insan təhlükəli vəziyyətə düşəcək və həlak olacaq.

O əlavə edib ki, iyulun əvvəlindən Şərqi Ukraynada münaqişəyə görə 58 min insan evlərini tərk etməyə məcbur olub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaly Churkin öz çıxışında deyib ki, Ukraynanın şərqində, xüsusilə Donetsk və Luqansk vilayətlərində humanitar vəziyyət "istənilən həyat standartlarına görə" fəlakətdir.

BMT-də Ukrayna səfirinin müavini Aleksandr Pavlichenko Ukraynada humanitar fəlakətlə bağlı səsləndirilən fikirləri qəbul etməsə də, Donetsk və Luqanskda vəziyyətin "ciddi" olduğunu etiraf edib.

"Ukrayna hakimiyyəti vəziyyəti nəzarət altında saxlayır və beynəlxalq həmkarlarla əməkdaşlığa açıqdır", Pavlichenko öz çıxışında deyib.

Vitaly Churkin xatırladıb ki, Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Donetsk və Luqanska humanitar yardım konvoyunu göndərməyi təklif edir.

"Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi və müşaiyəti ilə Donetsk və Luqanska, eləcə də Şərq rayonlarından daxili mühacirət edənlərin toplaşdığı Ukraynanın digər yaşayış məntəqələrinə konvoy göndərməyi təklif edirik", Churkin deyib.

Avqustun 4-də Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq humanitar missiyanı təşkil etmək çağırışı ilə BMT, ATƏT, Avropa Şurası və BQXK-ə müraciət edib.