Majida Sarwar
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ana "cihadçı" oğluna verilən hökmü özünə "xəyanət" hesab edir

Oğlu "cihad etmək" üçün Suriyaya yollandıqdan sonra polislə əməkdaşlığa razılıq vermiş ana son nəticədə övladı barədə çıxarılmış uzun həbsxana hökmü ilə ona qarşı "xəyanət" edildiyi qənaətindədir.

Ötən cümə günü Yusuf Sərvər terrorçu hərəkətlərə hazırlıq görülməsi ittihamı ilə 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun anası Məcidə BBC-ə bildirib ki, belə bir hökm başqa müsəlmanları polisə kömək etməkdən çəkindirəcək.

Britaniyanın təhlükəsizlik naziri isə bildirib ki, bu hökm “açıq mesaj” göndərir.

"Bu iş hökumətin belə bir mesajını aydın şəkildə çatdırır ki, xaricdə terrorçu hərəkətlərə yol verən, onları planlaşdıran və dəstəkləyən şəxslər Birləşmiş Krallığa qayıtdıqdan sonra ədalətlə üzləşməli olacaqlar" – nazir James Brokenshire deyib.

Məyusluq

Ötən il xanım Sərvər oğlunun yazdığı məktubu aşkar etdikdən sonra onun Suriyaya "cihad etmək" üçün getdiyini başa düşüb. Oğlu Suriyada əl-Qaidaya bağlı bir qrupa qoşulubmuş.

Oğlu və onun uşaqlıq dostu Nahin Əhməd Birləşmiş Krallığa qayıdanda isə ana bu barədə polisə xəbər verib.

Lakin polis onu məyus edərək bildirib ki, oğlu Suriyaya yaxşı niyyətlə gedib.

Məcidə Sərvər BBC-ə bunları deyib: "Mən məktubdan xəbər tutan kimi polisə gedib onlarla əməkdaşlıq etdim, lakin polis mənə xəyanət edərək, məndən sui-istifadə etdi. İndi mən təklənmiş vəziyyətdəyəm".

"Əgər bilsəydim ki, onlar mənim oğlumu dəmir barmaqlıqlar arxasına salacaqlar, bu məktub barədə onlara bildirməzdim" – deyir ana.

"Zorakı ekstremizm"

Sözü gedən hər iki şəxs ötən iyul ayında Londonun Vuliç Kral Məhkəməsi qarşısında təqsirlərini etiraf edib.

Ötən cümə keçirilən məhkəmədə Sərvər və Əhməd barədə hökm çıxarmış hakim Michael Topolski hər iki şəxsi “zorakı ekstremizmə möhkməm bağlı” adamlar kimi təsvir edib.

Xanım Sərvər isə sual edir: “Belə ədalət olarmı? İndi başqa analar heç vaxt polisə kömək etməyəcəklər. Heç kəs öz oğlunu həbsxanaya saldırmayacaq”.

Lakin elə həmin gün başqa bir şəxs Maşdur Çoudri Suriyada terrorçu əməllər törətdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xanım Sərvər deyir ki, “oğlunun cəzası olduqca ağırdır və hökumət qanunları dəyişdirməlidir. Suriyadan qayıdan bəzi adamlara 4 il iş kəsilir, onun oğluna isə 13 il. Bu, çox ağır cəzadır”.

Lakin cənab Brokenshire məhkəmənin qərarından son dərəcə məmnun olduğunu bildirib.

“Hər hansı bir formada ekstremizmə bizim cəmiyyətimizdə yer olmamalıdır və biz ictimaiyyəti ayıq-sayıq olmağa, şübhələndikləri fəaliyyət və ya davranışlar barədə polisə xəbər verməyə həvəsləndirməliyik” – deyib nazir.