Cohar Tsarnayev məhkəmədə ilk dəfə ağlayıb

Cohar Tsarnayev Fotonun müəllifi AP
Image caption Cohar Tsarnayevin qohumları məhkəmədən ona rəhm edilməsini xahiş ediblər.

Bostonda bazar ertəsi günü məhkəmədə Cohar Tsarnayevin beş qohumu çıxış edib.

Boston marafonunda bomba partlayışına görə keçirilən məhkəmə prosesində müttəhim Cohar Tsarnayev onun qohumları şahid kimi çıxış edərkən ilk dəfə ağlayıb.

Tsarnayevin qohumları hakimlərdən onu edam etməməyi xahiş ediblər.

Məhkəmə iclasında şahid qismində çıxış edən Tsarnayevin bibisi Patimat Süleymanova ağlaya-ağlaya hakimlərdən Cohara rəhm edilməsini xahiş edib.

Onu sakitləşdirmək üçün məhkəmə iclasında fasilə elan olunub.

Bibisi danışarkən, Cohar Tsarnayevin özü də emosiyalarını saxlaya bilməyərək ağlayıb.

21 yaşlı çeçen gənci Cohar Tsarnayevin taleyi barədə son qərar hakimlər heyəti tərəfindən verilməlidir.

Tsarnayevin vəkilləri onun bomba partlayışında iştirakını etiraf edərək, hadisənin Coharın böyük qardaşı Tamerlan tərəfindən təşkil oldunduğunu vurğulayıblar.

Aprel ayında uzun çəkən müzakirələrdən sonra, hakimlər heyəti Cohar Tsarnayevi ittihamnamənin bütün 30 maddəsi üzrə təqsirkar bilib.

Boston məhkəmə binası qarşısında ölüm hökmü əleyhdarlarının aksiyası keçirilib.

Boston marafonunda 2013-cü ilin aprelində törədilmiş bomba partlayışı nəticəsində üç nəfər həlak olmuş, iki yüz altmış dörd nəfər yaralanmışdı.

Bu barədə daha geniş