İslam Dövləti: Seks qulu olmuş yezidi qadınların yaralı hekayətləri

Image caption Hənnan başqa qadın və qızlarla yanaşı Sincar dağından zorla aparılıb.

İraqdakı yezidi azlığının icması bildirir ki, indinin özündə 3500 qadın və qız İslam Dövlətinin əsiridir və onların çoxundan seks qulları kimi istifadə edilir. Onlardan bəziləri əsirlikdən qaça biliblər və biz də onların yaralı hekayətlərini sizlərə təqdim edirik.

Avqust günlərindən birində Hənnan yuxudan ayılıb, ailəsinin tələm-tələsik yır-yığış etdiyini görüb. O çaşqınlııq içindəymiş: özlərini “İslam Dövləti” adlandıran cihadçıların bu qədər yaxında olduqlarına inana bilmirmiş.

Sincar şəhərinin əsas küçəsində basabas vardı. Onun ailəsi də “qaçan və ağlayan” və başlarının üstündən güllələr uçan başqa yezidilərə qoşulub.

O həyəcanından barmaqlarını sıxa-sıxa əhvalatını mənə danışdıqca, yağış çadırın damında “təbil” döyürdü.

“Hənnan” onun əsl adı deyil. Söhbət etdiyim keçmiş əsirlərin heç biri başqalarının onları tanımalarını istəmir. Hənnanın 18 yaşı var və o, tibb bacısı olmaq istəyir. İD az qala gələcəyini onun əlindən alacaqmış.

Hənnan deyir ki, cihadçılar Sincarin yollarını özlərinin yük maşınları ilə bağlamışdılar. Onu geriyə şəhərə qaytarıblar. Burada qadınları və qızları qalan sakinlərdən artıq ayırmışdılar.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

“20 nəfər olardılar. Uzun saqqallı, əli silahlı. Onlar deyirdilər: “Mosula gedirsiniz”. Mən etiraz etdim, lakin onlar bizi döydülər və maşınlarına basdılar” – Hənnan deyir.

Onu başqa qadınlarla birlikdə idman zalına gətiriblər. Bundan bir -iki həftə sonra isə toy zalına. Orada 200-dək qız-qadın varmış. Bura qul bazarı imiş. İD döyüşçüləri gəlib istədiklərini seçə bilərdilər.

“Biz onların üzünə baxmağa cəsarət etmirdik. Çox qorxmuşduq. Sonra bir qız ondan seks qulu kimi istifadə olunduqdan sonra qayıdıb gəldi və hər şeyi bizə danışdı. Ondan sonra İD kiminsə qayıtmasına imkan vermədi” – deyir Hənnan.

“Onlar bizi qorxutmaq üçün atəş açırdılar. Kimi istəsələr, zorla aparırdılar. Biz həmişə ağlayırdıq. Özümüzü öldürmək istəyirdik, amma bunun üçün vasitə tapa bilmirdik”.

Lakin Hənnan əlavə edir ki, qızlardan biri özünü öldürə bilib.

“O damarlarını kəsdi. Onlar imkan vermədilər ki, qıza kömək edək. Bizi bir otağa salıb qapını arxadan bağladılar. Qız öldü. Onlar deyirdilər: “Eybi yoxdur, meyitini götürüb bir tərəfə atarıq”.

Qaçış pəncərəsi

Orada əcnəbi döyüşçülər vardı, amma çoxu yerli sünnilər idi. Hənnan kişilərdən birini tanıyıb. Onun Sincarda mobil telefon dükanı var imiş. O Yezidi dinini hamıdan çox lağa qoyurdu.

“Onlar deyirdilər ki, “yezidilər kafirdirlər. İndi isə siz müsəlman kimi yaşayacaqsınız”. Onlar qızların çoxunu seks üçün aparırdılar. Bizə deyirdilər: “Keçmiş həyatınızı artıq unudun”.

Daim hərəkətdə idilər. Bir dəfə uzaqdan öz həmyerliləri olan kişiləri də görüblər. Onların “qeyri-İslami” bığlarını qırxdırmışdılar.

“Bizim kişilərimiz ailələrini xilas etmək üçün gündə beş dəfə namaz qılırdılar, - deyir Hənnan, - İD bizə deyirdi: “İslamı qəbul etməsəniz, hamınız öldürüləcəksiniz”.

“Gənc qızları birinci götürürdülər” – deyir.

Onları çox vaxt İD-nin Suriyadakı paytaxtı Raqqaya göndərirdilər. Nəhayət göndərilmək üçün onun da növbəsi çatmışdı.

“Onlar bizə dedilər: Əvvəlcə sizi ailənizin yanına aparacağıq. Siz onları həyatınızda sonuncu dəfə görəcəksiniz”.

“Biz elə hey ağlayırdıq. Üzümüzü əlimizlə örtüb göz yaşları tökürdük. Biz İD döyüşçülərindən soruşurduq ki, niyə belə edirlər? Onlarsa bizi ağacla döyürdülər”.

Onları ailələri ilə görüşə aparmayıblar. Belə görünür ki, yolüstü bir evdə saxlayıblar. Bir otaqda səkkiz qız olub. Bəzilərini bayıra aparıb başlarına oyun açır və geri gətirirmişlər. Bayırda silahlı keşikçilər varmış. Heç yerə qaçmaq mümkün deyilmiş.

Lakin otağın plastmas pəncərəsi olub və qızlar nəhayət bir gecə onu aça biliblər.

“Bir-bir pəncərədən çıxdıq. Mən beşinci idim. Pəncərənin altında əmim qızını gözləyirdim. Amma gördüm ki, mənə sarı bir işıq gəlir. Daha gözləyə bilməzdim. Çəpərdən tullandım. Biz elə hey qaçırdıq. Başqalarına kömək edə bilməzdik” – deyir qız.

Qəpik-quruşa satılanlar

Image caption İD hücumlarından sonra bir çox yezidilər qaçqın düşərgələrində yaşayır.

Başqa bir çadırda mən Raqqa şəhərinə gedib çıxmış “Xama” ilə tanış oluram. O qaça bilməyib, lakin ailəsi 3000 min dollar girovpulu ödədikdən sonra azad edilib.

Onun 30 yaşı var və cariyə kimi satıldığı günü sarsıntı və xəcalətlə xatırlayır. Onun üçün nə qədər pul ödəndiyi də yadındadır.

“Onlar bizi satışa çıxardılar. Döyüşçülər almaq üçün dəstə-dəstə gəlirdilər. Biz yata da bilmirdik, çünki alıcılar bütün sutka ərzində gəlib-gedirdilər” – deyə az qala pıçıltı ilə danışır.

“Bəzən qızları döyülmüş və ya xəsarət almış vəziyyətdə geri gətirirdilər. Amma onları özlərinə gələn kimi yenidən satırdılar. Axırda bütün qızları satıb qurtardılar. Qadınlara növbə lap sonda çatdı”.

“Nə qədər ağlasaq da, yalvarsaq da, veclərinə deyildi. İslam Dövlətinin bir şeyxi bizim üçün pul aldı. Çox deyildi. Döyüşçü bizə 15 min İraq dinarı göstərdi (13 dollar). “Sizin qiymətiniz budur” dedi.

Onu və əmisi qızını cibində Qərb pasportu olan cihadçı alıb.

Onun evində artıq başqa 5 yezidi qadın və qız da var imiş. O evliymiş və arvadı da yanındaymış.

Amma buna baxmayaraq, zorla iki yezidi qadınla da evlənmək istəyirmiş. Xama kimi başqa qızlardan isə cariyə kimi istifadə edirmiş.

Xama deyir ki, arvadı bu vəziyyətdən razı olmasa da, çarəsiz imiş. Ona başqaları da irad tuturmuşlar.

“Onun bir şeyx qonşusu gəldi və ona dedi ki, sən bu qədər qadını burda saxlaya bilməzsən. Bağdadi hər evdə bir qadına icazə verib” – deyə nəql edir Xama.

Quldarlar üçün təlimat kitabçası

Image caption İD kitabçası qadınlara rəftar barədə təlimatı əks etdirir.

Belə görünür ki, İD qadınlardan qul kimi istifadə edilməsi üçün müəyyən qaydalar da qoyub.

İD-in tədqiqat və fətvalar şöbəsinin buraxdığı çox açıqca adı olan bir təlimat kitabçası var: “Əsirlərə və Qullara dair Suallar və Cavablar”.

Sənədin həqiqiliyinə şübhə etmək çətindir. Belə görünür ki, bunları Mosulda cümə namazından sonra paylayırlar.

Burada yazılıb ki, xristian, yəhudi və yezidi qadınları qul etməyə icazə verilir. Qadınları almaq, satmaq, hədiyyə etmək olar. Əgər sahib döyüşçü öldürülübsə, onun “mülkiyyətini” satışa çıxarırlar.

Sual və cavablardan ibarət təlimata aşağıdakılar daxildir:

Sual: Qadın əsiri ələ keçirən kimi, onunla cinsi əlaqəyə girmək olarmı? Cavab: Əgər o bakirədirsə, sahibi onu əsir alan kimi cinsi əlaqəyə girə bilər. Lakin bakirə deyilsə, hamilə olub-olmadığını öyrənmək lazımdır.

Sual: Yetkinlik yaşına çatmamış qul qızla cinsi əlaqəyə girmək olarmı? Cavab: Əgər o cinsi əlaqə üçün yararlıdırsa, yetkinlik yaşına çatmamış qızla cinsi əlaqəyə girmək olar. Əgər o cinsi əlaqə üçün yararlı deyilsə, onunla sadəcə əylənmək kifayətdir.

Bu çox iyrənc və qanqaraldan bir kitabçadır. Ənənəvi İslamla ziddiyyət təşkil edir, lakin Məhəmməd peyğəmbərə aid edilən hədislərin yaxşı araşdırılması əsasında yazılıb.

Belə bir fərziyyə də var ki, bu təlimat kitabçasını İD döyüşçülərini daha azğın davranışdan saxlamaq üçün hazırlayıblar. Məsələn, kitabçada deyilir ki, kişi öz arvadının köləsi və ya başqa bir kişinin köləsi ilə yata bilməz. Bu da deyilir ki, iki bacıya sahib olmaq olar, lakin onlarla eyni zamanda yatmaq olmaz.

Qurbanları alçaldırlar

İD döyüşçülərinin əhval-ruhiyyəsi indi artıq məşhurlaşmış videodan da görünür. Bu videoda bir qrup gənc səbirsizliklə qul bazarında növbəyə durublar.

Image caption İnternetdəki videoda İD döyşüçləri qadın qullarının əldə edilməsini müzakirə edirlər.

Təilmat kitabçası kimi videonun da mənbəyi internetdir, lakin tamamilə həqiqətə uyğun görünür.

Saqqallı döyüşçülər dişdaşaların və ya qısa əbaların üstündən geyindikləri zirehli jiletləri nümayiş etdirirlər. Şad və xürrəmdirlər. Onların söhbətindən bir nümunə:

“İnşaalah bu gün qul bazarıdır”.

“Hərə öz malını ala bilər”.

“Mənim yezidi qızım haradadır?”

“Öz qulunu sata bilərsən, istəsən hədiyyə də edə bilərsən…Öz malınla nə istəsən, edə bilərsən”.

“Satan varsa, mən alaram, qardaşlar”.

“Üç əskinas verirəm”.

“Mən bu qızı bir tapançaya alaram”.

“O gözləri mavi olan bahadır”.

“Dişlərini yaxşı yoxla”.

“Bir ələ iki qız verirsiniz?”

“Əbu Fəhd, sənin yezidin öldü” (kimsə hırıldayır).

“Ləğv etmək planı”

İraqın şimalında aldığımız müsahibələrdən belə başa düşdük ki, yezidi qadın dinini dəyişsə, onu zorla ərə verə bilərlər. Əgər dinlərini dəyişməsələr, onları döyüşçülər əldən-ələ ötürəcəklər.

“Canar”ın 20 yaşı var. O mənə deyir ki, orada 11 yaşlı bir qız uşağı da olub.

“Onu çox döyürdülər. Onu əvvəlcə bir döyüşçüyə verdilər, sonra Mosuldan gələn başqa birisinə. Axırda eşitdik ki, o, Mosulda özünü öldürüb”.

O çadırın döşəməsindəki üfürmə döşəyin üstündə bardaş qurub oturub. 14 yaşlı bacısı yanındadır. Başqa qohumları, qadınlar və kişilər narahat-narahat baxırlar.

“Ailəmizdən 9 nəfəri hələ də ordadır. Onlardan üçü qızdır” – deyir qardaşlardan biri.

Hamı sakitcə Canarın öz kiçik bacısını ən pis təhqirlərdən necə qoruya bildiyi barədə söhbətini dinləyir. Öz canı hesabına.

“Biz Mosulda olanda, onlar bizi bir-birimizdən çox ayırmaq istədilər – deyir – Amma biz razı olmurduq”.

Hənnan kimi bu qız da tibb bacısı olmaq istəyir. O İD adamlarından birini tanıya bilib.

“Bizi almaq üçün gələn adamı tanıdıq, - deyir, - Bir vaxtlar ustalıq edərdi. O bizim evimizə əvvəllər çox gəlib-gedib. İndi orda əmirdir”.

“Biz ondan xahiş etdik ki, bizi bir yerdə saxlasın, o da razılaşdı. O başqaları qədər pis deyildi. Amma elə o da pis idi. Əlimdə imkan olsa hamısını doğrayaram”.

Məni bu qızlarla tanış edən yezidi fəalı Xizer Domle İslam Dövlətini yezidilərin mədəniyyətini, dinini və qan irsini yox etmək cəhdində ittiham edir.

“Bunu lap əvvəldən planlaşdırıblar – deyir, - Bu onların strategiyasıdır”.

Deyir ki, sxem eynidir. Qadınları böyük bir zala yığıb müharibə qəniməti kimi bölüşdürürlər.

Əvvəlcə əcnəbi döyüşçülər seçirlər, sonra isə növbə yerli İD liderlərinə çatır.

“Yerli sünnilər ən pisidirlər. Vəhşidirlər. Onlar bir, iki, üç, dörd, beş qadın götürürlər – deyir cənab Domle, - Dünya bizim qız-qadınlarımızı eşitmir. Onları xilas edəcək hərbi əməliyyatı niyə keçirmirlər?”

Artan sübutlar

Image caption Yezidi bacılar bir-birlərindən ayrı düşməkdən imtina etdikləri barədə danışırlar.

Mən qadın və qızların əsir alındıqlarını ilk dəfə avqust ayında Sincar dağında olanda eşitdim. Bilmirdim eşitdiklərinə inanım, ya yox. Bu qara-qışqırıqla təbliğatın qarışığına oxşayırdı. Amma o vaxtdan bəri sübutlar çoxalıb.

Amnesty İnternational təşkilatının çərşənbə axşamı dərc olunacaq hesabatında onlarca qadının verdiyi daha ürəkağrıdan şəhadətlər var.

Lakin onlar bəzən insanlıq işartıları da görüblər. Bir döyüşçünün arvadı əsir yezidi qızlara “ana kimi” baxırmış. Bir cihadçı 13 yaşlı qıza və onun körpə bacısına acıdığı üçün onları satın alıb, sonra da xəlvətcə azad edib. Amma belələri nadir istisnalar olub.

Heç İD-nin özü də etdiklərini gizlətmir. Təlimat kitabçasından və videodan başqa buraxdıqları “Dəqib” məcmuəsində bütün olanları yazırlar:

“Əsir alındıqdan sonra yezidi qadınlar və uşaqlar şəriətə uyğun şəkildə sincar əməliyyatında iştirak etmiş döyüşçülər arasında bölüşdürülürdü…"

“Şeytan zehni zəifləri və cılız ürəkliləri azdırmamış yadında saxla ki, küffarın – kafirlərin əsir edilməsi və onların qadınlarından cariyə kimi istifadə olunması şəriətin təməl qanunlarındandır”.

Əsirlikdə olan qadınların və qızların sayı kimi göstərilən 3500 təxmini rəqəm deyil. Yezidi komitəsində itkinlərin hamısının adları var. Qayıdanlardan bəziləri hamilədirlər.

Yezidilər çox mühafizəkar icmadır. Çünki onlar bir xalq kimi məhv edilmək cəhdləri ilə üzləşiblər. Kütləvi qətliamlar və zorla dindən döndərilmələr barədə nə qədər dəqiq məlumatlar varsa da, qadınların başına gətirilənlər heç nə ilə müqayisəyə gəlməz.

İndiyədək 400-ə qədər qadın və qız əsirlikdən qaça bilib. Ara-sıra İraqın şimalında səpələnmiş çadırlara qorxmuş və əldən düşmüş qadınlar gəlir. Bunlar 21-ci əsr quldarlığının qurbanlarıdırlar.

Düşərgələrdəki adamlar sarsıntılı sükut içindədirlər. Onlar orada qoyub gəldiklərini gözləyirlər. Hərçənd onların xilas edilə biləcəyinə ümid olmadığını bilirlər.

Bu barədə daha geniş