Suriya münaqişəsi: son il ərzində "76 000 adam ölüb"

Suriya münaqişəsi Fotonun müəllifi AFP
Image caption Məlumata görə, 2014-cü ildə ölənlər arasında 3 500-dən çox uşaq da var

Suriyada dörd ildir ki, davam edən münaqişə ərzində ən çox ölüm halları 2014-cü ilə təsadüf edir, fəallar deyir. Məlumata görə, son il ərzində 76 000 adam öldürülüb.

Britaniyada yerləşən Suriya İnsan Haqları Rəsədxanası deyib ki, ölənlərdən 17 790 nəfər mülki şəxs olub, o cümlədən 3 501 uşaq.

Bu arada İraqdakı münaqişələr nəticəsində 2014-cü ildə 15 000 adam həlak olub. Bu, 2007-ci ildən bəri ölkədə ən ölümcül il sayılır.

Zorakılığın böyük hissəsi, hər iki ölkədə "İslam Dövləti" (İD) və digər döyüşçü qrupların etdiyi irəliləyişlər nəticəsində baş verib.

İD döyüşçülərinə qarşı ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən hava zərbələri, Suriyada hökumət qoşunları ilə üsyançılar arasında döyüşlər və İraqda təriqətlər arasında zorakılıq həmçinin ölümlərin sayını xeyli artırıb.

Hava zərbələri cümə axşamı da davam edib: Suriyada Rakka, Kobani və Deyr əl-Zor şəhərləri yaxınlığında 17 hədəf vurulub, İraqda isə Fəlluca, Mosul və Sincar şəhərləri yaxınlığnda 12 hədəf vurulub.

Bu arada Suriya prezidenti Bəşər əl-Əsəd yeni ili Dəməşqdə, Jobar qəsəbəsində cəbhə xəttindəki əsgərlərlə keçirib.

Fotonun müəllifi Reuters
Image caption Bəşər əl-Əsəd Facebook və Twitter səhifəsində yeni ili necə keçirdiyini göstərən fotolar yayıb

Suriya barədə rəqəmləri təsdiqləmək mümkün olmayıb, lakin Rəsədxana bildirir ki, statistika bütün ölkədən olan mənbələrdəndir.

İnsan haqları qrupuna əsasən 2014-cü ildə 76 021 adam həlak olub. 2013-cü ildə bu rəqəm 73 447 idi. Beləliklə 2011-ci ildə başlayan münaqişə nəticəsində ölənlərin sayı 200 000-i ötüb.