Yəmən böhranı: Kim kimlə vuruşur?

yemen Fotonun müəllifi AFP

Yəmən öz tarixində ən sərt böhranlardan birinin məngənəsindədir. Rəqib qüvvələr ölkəyə nəzarət uğrunda bir-biri ilə döyüşürlər.

Yoxsul, lakin strateji Yəməndə hakimiyyət uğrunda çəkişmələr bütün region üçün ciddi nəticələrə, Qərb üçünsə təhlükəsizlik problemlərinə gətirib çıxara bilər.

Buna görə də bu münaqişədə aydınlaşdırılması mühüm olan bir neçə məqam var.

Kim kimə qarşı döyüşür?

Son aylarda Yəmən bir neçə müxtəlif qrup arasında münaqişəyə yuvarlanıb və bu, BMT-nin xüsusi müşavirinin fikrincə ölkəni vətəndaş müharibəsi həddinə gətirib.

Başlıca döyüş, qaçaq düşmüş prezident Əbdurrəbuh Mənsur Hadiyə sadiq qüvvələrlə şiəliyin Zeydi təriqətinə mənsub husi qiyamçıları arasındadır. Prezidenti ötən fevralda paytaxt Sanadan qaçmağa da onlar məcbur ediblər.

Fotonun müəllifi AP

Yəmənin təhlükəsizlik qüvvələri də loyallıq məsələsində parçalanıblar. Onların bəziləri cənab Hadini, digərləri isə husi qiyamçılarını və hələ də müəyyən nüfuza malik keçmiş prezident Əli Abdullah Salehi dəstəkləyirlər. Cənab Hadi həm də ölkənin sünni cənubunda Xalq Müqavimət Komitəsi kimi tanınan silahlı birləşmə və yerli tayfalar tərəfindən dəstəklənir.

Ərəb yarımadasının əl-Qaedası (AQAP) isə həm prezident Hadiyə, həm də husilərə qarşıdır. AQAP özünün cənubdakı və cənub-şərqdəki istehkamlarından bir sıra ölümcül hücumlar həyata keçirib.

Bu mənzərəni bir az da mürəkkəbləşdirən cihadçı İslam Dövləti təşkilatının burada 2014-cü ilin sonlarında zühur etmiş qoludur. Onlar AQAP-ı kölgədə qoymağa çalışırlar və 2015-ci ilin martında Sanada törədilmiş silsilə intiharçı bomba partlayışıları üçün məsuliyyəti öz üzərlərinə götürüblər.

Martın axırlarında qiyamçılar prezidentin ölkənin cənubundakı Ədəndə yerləşən istehkamına yaxınlaşanda Səudiyyə Ərəbistanı tərəfindən rəhbərlik edilən koalisiya cənab Hadinin xahişi ilə müdaxilə edərək husi qiyamçıları üzərinə havadan raket zərbələri endirməyə başlayıb. Bu koalisiyaya 5 Körfəz ölkəsi, İordaniya, Misir, Mərakeş və Sudan daxildir.

Yəməndə baş verənlər dünya üçün nə deməkdir?

Fotonun müəllifi BBC World Service

Yəməndə baş verənlər regional gərginliyi son dərəcə artıra bilər. Bu vəziyyət Qərbi də narahat edir, çünki qeyri-sabit ölkədən hücumlar qaynaqlana bilər.

Qərb kəşfiyyatı AQAP-ı texniki hazırlığına və qlobal əlaqələrinə görə əl-Qaedanın ən qorxulu qollarından biri sayır. ABŞ prezident Hadinin əməkdaşlığı ilə Yəməndə AQAP-a qarşı dron zərbələri də daxil olmaqla əməliyyatlar həyata keçirib. Lakin husilərin fəallaşması ilə ABŞ-ın kampaniyası dayandırılıb.

Husilərlə seçkili hökumət arasındakı münaqişəyə, həm də şiə İranı ilə, Yəmənlə uzun sərhəd xəttinə malik sünni Səudiyyə Ərəbistanın regional çəkişməsi kimi baxılır.

Körfəzin ərəb ölkələri İranı husiləri maliyyə və hərbi baxımdan dəstəkləməkdə ittiham edirlər və özləri prezident Hadini dəstəkləyirlər.

Yəmən ona görə stratejidir ki, o, Qırmızı dənizlə Ədən körfəzini birləşdirən ensiz Bab əl-Məndab boğazının üstündə yerləşir. Bu dar boğazdan isə qlobal neftin əksər daşımaları keçir. Misir və Səudiyyə Ərəbistanını narahat edən budur ki, husilərin üstünlük əldə etməsi boğazdan neft keçidi üçün əngəl yarada bilər.

Vəziyyət nəzarətdən necə çıxıb?

Fotonun müəllifi BBC World Service

Qısa nəql edilsə, husilər aylarla güclərini toparladıqdan sonra hakimiyyəti ələ keçirdilər. Ötən yanvarda qrup parlamentin buraxılacağını, yeni keçid məclisinin qurulacağını və iki il müddətində ölkəyə rəhbərlik edəcək 5 nəfərlik prezident şurasının yaradılacağını elan etdilər.

Əslində bu hərəkət Hadi prezident olandan bəri yaranmış siyasi vakumu doldurdu. Elə həmin ayın əvvəllərində husilər prezident Hadini ev dustağı edəndə və başqa aparıcı fiqurlar həbs olunanda baş nazir və kabinet istefa verdilər.

Buna baxmayaraq, husilər şiə azlığı olduqlarından onların bəyannaməsi sünni tayfaları və cənub liderləri tərəfindən rədd edildi. Beləliklə, Yəməndə daha böyük xaos təhlükəsi yarandı.

Yəmənin rəsmi prezidenti kimi tanınmaqda davam edən Hadi Ədənə qaça bildi və bu şəhəri de fakto paytaxt elan etdi.

Husilər kimdir?

Husilər həm də Ənsar Allah (Allahın döyüşçüləri) kimi tanınan qiyamçı qrupun üzvləridirlər. Onlar şiə İslamının Zeydilik təriqətinə aiddirlər. Zeydilər əhalinin üçdə birini təşkil edirlər və 1962-ci ilədək 1000 il müddətində Yəmənin şimalında imamlıq kimi tanınan sistemdə yaşayıblar.

Husilər öz adlarını 2004-cü ildə onların doğma Saada əyalətinin daha geniş muxtariyyəti üçün mübarizəsinə rəhbərlik etmiş Hüseyn Bədrəddin əl-Husidən götürüblər. Muxtariyyət hərəkatının məqsədi Zeydi təriqətini və mədəniyyət ənənələrini sünni İslamdan qorumaq məqsədi güdürdü.

Fotonun müəllifi AFP

2004-cü ilin sonlarında Husi Yəmən hərbçiləri tərəfindən öldürüldükdən sonra onun ailəsi hökumətə qarşı 5 üsyan qaldırmışdı. Nəhayət 2010-cu ilıdə husilərlə hökumət arasında atəşkəs sazişi imzalandı.

2011-ci ildə husilər prezident Salehə qarşı etirazlara qoşularaq və hakmiyyət boşluğundan fürsətlənərək Saada və qonşu Əmran əyalətlərində nəzarətlərində olan əraziləri genişləndirə bildilər.

Bundan sonra onlar prezident Hadi tərəfindən rəhbərlik edilən Milli Dialoq Konfransına qoşuldular. Bu konfrans 2014-cü ilin fevralında Yəmənin 6 regiondan ibarət federasiyaya çevrilməsi planını açıqlamışdı.

Lakin husilər onların ambisiyalarına tam cavab verməyən bu sövdələşmədən imtina etdilər.

Yəmən niyə bu qədər qeyri-sabitdir?

Fotonun müəllifi BBC World Service

Son illərdə Yəmən əsas etibarilə hakimiyyət və ölkənin sərvətlərinin ədalətsiz bölüşdürülməsi zəminində zorakı münaqişələr yaşayıb.

Ölkənin şimalında dövlətlə husilər arasında 6 dəfə münaqişə olub, cənubda narazılıqlar baş verib, AQAP tez-tez basqın edib və tayfa başçıları ilə hərbiyyə arasında hakimiyyət çəkişmələri olub.

Yəmən 20-ci əsrin çox hissəsini iki dövlətdən ibarət olub: şimalda Yəmən Ərəb Respublikası (YƏR) və cənubda Yəmən Xalq Demokratik Respublikası. 1990-cı ildə ölkənin iki hissəsi birləşərək Yəmən Respublikasını yaradıb. Lakin çox tezliklə cənublular Sanadakı hökumətin siyasi və iqtisadi hakimiyyəti tamamilə zəbt etməsindən gileylənməyə başlayıblar. Ölkənin vahidliyinə qarşı 1994-cü ildə baş vermiş vətəndaş müharibəsi Yəmən Respublikasını parçalaya bilməyib.

Sabitsizlik və adamların geniş miqyasda köçkün düşməsi, habelə zəif idarəçilik, korrupsiya, təbii sərvətlərin tükənməsi, yarıtmaz infrastruktur Yaxın Şərqin bu ən yoxsul ölkəsində iqtisadiyyatın inkişafına mane olub.

İşsizlik, ərzağın bahalığı və məhdud sosial xidmətlər 10 milyondan artıq yəmənlinin qidalanmadan korluq çəkməsinə səbəb olub.

Bu barədə daha geniş