Yəmən münaqişəsi: Husi üsyançılar BMT silah embarqosunu pisləyirlər

Fotonun müəllifi Reuters
Image caption Husilər ölkə boyu sürətlə irəliləyiblər

Husi üsyançılar BMT Təhlükəsizlik Şurasının çərşənbə axşamı onlara və müttəfqilərinə qarşı qəbul edilmiş silah embarqosunu pisləyiblər.

Onlar, adlandırdıqları kimi, BMT-nin dəstəklədiyi “təcavüzə” qarşı etirazlara çağırıblar.

Husilər ölkə boyu sürətlə irəliləyiblər və onlara qarşı Səudiyyənin rəhbərliyi ilə koalisiyanın hava hücümları həyata keçirilib.

BMT bildirir ki, 26 martdan bəri ən azı 736 insan qətlə yetirilib və 2700 insan yaralanıb. Lakin rəsmilər hesab edir ki, ölənlərin əsl sayı daha çox ola bilər.

Husilərin Ali İnqilabi Komitəsi “yəmən xalqını cümə axşamı etiraza çağıraraq Təhlükəsizlik Şurasının təcavüzü dəstəkləyən qətnaməsini pisləməyə səsləyib”.

Səudiyyə Ərəbistanın BMT-dəki səfiri, Abdullah əl-Müalimi bildirib ki, qətnamə, hava hücumlarının “çox açıq təsdiqidir”.

Mümkün quru hücumları ilə bağlı suala cavab verən səfir xəbərdarlıq edib ki, hava hücumları husilərin hərbi fəallığına cavab olaraq həyata keçirilib və əgər husilər qətnaməyə əməl etməsələr, “onlar bu cür cavablarla üzləşməyə davam edəcəklər”.

Misir rəhbərliyi çərşənbə axşamı bildirib ki, Misir və Səudiyyə Ərəbistanı “böyük hərbi manevrlərin” həyata keçirilməsini müzakirə ediblər.

Keçmiş prezident hədəfdədir

Qətnamə üsyançıların rəhbəri Abdul Malik əl-Husi və digər iki rəhbər üsyançı, Abd əl-Xaliq əl-Husi və Abdullah Yəhya əl-Hakimi hədəf alıb.

Sanksiyalar həmçinin, keçmiş prezident Əli Abdullah Saleh və onun böyük oğlu Əhməd də daxil olmaqla əsas tərəfdarlara da aid edilir.

Embarqo həmçinin, “Yəməndə onların adından və ya sərəncamı ilə hərəkət edənlərə” tətbiq edilir – bütün üsyançı döyüşçülər və təhlükəszlik qüvvələrindəki Saleh tərəfdarlarına qarşı.

Qətnamədə tələb olunur ki, husilər paytaxt Səna da daxil olmaqla, zəbtə etdikləri ərazilərdən geri çəkilsinlər və 2011-ci ildə başlanmış demokratik keçidlə bağlı danışıqları davam etdirsinlər.

Qətnamə 14 səslə qəbul edilib. Bütün tərəflərə qarşı silah embarqosunun tətbiqini israr edən Rusiya isə bitərəf qalıb.

Bu barədə daha geniş