#BBCAzeriTrending: Pasxa öncəsi "oruc tutan" müsəlmanlar

#Muslims4Lent Fotonun müəllifi BBC World Service
Image caption "Mən Sasha-yam. Həmrəylik göstərmək üçün növbəti 40 gün ərzində Haagen Dazs [dondurması] yeməyəcəm" - #Muslims4Lent həştəqinə qoşulan müsəlmanlardan biri

Ramazan bayramına hələ iki ay qalsa da, bəzi müsəlmanlar sosial mediada "xristianlarla həmrəylik göstərmək üçün" oruc tutmağa başlayıb.

Parisdə Charlie Hebdo redaksiyasına edilən hücum kimi hadisələrdən sonra "ifratçı müsəlmanlar"la bağlı qorxular və gərginlik artıb. Beləliklə #Muslims4Lent ("Böyük Pəhriz edən Müsəlmanlar") həştəqindən istifadə edərək bəzi müsəlmanlar Pasxa öncəsi nədən imtina etdiklərini bölüşüb.

Böyük Pəhriz, xristianların Pasxaya qədər 40 gün ərzində tutduğu orucdur. Müasir dövrdə, bu 40 gün ərzində dindarlar qüsurlu və ya lazımsız saydıqları yemək və ya vərdişdən imtina edir.

"Dinlərarası dialoq"

Kampaniyaya start verən qrup deyir ki, bu təşəbbüs "müsəlmanları birləşdirmək və müsbət sosial fəallıq vasitəsilə qavrayışımızı dəyişmək" məqsədini daşıyır.

"Bu adamların - ömründə müsəlmanla rastlaşmayan insanların qarşısına çıxmağa fürsətimiz var", kampaniyanın yaradıcısı Bassel Riche deyir.

Onun sözlərinə görə, aksiyaya qoşulanlar dinlərarası dialoq yaratmaq istəyirlər: "Artıq neçə ildir ki, ekstremizmə qarşı aksiyalar keçirilir. İndi isə həmrəyliyin vaxtı gəlib: biz qorxulu deyilik, biz hamı kimi insanıq və bizim adımızdan zorakılıq törədənləri biz tamamilə rədd edirik".

Reaksiyalar

Aksiyaya qoşulan pakistanlı Britaniya vətəndaşı Zahid deyir ki, #Muslims4Lent kampaniyasına "xristian bacı və qardaşlarla həmrəylik göstərmək üçün" qoşulub.

Fotonun müəllifi BBC World Service
Image caption Zahid aksiyaya qoşularaq 40 gün çörək yeməyəcəyini vəd etmişdi

Zahid bəzi tanışlarının bu kampaniyaya mənfi, bəzilərinin müsbət yanaşdığını bildirir.

"Amma şadam ki, hamı ən azından dinlərarası dialoqu ideyasını dəstəkləyib".

Xristian Müsəlman Forumunun sabiq rəhbəri, fəal Julian Bond deyir ki, bu cür kampaniyanın "əsl vaxtıdır".

"Kampaniya çox vaxtı mediada İslam haqqında yaradılan [mənfi] obrazın o biri tərəfini göstərir", o qeyd edir.

Eyni zamanda Julian Boyd-un fikrincə, adamların qavrayışlarını dəyişmək, "mifləri və qorxuları" aradan qaldırmaq üçün hələ gediləsi uzun yol var.

Bu barədə daha geniş