İD böhranı: beynəlxalq qanunlar nə kimi qüvvənin tətbiqini nəzərdə tutur?

Fotonun müəllifi AP
Image caption İslam Dövləti İraq və Suriya ərazisində fəliyyət göstərir.

Suriya və İraqdakı İslam Dövlətinin möqvelərinə ABŞ və Ərəb ölkələri tərəfindən həyata keçirilən hava zərbələri beynəlxalq hüquqda bu kimi hərbi aksiyaların əsasları barədə suallar doğurub.

Suriya və İraqda İslam Dövlətinə qarşı əməliyyatların hüquqi dəyərləndirilməsi fərqlidir.

Bağdaddakı hökumət beynəlxalq qüvvələri İslam Dövlətinə qarşı vuruşmağa dəvət edib.

Konsitusiyaya əsasən İraq hökuməti güc yolu ilə ərazisinin əhəmiyyətli hissəsini nəzarət altına alan silahlı hərəkata qarşı hərbi qüvvədən istifadə edə bilər.

Hərçənd ki, irimiqyaslı üsyan nəticəsində əhəmiyyətli ərazi üzərində nəzarət itirilərsə hökumət xarici hərbi yardım hüququndan məhrum edilir.

Misal üçün ilin əvvəlində Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiya hərbi müdaxiləsinə çağırışının hüquqi qüvvəsi olmayıb. Belə ki, həmin çağırış üsyan nəticəsində Yanukoviçin dövləti təmsil etmək hüququnun itirilməsindən sonra səslənib.

Bənzər əsaslara görə Qərb ölkələri silahlı müxalifətlə münaqişənin yaşandığı bir vaxtda Suriya lideri Bəşər Əsədə hərbi yardımın davam etdirilməsinə görə Moskvanı tənqid ediblər.

Qərb ölkələri hərbi balansın mərkəzi hökumət xeyrinə dəyişməsində əsas rol oynamış İranın hərbi dəstəyini də tənqid ediblər.

Lakin bu İraqdakı vəziyyətdən fərqlidir.

İslam Dövləti hərbi kampaniya yolu ilə ölkənin bir hissəsini nəzarət altına alan dini hərəkatdır.

İddialara görə hərəkat hakim olduğu bölgələrdə nəzarəti əlində saxlamaq üçün əhalini qaçmağa məcbur edir, terror və arzuolunmaz şəxslərin qətllərinə əl atır.

Bu yaxınlarda İraq hökuməti sünni, şiə və kürdlərə hakimiyyətdə bütün təbəqələrin təmsil olunduğunu nümayiş etdirmək məqsədilə öz tərkibini yenidən dəyişdirib.

Fotonun müəllifi AFP
Image caption NATO İD ilə bağlı bəyanatında üzvlərinə qarşı həmlə təqdirində kollektiv özünümüdafiə haqqından istifadə edəcəyini bildirib.

İslam Dövlətinin hərbi uğurları İraq hökumətinin legitimliyini sual altına almayıb.

Əksinə, yeni hökumət, o cümlədən İD nəzarətində olan ərazilərdəki, əhalinin hüquqlarının qorunması ilə bağlı üzərinə düşən Konstitusiya öhdəliklərini yerinə yetirməlidir.

O, İslam Dövlətinə qarşı kampaniyasında istədiyi yardımı ala bilər.

Bağdaddakı hökumətin razılığı ilə yardım kürdlərin peşmərgə qüvvələrinə də göstərilə bilər. İndiyədək ölkənin şimalındakı kürdlər İslam Dövləti əleyhinə kampaniyada aparıcı rol oynayıblar.

Özünümüdafiə?

İD hədəflərinə qarşı Suriyadakı əməliyyatlar daha mürəkkəbdir.

Suriya hökuməti onlara rəsmi icazə verməyib.

Moskvanın dəstəyinə malik prezident Bəşər Əsəd bu kimi mümkün aksiyanın beynəlxalq qaydalara zidd olacağı ilə bağlı xəbərdarlıqla çıxış edib.

Britaniya da daxil olmaqla bir çox ölkə, müxalif Milli Koalisiyanı “Suriya xalqının legitim təmsilçisi” kimi görürlər . Hərçənd ki, Koalisiya Suriya hökuməti olaraq tanınmayıb.

Bu səbəbdən müxalifət qurumu Suriya ərazisində xarici müdaxiləyə icazə vermək səlahiyyətlərinə malik deyil.

İD-ə qarşı kampaniyada özünümüdafiə hüququ ciddi əsas kimi görünür. Bağdaddakı hökumət Suriyadakı İD infrastrukturunun məhvinədək öz ərazisindəki cıhadçılar əleyhinə addımların səmərəli olmadığını göstərə bilər.

Dəməşq qonşu ölkə əleyhinə öz ərazisindən həyata keçirilən hücumların qarşısını almaq iqtidarında deyil və yaxud da bunu etmək niyyəti yoxdur.

Belə bir təqdirdə İD-ə qarşı İraqın apardığı əməliyyatlar məkanı Suriya hökumətinin nəzarətindən kənar ərazilərə genişləndirə bilər.

Fotonun müəllifi AP
Image caption İD döyüşçüləri Suriyada geniş ərazilərə nəzarət edirlər.

Başqa bir tərəfdən özünümüdafiə hüququ ilə başqa ölkələr də faydalana bilər.

ABŞ və Britaniya İslam Dövlətinin onlar üçün də təhlükə təşkil etdiyini göstərə bilər.

Hərçənd ki, BMT Xartiyasının 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ yalnız konkret və qaçılmaz hərbi hücum təqdirində tətbiq edilə bilər və maddə potensial və mümkün hücumları nəzərdə tutmur.

9/11 hücumları qeyri-dövlət qurumlarının təsirinə görə “hərbi həmlə” kimi dədəyərləndirə biləcək zərbə endirməyə qadir olduğunu göstərib.

ABŞ qüvvələri İraqda özünümüdafiə hüququna əsaslanırlar.

Hərçənd ki, Suriya ərazisində ABŞ qüvvələri yoxdur. Bu baxımdan ABŞ və Britaniyaya qarşı İslam Dövlətindən irəli gələn hər-hansı labüd həmlənin mövcudluğunu göstərməkdə çətinlik yarana bilər.

Bu yaxınlarda girovluqda olan Qərb vətəndaşlarının İD tərəfindən qətli hiddət doğurub. Lakin fərdlər əleyhinə atılan bu kimi addımlar, onların amansılığına rəğmən, hadisənin baş verdiyi ölkəyə qarşı özünümüdafiə hüququnun tətbiqinə əsas vermir.

Belə bir fikir irəli sürülə bilər ki, İslam Dövləti nəzarət etdiyi ərazidən irimiqyaslı həmlələri həyata keçirməyə qadir olduğu üçün davamlı terror təhülkəsi təşkil edir.

Bu baxış özünümüdafiə anlayışının hüdudlarını genişləndirir.

5 sentyabrda NATO İD ilə bağlı bəyanatında üzvlərinə qarşı həmlə təqdirində kollektiv özünümüdafiə haqqından istifadə edəcəyini bildirib.

Humanitar müdaxilə

Nəhayət İslam Dövlətinə qarşı addımlar Suriyadakı vəziyyətlə əsaslandırıla bilər.

Suriya hökuməti əhalisini bəşəriyyətə qarşı cinayətlərdən qorumaq öhdəliyinə malikdir.

Aydındır ki, hazırkı durumda Dəməşq bu öhdəliyini yerinə yetirə bilmir.

Belə halda humanitar məqsədlərlə müdaxilə edilə bilər. Soyuq Müharibənin baş çatmasından bəri humanitar əsaslı müdaxilə 20-dən artıq halda həyata keçirilib. Hərçənd ki, bu kimi halların çoxunda hüquqi əsas olaraq BMT-nin humanitar mandatından istifadə olunub.

Suriyaya gəlincə Rusiyanın humanitar aksiyaya qarşı veto haqqından istifadə edəcəyi gözlənilir.

Birtərəfli humanitar aksiyanın legitimliyi dövlət və hüquqşünaslar dairələrində birmənalı qarşılanmır.

Hərçənd ki, insan və əhali hüquqlarının dövlətin abstrakt suverenlik hüququndan üstün tutulması ekstremal vəziyyətlərdə ölkə ilə razılaşdırılmamış şəkildə humanitar aksiyaya bəraət qazandıra bilər.

Marc Weller Beynəlxalq Hüquq üzrə Kembric Universitetinin professoru və Lautperpacht Beynəllxalq Hüquq Mərkəzinin direktorudur. O, noyabr ayında Oxford University Press nəşriyyatında çap ediləcək Beynəxalq Hüquqda Güc istifadəsi mövzusunda əl kitabçasının redaktorudur.

Bu barədə daha geniş