Foley videosundan sonra ABŞ İraqı yenidən hədəfə alıb

James Foley Fotonun müəllifi AP
Image caption James Foley 2012-ci ildə Suriyada itkin düşüb

ABŞ təyyarələri şimali İraqdakı İslam Dövləti (İD) döyüşçülərinə qarşı yeni hücumlar həyata keçirib, baxmayaraq ki, cihadçı qrup bu yaxınlarda yaydığı videoda hücumlar davam etsə daha bir amerikalı əsiri öldürəcəyi barədə hədələr etmişdi.

ABŞ hərbi-dəniz qırıcıları və pilotsuz təyyarələri Mosul şəhərinin yaxınlığında İD-ə qarşı mübarizə aparan kürd və iraqlı qüvvələri göydən mühafizə edib.

Çərşənbə axşamı İD 2012-ci ildə itkin düşən jurnalist James Foley-nin başının kəsilməsini göstərən video yayıb.

Videoda döyüşçülər saxladıqları daha bir ABŞ müxbirini öldürməklə təhdid ediblər.

Amma video buraxılandan sonra Amerika qüvvələri İD döyüşçülərinin yenidən nəzarətə aldığı və mühüm strateji Mosul bəndinin yaxınlığında 14 yeni hücum həyata keçiriblər.

ABŞ İslam Dövlətinə qarşı hücumları avqustun 8-dən həyata keçirir.

Foley-ni xilasetmə cəhdi

Eyni zamanda ABŞ rəsmiləri deyib ki, məxfi ABŞ hərbi missiyası amerikalı müxbir James Foley və Susiyadakı digər amerikalı əsirləri azad etməyə çalışmışdı.

Fotonun müəllifi BBC World Service
Image caption Videoda James Foley-nin yanındakı silahlı ABŞ-ı İraqda hər gün İslam Dövlətinə hücum etməkdə ittiham edir

Çərşənbə günü verdiyi bəyanatında Pentagon deyib ki, ABŞ "Suriyadakı bir neçə amerikalı əsiri azad etmək üçün xilasetmə əməliyyatına cəhd etmişdi".

"Təəssüf ki, missiya uğursuz oldu, çünki əsirlər hədəfə alınmış məkanda deyildilər".

Bəyanatda əməliyyatın Foley-ni xilas etməyə cəhd olduğu bildirilməsə də, Obama administrasiyasının yüksək rütbəli rəsmiləri adlarının çəkilməməsi şərtilə bunu təsdiqləyib.

İD deyib ki, Foley ABŞ-ın İraqda İD döyüşçülərinə qarşı havadan hücumlarına qisas olaraq öldürülüb.

ABŞ prezidenti Barack Obama qətli "bütün dünyanın vicdanını sarsıdan bir zorakılıq" adlandırıb.

O, Suriya və İraqın böyük hissələrinə nəzarət edən İD döyüşçülərini "xərçəng xəstəliyi" ilə müqayisə edib, onun ideologiyasını "iflasa uğramış" adlandırıb.

Fotonun müəllifi BBC World Service
Image caption Foley-nin başının kəsilməsi Amerikada sarsıntı ilə qarşılanıb. "Ürəklərimiz və dualarımız Foley ailəsilədir", bu lövhədə yazılıb

BMT, Birləşmiş Krallıq və digərləri həmçinin videonun ikrah hissi doğurduğunu bildirib.

Cənab Foley-nin anası Diane deyib ki, o, "Suriya xalqının əzabını dünyaya göstərməyə çalışarkən qurban gedib".

Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists, CPJ) deyib ki, İslam Dövlətinin saxladığı bütün jurnalistlərə görə narahatlıq keçirir.

Təşkilat Suriyanı "müxbirlər üçün dünyada ən təhlükəli yer" kimi təsvir edib.

Video haqqında

"Amerikaya mesaj" adlı videoda James Foley narıncı geyimdə səhraya oxşar bir yerdə dizi üstə durub, onun yanında isə qara geyimli, silahlı bir kişi dayanıb.

Foley ailəsinə son sözlərini deyir və onu gözləyən ölümünü ABŞ-ın İraqdakı İslam Dövləti hədəflərini bombalaması ilə əlaqələndirir.

Məcburiyyət altında olduğu aydın görünən videoda o deyir: "Mən dostlarımı, ailəmi və yaxınlarımı əsl qatillərim olan ABŞ hökumətinə üsyan etməyə çağırıram. Çünki məni gözləyən yalnız onların laqeydliyi və cinayətkarlığı nəticəsində baş verir".

Bundan sonra ingilis vurğusu ilə danışan maskalanmış döyüşçü ABŞ hökumətinə xəbərdarlıq edir: "Siz daha qiyamçılara qarşı mübarizə aparmırsız. Biz islam ordusuyuq və dünyada bir çox müsəlmanın qəbul etdiyi dövlətik.

"Beləliklə, Obama, müsəlmanlara İslam xəlifəliyi ilə təhlükəsiz həyat sürməyə imkan verməmək üçün hər hansı cəhdin, sənin öz xalqının qırılması ilə nəticələnəcək".

Videonun sonunda amerikalı jurnalist Steven Sotloff kimi təqdim olunan daha bir dustaq göstərilir və deyilir ki, onun taleyi Prezident Barack Obamanın növbəti addımından asılıdır.

Cənab Sotloff bir il əvvəl Suriyada, Türkiyə sərhədinin yaxınlığında oğurlanıb.

Bu barədə daha geniş