Neft daha nə qədər belə ucuz olacaq?

  • Richard Anderson
  • BBC News Biznes müxbiri

Neftin qiymətlərini proqnozlaşdırmaq elə də əyləncəli bir iş deyil.

Çünki o qədər dəyişən faktorlar var ki, mənalı və qəti bir proqnoz vermək çətindir.

Bircə onu bilirik ki, neftin qiyməti ötən ilin yayından bəri 50 faiz aşağı düşüb. Bu, son 20 ildə ən uzun müddətli qiymət enişidir.

Niyəsi məlumdur: ABŞ-ın şist neftinin istehsalı çoxalıb və Liviya nefti bazarlara qayıdıb, təchizat artıb, Çin və Avropa iqtisadiyyatlarında yavaşıma tələbatı artırıb.

Bunun üstünə ABŞ dollarının güclənməsinin neft istehsalını bahalı etməsi və bununla da tələbatın daha da azalması gəlinərsə, neftin qiymətinin niyə aşağı düşməsi barədə izahlı reseptiniz hazırdı.

Bəs bundan sonra nə olacaq? Bunu demək çox çətindir.

ABŞ-da şist sənayesi elə çiçəklənir ki, yavaşımasından hələlik heç söhbət gedə bilməz. Qlobal iqtisadiyyatın gücü barədə artan narahatlıqlar da olduğu üçün, hazırda neft qiymətlərindəki enişin bir xeyli müddət davam edəcəyini deməyə əsas var.

Belə vaxtlarda adətən, Opec - əsas qlobal neft istehsalçılarının birliyi, istehsalı azaldar və bununla da neftin qiymətlərini sabitləşdirməyə çarə tapardı. Opec bunu əvvəllər çox edib, ona görə də, bazarlar gösləyirdi ki, Opec yenə də müdaxilə edəcək.

Amma bu dəfə etmədi. Ötən ilin sonunda Opec dedi ki, nəinki neft istehsalını bir günə 30 milyon bareldən aşağı salacaq, heç neftin qiyməti bir barelə 20 dollara qədər düşsə də, müdaxilə etmək fikri yoxdur.

Venesuela, İran və Əlcəzairdən bu qərara qəzəbli narazılıqlar gəldi. Amma Opec-in əsas ölkəsi - Səudiyyə Ərəbistanı birliyin üzvü olan digər ölkələrin durumunu vecinə almadı - onların çoxu üçün neftin qiymətinin bir barelə 100 dollar olması vacibdir ki, büdcələrini balanslı saxlaya bilsinlər. Amma 900 milyard dollarlıq neft ehtiyatı olan Səudiyyənin gözləmə oyunu oynamaq imkanı var.

Opec indi dünya neftinin 30 faizini təmin edir. 1970-ci illərdə bu rəqəm 50 faiz idi. 10 il əvvəl ABŞ şist nefti istehsalçıları bazarı bir günə 4 milyon barel neftlə doldurmağa başlayandan bəri, Opec neftinə tələbat azalıb.

Eyni zamanda Səudiyyə, rəqibləri çiçəkləndiyi bir vaxtda bazarda payını qurban verməyə hazır deyil. O yaxşı bilir ki, növbəti on ilin ən azı yarısını ən aşağı neft qiymətlərilə keçirə bilər. Ona görə də, indi çəkilib bir kənarda durub, Philip Whittaker, Boston Consulting qrupu direktorunun müavini deyir.

"Ciddi risklər"

Opec neftin qiymətini süni şəkildə qaldırmasa və qlobal iqtisadiyyatın artımı ləngiməyə davam etsə, çox güman ki, neftin qiyməti də gələn illər ərzində bir barel üçün 100 dollardan yuxarı qalxmayacaq.

Fyuçers - neft üzrə gələcək alış-veriş müqavilələri - bazarları göstərir ki, neftin qiyməti 2019-cu ilədək 70 dollara qalxacaq. Bəzi ekspertlər hesab edir ki, neftin qiyməti gələn il 40-80 dollar arasında olacaq.

Belə qiymətlərlə, bir çox nəhəng neft quyuları da sərfəsiz olur. Ən böyük risk altında olan quyular neft ehtiyatlarının çətinliklə əldə edildiyi quyulardır - məsələn, sualtı quyular kimi.

Məsələn, Arktika nefti, qiymətlər bir barel üçün 100 dollardan aşağı olduğu zaman çıxarmağa dəymir, Poyry Managing Consultants firmasının baş təhlilçisi deyir. Ona görə də, qütbdə neft qazıntıları çox güman ki, bir müddət təxirə salınacaq.

Şimal Dənizində neft istehsalı da ciddi risk altındadır. Yeni quyuların qazılması üçün neftin qiymətinin 70-80 dollar olması lazımdır. Platts agentliyinə müsahibəsində, Britaniya Neft və Qaz şirkətinin rəhbəri deyib ki, Şimal Dənizində neft istehsalı 20 faiz aşağı düşərsə, bu yalnız qazıntılarda iştirak edən şirkətlərə yox, bütövlükdə Şotlandiya iqtisadiyyatına balta çalacaq.

Dünyanın əsas neft istehsalçıları, 2014 (günə bir milyon barel)

ABŞ: 11.75

Rusiya: 10.93

Səudiyyə Ərəbistan: 9.53

Çin: 4.20

Kanada: 4.16

İraq: 3.33

İran: 2.81

Meksika: 2.78

BƏƏ: 2.75

Küveyt: 2.61

Mənbə: IEA

Böyük neft şirkətləri artıq bundan əziyyət çəkir və kəşfiyyat xərclərində on milyardlarla dollar ixtisar elan ediblər. Ancaq BP, Total və Şevron kimi şirkətlərin səhmləri keçən yaydan bəri 15 faiz aşağı düşsə də, onların aşağı neft qiymətlərinin davamlı dövrünü başa vurmaq üçün resursları var.

Dünyada bir çox kiçik neft qrupları var ki, onların gələcəyi daha qeyri müəyyəndir.

Ancaq əziyyət çəkənlər yalnız neft şirkətləri deyil, bərpa olun enerji sektoru da zərər görənlər arasındadır.

Yaxın Şərqdə və Mərkəzi və Cənubi Amerikanın bəzi hissələrində, neft elektrik enerjisi istehsalında bərpa olunan enerji sektoru ilə rəqabətdədir. Odur ki, xüsusilə də Günəş enerjisi ucuz neftin əlindən əziyyət çəkəcək.

Ancaq azalan neft qiymətləri bərpa olunan enerjinin birbaşa rəqibi olan qazın qiymətini də aşağı salır. Bunu kompensasiya etmək üçün isə subsidiyalar artırıla bilər.

Dərin təsirlər

Ucuz neft qiymətlərinin enerji sənayesi daxilində birbaşa təsiri geniş yayılan və dərindir: qiymətlər düşür, istehsal azalır, təchizat azalır, qiymətlər qalxır.

Real dəyişiklik isə hələ yoldadır. Getdikcə daha yaxşı başa düşülür ki, dünya qlobal istiləşmənin təhlükəli təsirlərindən qaçmaq istəyirsə, qazılaraq əldə edilən yanacaq torpağın altında qalmalıdır.

Havanı çirkləndirən karbonun qiymətinini artırmaq vaxt məsələsidir. Əgər bu, əhəmiyyətli bir qiymət olarsa, qlobal neft bazarlarına dərin təsir edə bilər.

Bundan başqa, ilk dəfədir ki, neft nəqliyyat sektorunda əsl rəqiblə üzləşir. Elektrik avtomobillər bəlkə də hazırda böyük bazar deyil, amma batereya texnologiyası inkişaf etdiyi üçün onlar əsas maşınlara çevrilə və bununla da neftə olan tələbatı kəskin azalda bilər.

Neft bazarı mühüm transformasiyadan keçir, ancaq daha fundamental dəyişiklər hələ üfüqdədir.