İspaniya Baş naziri: Şotlandiya və Kataloniya referendumları Aİ-ə zərbədir

Rajoy Fotonun müəllifi Reuters
Image caption İspaniya Baş naziri Kataloniyada referendumun legitim olmayacağını bildirir.

Şotlandiyada və ya İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumları Avropa inteqrasiyasını zərbə altına alır, Baş nazir Mariano Rajoy xəbərdarlıq edib.

Onun təbirincə, belə proseslər Avropada daha çox iqtisadi tənəzzül və yoxsulluq şəraiti yaradır.

İspaniyanın Kataloniya bölgəsində müstəqilliik referendumunun noyabr ayında keçirilməsi gözlənilir.

Rajoyun sözlərinə görə, Şotlandiya müstəqilliyə səs verərsə, Aİ üzvlüyünə qəbul olunmaq üçün yenidən müstəqil üzv dövlət kimi müraciət etməli olacaq.

"Torpedo mərmisi"

Kataloniya bölgə parlamenti noyabr referendumuna yol açan qətnaməni səsverməyə bu gün çıxarmalıdır.

İspaniya höküməti Kataloniyanın müstəqilliyinin əleyhinədir.

Referendumun keçirilməsi üçün İspaniya konstitusiyasına görə mərkəzi hökümətin icazəsi tələb olunur.

Çərşənbə günü parlament qarşısında çıxış edən Baş nazir Rajoy Şotlandiya referendumuna bənzər referendumları "Avropa inteqrasiyasını hədəfə alan torpedo mərmisinə" bənzədib.

Kataloniya parlamenti referendumun keçirilməsinə icazə verən qanunu qəbul etsə, gözlənildiyinə görə, İspaniya Konstitusiya Məhkəməsi həmin referendumu "qanunsuz" elan edəcək.

Fotonun müəllifi AFP
Image caption Şotlandiya referendumu Kataloniyanın müstəqillik istəyini gücləndirib.

Kataloniya prezidenti Artur Mas bundan əvvəl referendumun noyabrın 9-da keçiriləcəyini vəd etmişdi.

Ötən həftə o, BBC-ə müsahibəsində Şotlandiyanın referenduma "hə" deyəcəyinə ümid bəslədiyini bildirib.

Onun qənaətincə, müstəqil Şotlandiya Aİ-ə qəbul ediləcək və bununla da Katalloniya müstəqilliyə nail olandan sonra eyni yolu gedə biləcəyini sübut etdirəcək.

Lakin İspaniyanın Baş naziri Rajoy deyib ki, Şotlandiya müstəqil olarsa Aİ-nın yeni üzvlərinə şamil edilən bütün mərhələlərdən keçməli olacaq.

Onun təbirincə, bu proses illərlə çəkə bilər və Aİ-ə qəbul olmaq üçün İttifaqın 28 üzvünün hər birinin razılığı olmalıdır.

Mr Rajoy bundan əvvəl Şotlandiyanın Aİ-ə qəbul olunmasını bloklaya biləcəyini bildirmişdi.

Kataloniya İspaniyanın ən inkişaf etmiş və zəngin bölgələrindən biridir.

Kataloniyanın müstəqillik istəyi İspaniyada iqtisadi böhran dərinləşəndən sonra güclənib.