Papa Francisin erməni "soyqırımı" iddiası Türkiyəni qəzəbləndirib

Fotonun müəllifi AP
Image caption Papanın Vatikanda çıxış etdiyi mərasimdə Ermənistan prezidenti iştirak edib.

Roma Papası Francis I Dünya Müharibəsi dövründə Osmanlı Türkiyəsində ermənilərin qətliamını təsvir edərkən "soyqırım" sözünü işlətdiyinə görə Türkiyə Vatikandakı səfirini geri çağırıb.

Vatikanın Türkiyədəki elçisi isə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumatlara görə, Türkiyə XİN-i Vatikan səfirinə Papanın şərhlərindən "məyusluq olduğunu" çatdırıb.

Səfirə eləcə də bildirilib ki, həmin şərhlər Türkiyə ilə Vatikan arasında "inamsızlıq probleminin" yaranmasına səbəb olub.

Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoglu tevitter səhifəsində qeyd edib ki, "tarixi və hüquqi gerçəkliklərdən uzaq olan Papanın bəyanatı qəbuledilməzdir".

"Dini rəsmilər əsasssız bəyanatlarla hiddət və nifrət yaratmamalıdılar", o, əlavə edib.

Roma Papası Vatikanda etdiyi çıxışında 100 il bundan əvvəl, Osmanlı hakimiyyəti dövründə, I Dünua Müharibəsi illərində baş vermiş ermənilərin qətliamından danışarkən "soyqırım" sözündən istifadə edib.

Ermənistanın və bir çox tarixçilərin iddiasına görə, 1915-ci ildə Osmanlı qüvvələri tərəfindən sistematik olaraq 1.5 milyon adam öldürülüb.

Roma Papasının çıxışı faciənin 100 illiyi münasibətilə müqəddəs Petr kilsəsində keçirilən tədbirdə edilib.

Papanın bəyanatı, güman edildiyinə görə, Türkiyəni qəzəbləndirə bilər, Türkiyə soyqırımın baş verdiyini mütəmadi olaraq təkzib edir.

Qarabağ münaqişəsi

Roma Papasının qatıldığı mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan iştirak edib.

Papa Francis həmçinin Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsində barışmaya səsləyib.

Erməni qətliamı ətrafında mübahisə Türkiyə ilə Ermənistan arasında münasibətləri gərginləşdirən amillərdəndir.

Qətliamla bağlı "soyqırım" sözünü Papa Francis ilk dəfə olaraq iki il bundan əvvəl işlədib. O zaman Türkiyədə Papanın sözləri şiddətli etirazlara səbəb olmuşdu.

Bazar günü Vatikanda keçirilmiş mərasimdə Roma Papası bəşəriyyətin "ötən əsrdə üç böyük və bərabəri olmayan faciələr yaşadığını" deyib.

Papa Francis 2001-ci ildə Roma Papası II John Paul-un bəyanatındakı sözləri işlədərək deyib: "'20-ci əsrin birinci soyqırımı' sayılan ilk faciəni erməni xalqı yaşayıb".