Putinlə şam etmək Ornella Muti üçün 30 min avroya başa gəlib

ornella_muti_and_vladimir_putin Fotonun müəllifi RIA Novosti
Image caption Ornella Muti və Vladimir Putin "Federasiya" xeyriyyə fondunun tədbirində

İtaliya məhkəməsi aktrisa Ornella Muti-ni tamaşanı buraxdığına görə Cuzeppe Verdi Teatrına 30 min avro məbləğində cərimə ödəməyə məcbur edib. Məlum olub ki, tamaşa günü, 2010-cu il 10 dekabrda, Muti Rusiyada Vladimir Putinin iştirakı ilə xeyriyyə naharında olub.

İtaliyanın şimalındakı Pordenone şəhər teatrından 25 min avro qonorar almış aktrisa səhhətinin pisləşməsi səbəbindən tamaşada iştirak edə bilməyəcəyini bildirib. Lakin Muti-nin təqdim etdiyi bərk soyuqdəymə haqqında arayışın saxta olduğu üzə çıxıb.

Məhkəmə işinə baxan hakim 59 yaşlı aktrisa barəsində 8 ay müddətinə həbs və 600 avro məbləğində cərimə qətimkan tədbiri seçib. Lakin, ANSA İtaliya agentliyinin məlumatına görə, Ornela Muti-yə həbs cəzasını çəkmək əvəzinə teatra 30 min avro cərimə ödəmək icazəsi verilib.

“İnadkarın ram edilməsi” və “Dəlicəsinə vurğun” kimi filmlərdə baş rolları ifa edən aktrisa 2010-cu ilin dekabrında Rusiyanın baş naziri Vladimir Putinin, eləcə də bir çox qərb aktyorları və məşhur adamların iştirakı ilə “Federasiya” xeyriyyə fondunun Sankt-Peterburqda keçirilən tədbirinə gedib.

Sonradan bəlli olub ki, uşaq onkoloji və oftalmoloji xəstəliklərlə mübarizəyə yardım məqsədilə nahar təşkil edən “Federasiya” fondunun adı xeyriyyə fondlarının heç bir siyahısında yoxdur.

Fondun nümayəndələri bəyan ediblər ki, Sankt-Peterburqda konsert zamanı ümumiyyətlə pul yığmayıblar, lakin müalicə müəssisələrinə hər hansı bir ünvanlı yardımdan danışılıb.

“Hər şey öz yerinə çatdırılırdı. Mənim artistlərim, mənim direktorlarım – hamısı pulsuz işləyib. Hər şey hospitallara aparılıb – Delon ilə, Depardieu ilə, Ornella Muti ilə və sair, artıq baldan sonra”, - “Federasiya” fondunun başçısı Vladimir Kiselyov “Dojd” telekanalına müsahibəsində deyib.