Qəzza Banksy-nin gözlərilə

Naməlum britaniyalı küçə sənətçisi Banksy diqqətini İsrail-Fələstin münaqişəsinə yönəldib. O, Qəzzadakı küçə sənəti nümunələrini və satirik mövzuda hazırlanmış filmi öz internet səhifəsində yerləşdirib.

Fotonun müəllifi banksy.co.uk
Image caption Qəzzada mərmi tələfatı

İki dəqiqəlik video, müharibədən dağılmış bölgə üçün istehzalı səyahət çarxıdır. Keçən avqus ayında İsrail və Fələstin hərbçiləri arasında baş vermiş yeddi həftəlik döyüşün ardından 2,200 insan - əksəriyyəti fələstinli - həlak olub.

Döyüş zamanı ərazinin əksər tikililəri və təxminən 18,000 ev də dağıdılıb.

"Bu il özünüzçün yeni səyahət yeri kəşf edin," film başlayır, "Qəzzaya Xoş Gəlmisiniz". Filmdə daha sonra Banksy Qəzzaya qeyri-qanuni tunel vasitəsilə daxil olur və uşaqların dağıntılar arasında oynadığı bir yerdə üzə çıxır.

Film cəlbedici reklam başlıqlarını təzadlı şəkildə təqdim edir - "Yerli sakinlər buranı çox sevdikləri üçün tərk etmirlər" qəzzalıların məşəqqətinə dair görüntülərlə - "Çünki onların buna icazəsi yoxdur" və İsrail qoşunlarının bölgəyə qarşı hücumları nümayiş etdirilir.

Fotonun müəllifi banksy.co.uk
Image caption Qəzzada Banksy küçə incəsənəti: uşaqlar müşahidə qülləsinin ətrafında yellənir

Saytda həmçinin, Qəzzada Banksy-ə məxsus müxtəlif incəsənət əsərlərinin şəkiləri nümayiş olunur.

Filmdə tamamilə dağıdılmış bir evin qapısında təsvir edilmiş ağlayan qadın portreti də göstərilir.

Digər bir əsərdə isə uşaqlar müşahidə qülləsinin ətrafında yellənir. "Qəzza tez-tez dünyanın ən böyük açıq hava həbsxanası kimi xarakterizə edilir, çünki heç kimin bura daxil olmasına və ya buradan çıxmasına icazə yoxdur. Lakin bu, həbsxanalara qarşı biraz ədalətsizlikdir - onların elektrik və suaları vaxtaşırı kəsilmir," sərlövhədə deyilir.

Fotonun müəllifi banksy.co.uk
Image caption Banksy bildirir ki, internetdə insanlar yalnız pişik şəkillərinə baxırlar

Üçüncü şəkildə, divarda təsvir edilmiş böyük bir pişik paslı dəmir qırıntıları ilə oynayır. Aşağısında isə Banksy izah edir ki, o, saytında Qəzzanın dağıntılarını təsvir edən şəkillər paylaşmaq istəyib - lakin internetdə insanlar yalnız pişik şəkillərinə baxırlar.

Filmin sonunda isə Banksy Qəzzaya səfər etməsinin səbəbinə dair siyasi bəyanat verir:

"Əgər biz güclü ilə gücsüz arasındakı münaqişədən kənarda durmaq istəyiriksə, onda güclünün yanında oluruq - neytral qalmırıq".

Fotonun müəllifi Banksy
Image caption "Əgər biz güclü ilə gücsüz arasındakı münaqişədən kənarda durmaq istəyiriksə, onda güclünün yanında oluruq - neytral qalmırıq"