Spotify musiqi internet xidməti Rusiya bazarına girmək fikrindən daşınıb

Spotify Fotonun müəllifi Getty
Image caption Spotify Rusiya bazarına girməkdən vaz keçib

Spotify İsveç musiqi internet xidməti Rusiyada fəaliyyətə başlamaq planlarından imtina edərək, burada biznesini bağlayıb.

Şirkətin Rusiya şöbəsinin rəhbəri Aleksandr Kubaneişvili işdən azad edilib, bu barədə onun özü Rusiya mediasına məlumat verib.

TASS agentliyinə müsahibəsində o, bildirib ki, Spotify Rusiya bazarından bir neçə səbəbdən, o cümlədən, iqtisadi böhran və interneti tənzimləyən yeni qanunlara görə imtina edib.

Spotify İsveç musiqi portalı yaratmağa hazırlaşdığı rusdilli şöbəsi vasitəsilə Rusiya musiqi bazarına çıxışını bu ilin əvvəlinə nəzərdə tutmuşdu.

Şirkətin Rusiya nümayəndəliyi qeydiyyata 2014-cü ilin yanvarın 13-də alınmışdı.

Spotify – Sony Music, Universal Music və Warner Music kimi nəhənglərlə yanaşı digər musiqi-yazı studiyaların məhsuluna leqal çıxışı təmin edən internet musiqi xidmətidir.

Şirkətdə ümumilikdə min nəfərdən çox adam işləyir, şirkətin fəal istifadəçilərinin dünaya boyu sayı isə 60 milyonu aşıb.