Hindistan: "imtahan fırıldağı"na görə valideynlər həbs olunub

Fotonun müəllifi AP

Hindistanın Bihar ştatında 300-dək adam məktəb imtihanlarında açıq fırıldaqla əlaqədar həbs edilib.

Şagirdlərin valideyn və dostlarının onların əvəzinə imtahan vermək üçün məktəbin divarlarına dırmaşmalarının fotoları çəkilib.

Həbs olunanların əksəriyyəti valideynlərdir. 750 şagird məktəbdən qovulub.

Təkcə Biharda 1,4 milyon şagird buraxılış imtahanları verir. Onların gələcək karyeralarının uğuru bu imtahanların nəticəsindən asılıdır.

Sosial mediada lağaqoyma

BBC müxbiri Jill McGivering bildirir ki, hakimiyyət orqanları son dərəcə pərt olublar, çünki bu hadisə onların sosial mediada lağa qoyulmasına səbəb olub.

Bu imtahanlarda şagirdlərin şparqalkalardan istifadə etməsi, test mərkəzlərinə nəzarət etmək üçün göndərilmiş polislərin isə rüşvət alması müşahidə olunub.

Həbslərdən əlavə dörd test mərkəzindəki imtahanlar ləğv edilib.

Bihar Ştatının rəhbəri Nitiş Kumar saxtakarlığı pisləyib, lakin əlavə edib ki, fotoşəkillər ştatda baş verənlərin “tam mənzərəsi”ni əks etdirmir.

O xəbərdarlıq edib ki, uşaqlarına saxtakarlıqda kömək edən valideynlər son nəticədə öz övladlarına pislik etmiş olurlar.

Ştatın təhsil naziri PK Şahi deyib ki, bu sayda uşağın testdən keçdiyi bir şəraitdə valideynlərin dəstəyi olmadan ədalətli imtahanların təşkili mümkün deyil.

“Əgər bircə şagirdə 3-4 nəfər kömək edirsə, bu o deməkdir ki, fırıldaqda 6-7 milyon adam iştirak edir” – deyib nazir.

“Hökumət belə nəhəng sayda adamın öhdəsindən gəlib 100 faiz azad və ədalətli olan imtahanları necə keçirə bilər?” – deyə sual edib rəsmi.