"iCloud xidmətini sındıranlar" ulduzların çılpaq şəkillərini yayıb

Jennifer Lawrence Fotonun müəllifi Getty
Image caption Jennifer Lawrence-in agenti bildirib ki, onun işçi qrupu məsələ ilə bağlı ciyayət işi qaldıracaq

Güman edilir ki, hakerlərin etdiyi hücumdan sonra Jennifer Lawrence, Rihanna və Kim Kardashian kimi ulduzların çılpaq şəkilləri internetdə yayılıb.

Bəziləri fotoların saxta olduğunu bildirsə də, digərləri şəkillərin onlara məxsus olduğunu təsdiqləyib.

Əksəriyyəti qadınlardan ibarət olan siyahıda müğənni Avril Lavigne, model Cara Delevingne və aktrisa Kaley Cuoco da var.

İddia olunur ki, fotolar Apple şirkətinin iCloud kənar yaddaş xidmətinin sındırılması vasitəsilə əldə edilib. Apple hələ ki, bu iddialara münasibət bildirməyib.

Jennifer Lawrence-in agenti bildirib ki, onun işçi qrupu məsələ ilə bağlı ciyayət işi qaldıracaq.

"Bu, məxfiliyin biabırçı şəkildə pozulmasıdır. Rəhbər orqanlarla əlaqə yaradılıb və onlar Jennifer Lawrence-dan oğurlanmış fotoları yayan adamları məhkəməyə cəlb edəcəklər", aktrisanın sözçüsü BBC-nin Newsbeat proqramına bildirib.

Son "Məğlubedilməz" filmində çəkilən aktrisa Mary Elizabeth Winstead həmçinin fotoların onu göstərdiyini etiraf edib.

Fotonun müəllifi BBC World Service
Image caption Mary Elizabeth Winstead bəyan edib ki, Internetdə onu təhqir edən şəxslərə görə bir müddət internetdən "dincələcək"

"İllər öncə öz evimizdə, ərimlə çəkdiyimiz fotolara baxanlara üz tuturam: ümid edirəm ki, özünüzdən çox razısınız", o Twitter hesabında yazıb.

"Fotoları çoxdan sildiyimə görə təsəvvür edirəm onları əldə etmək üçün nə qədər iyrənc çətinlik çəkilib. Hakerlərin hücumuna məruz qalan hamıya görə ürəyim yanır".

Daha sonra Winstead bəyan edib ki, "trollara" görə bir müddət internetdən "dincələcək".

Müğənnilər Victoria Justice və Ariana Grande kimi bəzi ulduzlar isə deyiblər ki, fotolar onlara aid deyil.

Newsbeat Twitter-dən siyahıdakı ulduzların fotolarını paylaşan hesabların pozulub-pozulmayacağı barədə məlumat gözləyir.