ABŞ və Britaniya Sim kart şirkətindən şifrələri oğurlamaqda ittiham edilir

sim card Fotonun müəllifi BBC World Service
Image caption Oğurlanmış şifrə təhlükəsizlik orqanlarına imkan verib ki, mobil telefon və ötürücü qüllələr arasındakı məlumatı deşifrə etsinlər

ABŞ və Britaniya kəşfiyyat orqanları qanunsuz olaraq böyük Sim kart istehsalçısından şifrələri əldə edib və mobil telefonlarda gizli dinləmə quraşdırıb, ABŞ xəbər saytı yazır.

The Intercept saytı bildirib ki, məlumat keçmiş Amerika kəşfiyyat işçisi Edward Snowdendən gəlib.

Hədəfdə olan şirkət – Gemalto – bildirir ki, bütün iddiaları "çox ciddi" qarşılayır.

Gemalto şirkəti 85 ölkədə, o cümlədən Azərbaycanda fəaliyyət göstərir və 40-dan çox istehsal təsisatına malikdir.

The Intercept yazır ki, "böyük Sim soyğunçuluğu" ABŞ və Britaniya kəşfiyyat orqanlarına "dünyanın mobil əlaqələrinin böyük bir hissəsinə gizlin nəzarət etmək imkan verib".

Sayt bildirir ki, Niderlandda yerləşən şirkətin müştəriləri arasında AT&T, T-Mobile, Verizon, Sprint və "dünya boyunca xidmət göstərən 450 simsiz şəbəkə provayderi var".

Çox utandırıcı

The Intercept iddia edir ki, Britaniyanın GCHQ təhlükəsizlik xidməti və Amerikanın Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilmiş müdaxilə 2010-cu ildə baş tutub. Agentliklərdən heç biri iddialara cavab verməyib.

Fotonun müəllifi BBC World Service
Image caption İddia olunur ki, ABŞ və Britaniya casusları şirkətlərdən və ya xarici dövlətlərdən icazə almadan telefon zənglərini və yazışmaları gizlincə dinləyə bilirlər
Fotonun müəllifi BBC World Service
Image caption Ekspertlərin bildirdiyinə görə, iddia olunan müdaxilə dünya mobil telefon təhlükəsizliyi üçün böyük ləkədir

Oğurlanmış şifrə agentliklərə mobil telefon və ötürücü qüllələr arasındakı məlumatı deşifrə etmək imkanı verib. Onlar havadakı zəng, mətn və ya elektron məktubları ələdə edə biliblər.

"Biz bu məlumatı çox ciddi qəbul edirik və bütün imkanlarımızdan istifadə edəcəyik ki, Sim kartdakı məlumatı əldə etmək kimi mürəkkəb üsulu bütövlüklə araşdıraq və anlayaq", şirkətin sözçüsü Reuters xəbər agentliyinə bildirib.

Müxbirlərin bildirdiyinə görə, baş verənlər agentliklər üçün olduqca utandırıcıdır, çünki belə bir təəssürat yaranır ki, izləmə imkanlarını gücləndirmək üçün onlar hətta qanunlara tabe Qərb şirkətlərindən məlumatın oğurlanması da daxil olmaqla istənilən addımı atmağa hazırdılar.

Gemalto mobil telefonlar üçün Sim kartlar hazırlayır və provayderləri hər bir telefondakı məlumatı məxfi saxlamaq üçün şifrələnmiş kodlarla təmin edir.

The Intercept iddia edir ki, casus agentlikləri ilk öncə Gemalto əməkdaşlarını kiber-izləmə, sonra isə onnların emaillərinə daxil olmaqla minlərlə şifrəni əldə etməyi bacarıblar.

BBC-nin Vaşinqtondakı müxbiri Naomi Grimley bildiri ki, bu, onlara imkan verəcək ki, şirkətlərdən və ya xarici dövlətlərdən icazə almadan və heç bir iz buraxmadan telefon zənglərini və yazışmaları gizlincə izləsinlər.

The Intercept mənbə olaraq keçmiş ABŞ agenti, hazırda Rusiyada yaşayan Edward Snowden-dən ələdə edilmiş sənədləri göstərir.

Bu barədə daha geniş