Rusiya təyyarələri NATO-nun sayıqlığını sınağa çəkir

Rusiya təyyarəsi Fotonun müəllifi BBC World Service
Image caption RAF Typhoon hərbi təyyarəsi Rusiyanın Tu-95 Bear bombardmançı təyyarəsinin qarşısını kəsməyə uçur, 16 sentyabr 2014.

Rusiyanın hərbi təyyarələri NATO-nun reaksiyasını yoxlamaq və ola bilsin, döyüş şəraitini imitasiya etmək məqsədilə Avropanın hava məkanında uçuşlarını artırıb.

Londondakı Royal United Services Institute araşdırma mərkəzindən Igor Sutyagin BBC-ə bildirib ki, Rusiya pilotları aviadispetçerlərlə kommunikasiyaya girmir, özlərini kobud aparırlar.

“Onlar döyüş əməliyyatlarına yaxın şəraitdə təlim keçirlər – deyir Sutyagin.

NATO bildirib ki, bu həftə ərzində belə “qəribə” uçuşların sayı artıb.

Şimal alyansı ilə Moskvanın münasibətləri Ukrayna böhranı ilə əlaqədar gərginləşib.

“Kreml zəif nöqtələr axtarır, - deyir cənab Sutyagin – bu poker oyunu kimidir. Onlar Qərbi qorxutmaq və xof yaratmaq üçün blef edirlər”.

NATO-nun çərşənbə günü yaydığı bəyanatda deyilir ki, alyansın təyyarələri son 48 saat ərzində 4-ü Şimal dənizi, 4-ü Qara dəniz üzərində olmaqla 8 Rusiya hərbi təyyarəsini aşkar ediblər. Bu müddət ərzində Baltik regionu üzərində 10 Rusiya təyyarəsi radara düşüb.

Xəbər verilir ki, bütün sözü gedən hallarda Rusiya təyyarələri beynəlxalq hava məkanında olublar. NATO bildirir ki, buna baxmayaraq, müttəfiqlərin hava məkanını qorumaq məqsədi ilə həmin təyyarələri izləyib.

NATO əlavə edib ki, Rusiya təyyarələri bir çox hallarda uçuş planlarını təqdim etmir, mülki aviasiya dispetçerləri ilə kommunikasiyadan imtina edirlər. Bu isə öz növbəsində mülki aviasiya üçün təhlükəli şərait yaradır.

29 oktyabr 2014-cü il, NATO-nun aşkar etdiyi Rusiya təyyarələri:

  • 1) Rusiyaya aid səkkiz təyyarə - dörd Tu-95 strateji bombardmançı təyyarəsi və dörd İl-78 yanacaq tankeri təyyarəsi oktyabrın 29-da Qrinviç vaxtı ilə 2:00-da Şimal dənizi üzərində aşkar edilib. İki bombardmançı təyyarə cənub-qərb istiqamətində uçuşu davam etdirərək Portuqaliya sahillərinə çatmış və oradan geri dönmüşlər.
  • 2) NATO-nun Baltika Hava Patrulu zamanı Baltik dənizi üzərində azı 7 Rusiya təyyarəsi aşkar olunub.
  • 3) Qara dəniz üzərində uçan 4 Rusiya hərbi təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən aşkarlanıb.

Baltikdə gərginlik

Cənab Sutyaginin fikrincə, NATO-nun sərhədləri yaxınlığında belə uçuşlar yeni bir hal deyil, lakin hazırkı intensivliyə və kommunikasiyanın yoxluğuna Rusiya siyasətinin kontekstində baxmaq lazımdır. Bu siyasət Qərblə əməkdaşlığa yox, qarşıdurmaya yönəlib”.

Baltika həm də beynəlxalq uçuşların sıx olduğu yerdir. Təhlilçinin fikrincə, belə məkanda pilotun kommunikasiyadan yayınması məsuliyyətsizlik kimi qəbul oluna bilər.

NATO Ukrayna böhranı ilə əlaqədar Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya üzərində hava patrulunu gücləndirib.

Kreml bu ölkələrin 2004-cü ildə NATO-ya qəbul edilməsinə dost olmayan hərəkət kimi baxır, çünki bu ölkələr vaxtilə Sovet İttifaqının bir hissəsi olublar və orada hələ də bir milyon nəfərə yaxın etnik rus yaşayır.

Fotonun müəllifi BBC World Service
Image caption Avropa hava məkanında Rusiyaya məxsus MiG-31 tipli təyyarələr qeydə alınıb.
Fotonun müəllifi BBC World Service
Image caption NATO xəttilə Litvanın hava məkanının keşiyini çəkmək üçün Britaniya 4 təyyarə ayırıb.

Polşa da elan edib ki, özünün Ukrayna ilə şərq sərhədi boyunca yerləşən hərbi bazalarına əlavə qüvvələr gətirəcək.

Qərb hökumətləri Rusiyanı Ukraynanın şərqində qiyam qaldırmış rusiyayönlü separatçıları dəstəkləməkdə və onları silahlandırmaqda günahlandırır.

NATO bildirib ki, bu il Rusiya təyyarələri 100 dəfədən artıq aşkar edilib. Bu, ötən illə müqayisədə üç dəfə çoxdur.

Belə söhbətlər də var ki, gərginlik Finlandiya və İsveçi NATO-ya qoşulmağa sövq edə bilər.

Rusiya son uçuşlarda yeni və köhnə təyyarələrdən istifadə edib. Bunların sırasına Soyuq Müharibədən qalmış Tu-95 “Ayı” bombardmançıları və MiG-31 qırıcıları daxildir.

NATO-nun şərti kodifikasiyasında “Bear” - “Ayı” adlandırılan Tu-95 təyyarələrini Soyuq Müharibə illərində Şimal dənizi üzərində tez-tez görmək mümkün idi.

Rusiya bombardmançıları ballistik raketlərlə silahlandırıla bilər, lakin Sutyaginin fikrincə, onlarda çox güman ki, içiboş təlim raketləri yerləşdirilib.

“Bu onlar üçün yaxşı təcrübədir – deyir Sutyagin – rəqibin reaksiyası necədir, kim havaya hansı sürətlə dırmanır, hardan uçur və aşkaretmə taktikası necədir?”

ABŞ hərbiyyəsindən fərqli olaraq Rusiyanın hərbi hava qüvvələri radara düşməyən “Stelth” tipli təyyarələrə malik deyil, lakin hazırda 6 belə təyyarə üzərində sınaqlar keçirilir – deyib təhlilçi.

Artikanın hərbiləşdirilməsi

Rusiya prezidenti Vladimir Putin Rusiyanın yeni böyük neft və qaz yataqlarını inkişaf etdirdiyi Arktika regionunda qoşun hissələrinin yerləşdiriləcəyini elan edib.

Yeni Sibir adalarında daimi dəniz bazaları yaradılır.

Bu region beynəlxalq diqqət mərkəzinə ona görə gəlib ki, Arktika dənizində buzların əriməsi Şimal dənizi marşrutunu daha naviqasiyalı edəcək və beləliklə, Çinə və Asiyanın başqa gur bazarlarına qısa yol yaranacaq.

Cənab Sutyagin deyir ki, Rusiyada Kanadanın xüsusi təlim görmüş Arktik Müdafiə Dəstəsinə bənzər birləşmə yoxdur.

“Rusiya Arktikasında 3400 kilometrlik məsafənin hava hücumundan müdafiəsində boşluq var, - deyir Sutyagin, - Hər hansı təxribat qrupu bu hissəyə gəmi ilə çıxa bilər. Məhz buna görə də Rusiya uzaq şimaldakı hərbi mövcudiyyətini gücləndirir”.