İraqda İslam Dövləti yaşlı yezidiləri azad edib

Fotonun müəllifi Reuters

İslam Dövləti (İD) silahlı qrupu şimali İraqda yezidi azlığı icmasının ən azı 200 üzvünü azad edib.

Əsasən yaşlı yezidilərdən ibarət olan qrup İD-in idarə etdiyi ərazidən çıxııb və Kərkük şəhəri yaxınlığında kürd rəsmiləri tərəfindən qəbul olunub.

Silahlıların bu qrupu nəyə görə azad etdiyi hələ ki, məlum deyil.

İD ötən il İraqdakı yezidi azlığı icmasına hücum edib, minlərlə adamı öldürüb və ya əsir götürüb.

Şənbə günü azad edilənlərin demək olar ki, hamısı ya qoca, ya da xəstə idi, Reuters agentliyi xəbər verir. Onlar arasında xəstə körpələr də vardı.

Fotonun müəllifi AFP
Fotonun müəllifi Reuters

Azad edilənlərin müalicə olunması üçün kürd Peşmərgə qüvvələri onları birbaşa tibb mərkəzinə aparıb.

Aparıcı yezidi fəal Khodr Domli həmin mərkəzdə idi. "Bəziləri yaralıdır, bəziləri əlildir və çoxu ruhi və ya psixoloji problemlərdən əziyyət çəkir", deyə Domli AFP agentliyinə bildirib.

"Bu kişi və qadınlar Mosulda saxlanılırdı", o əlavə edib.

Yezidi icması təxmin edir ki, hələ də 3000-dək qadın və uşaq əsir saxlanılır.

Bu barədə daha geniş