Bamiyan Buddalarının partlayışına kömək etmiş peşman adam

Taliban komandirləri Mirzə Hüseynə doğma vilayəti Bamiyandakı Budda heykəllərinə partladıcıları yerləşdirməyi əmr edəndə onun 26 yaşı olub.

Qumdaşı qayalarında oyma ilə yaradılmış dünyanın ən hündür qədim Buddaları dağıdılarkən bütün planet şoka düşmüşdü. Bu vandalizm aktı sonradan İraqın mədəni irs yerlərini dağıdan İslam Dövləti döyüşçüləri üçün nümunəyə çevrildi.

Buddaların dağıdılmasından ötən 14 ildə Əfqanıstanda çox hadisələr baş verib, lakin bu hadisə Mirzə Hüseynin yaddaşına həmişəlik həkk olunub.

“Onlar əvvəlcə Buddaları tank və toplardan atəşə tutmağa başladılar – deyir o, - lakin bu kifayət etməyəndə heykəlləri məhv etmək üçün partladıcılardan istifadə etdilər”.

Dediyinə görə o, həmin vaxt Talibana əsir düşmüş başqa yerli kişilərlə birlikdə səfərbər edilmişdi. Cənab Hüseyn Bamiyan şəhərinin əksər sakinləri kimi şiə müsəlmandır və buna görə də sünni Talibanın nəzərində düşmən və hətta kafirdir.

Onlar dağlıq əyaləti 1999-cu ilin May ayında, uzun sürən döyüşlərdən sonra ələ almışdılar. Yerli sakinlər ya qaçıb canlarını qurtarmış, ya da əsir düşmüşdülər.

Payalara bağlanmış bombalar

Image caption Cənab Hüseyn hazırda Bamiyanda velosiped təmirçisidir.

"Mən 25 əsirin arasında idim, - deyir cənab Hüseyn, - şəhərdə mülki adam qalmamışdı. Hər yerdə Taliban döyüşçüləri idi. Bizi ona görə seçmişdilər ki, başqa bir adam qalmamışdı. Biz əsir idik və bizdən istədikləri kimi istifadə edə bilərdilər".

Bamiyanın nəhəng heykəllərə məkan olmuş şahanə qumdaşı qayalarından danışarkən, cənab Hüseyn deyir ki, Taliban dağıntını başa çatdırmaq üçün partladıcılardan və ağır silahlardan istifadə edib.

“Onlar partladıcıları yük maşınlarında gətirirdilər – deyir o, - sonra biz partladıcıları belimizdə heykəllərin yanına daşıyırdıq. Partladıcıları daşımaq üçün uzun payalardan istifadə edirdik”.

O deyir ki, 2001-ci ilin şaxtalı baharında işləyən əsirlər hər an ölümlərini gözləyirdilər. Onlar ya partlaya, ya da keşikçilər tərəfindən güllələnə bilərdilər.

Fotonun müəllifi AP AFP
Image caption Buddaların dağıdılmasının 25 gün davam etdiyi deyilir.

“Bir dəfə ayağı zədəli olduğundan partladıcıları daşıya bilməyən bir əsirin Taliban tərəfindən güllələnməsinin şahidi oldum” - deyir o. Cənab Hüseynin dediyinə görə, Buddaların ətrafında partladıcıların yerləşdirilməsinə üç gün sərf olunub. Bundan sonra partladıcılara bağlı fitillərin ucları yerli məsçidə çəkilib və bombalar “Allahu əkbər” çığırtıları altında buradan detonasiya edilib.

Bamiyan Buddaları

• Buddalar 6-cı əsrdə Bamiyanın müqəddəs buddist məkanı olduğu vaxtlarda yaradılıb • Eramızın 629-cu ilində Çin səyyahı Xuanzang Bamiyanı on minlərlə rahibi olan qaynar mərkəz kimi təsvir edib • İki ən məşhur heykəllərin hündürlüyü 55 və 37 metr idi • Heykəllər qumdaşı qayalarının içində oyulmuşdu • 2001-ci ildə büt kimi dağıdılıb

"Böyük partlayış baş verəndə Buddaların qarşısındakı məkan tamamilə oda və tüstüyə bürünmüşdü. Havadan barıt iyisi gəlirdi" – deyə yada salır Hüseyn.

O deyir ki, Taliban komandirləri nəinki Buddaları dağıtmaq, hətta bütün qayanı uçurmaq istəyirdilər, amma partlayış yalnız böyük Buddanın ayaqlarını partlatdı.

Taliban bayram edirdi

Amma bu uğursuzluğa və beynəlxalq tənqidlərə baxmayaraq Taliban zorakılıqlara davam edirdi. Cənab Hüseyn sabuna bənzəyən və əldə xəmir kimi əzilən partlayıcı maddəyə əlavə olaraq qətirilən bombaları xatırlayır.

"Bu andan sonra, Buddanı tamamilə dağıtmaq üçün onlar gündə iki – üç partlayış keçirirdilər" deyir o.

Fotonun müəllifi
Image caption Bamiyan Buddaları dağıdılması dünyanı şoka salmışdır.

"Biz dinamitləri yerləşdirmək üçün heykəlləri oyurduq. Lazımi alətlərimiz yox idi. Bütün prosesə 25 gün sərf olundu".

Adamlara azacıq düyü və çörək payı verilirmiş və cənab Hüseyn deyir ki, şaxtalı gecələri əynindəki paltarlar və nazik ədyalla keçirərmiş.

Heykəllər tamamilə dağıdılandan sonra Taliban bu hadisəni bayram edib.

"Onlar silahlardan göyə atəş açırdılar, rəqs edirdilər. Qurban kəsmək üçün 9 inək gətirmişdilər" – deyir Hüseyn.

"Başqa yolum yox idi"

Cənab Hüseyn hazırda Bamiyanda velosiped təmirçisidir. O deyir ki, indi şəhərdə özünü təhlükəsizlikdə hiss edir və ümid edir ki, hökumət və xarici donorlar Buddaların yenidən tikilməsinə kömək edəcəklər. Onların dağıdılmasındakı roluna görə isə indiyədək peşmançılıq çəkdiyini deyir:

"Mən bundan o vaxtdan peşman olmuşdum, indi də peşmanam və həmişə peşman olacağam, – deyir Mirzə Hüseyn. - Lakin mən əmrdən çıxa bilməzdim. Mənim başqa seçimim yox idi. Çünki onlar məni öldürə bilərdilər".

Image caption Mirzə Hüseyn Buddaların dağıdılmasında iştirakına görə peşmən olduğunu deyir.

Onun heykəllərin bərpa olunması barədə arzuları, ən azı yaxın gələcəkdə həyata keçməyəcək. Heykəllərdən heç olmasa birinin bərpa olunması və yaxud onların dağıntıya məruz qaldıqlarını göstərmək məqsədilə nəhəng oyuqların olduğu kimi boş saxlanması barədə debatlar illərdir ki, davam edir.

Hüseyn kimi yerlilər üçün regionun qədim abidələrinin mühafizəsi, təkcə Bamiyanın mədəni irsinin qorunması demək deyildir, bu həm də regionun yaşarı gələcəyi üçün turizmin gətirə biləcəyi sərvətin mühafizəsidir.