Britaniya seçkiləri: Mühafizəkarlar parlament seçkilərində qalib gəldi

Mühafizəkarlar Partiyasının ümumi seçkilərdə inamlı qələbəsinin ardınca David Cameron Bukingem Sarayına baş çəkdikdən sonra Downing Street 10 ünvanındakı hökumət iqamətgahına qayıdıb.

Britaniya kraliçası ilə görüşdən sonra David Cameron heç kimlə koalisiyaya girmədən hökumət formalaşdıra biləcəyini elan edib.

Mühafizəkarlar İngiltərə və Uelsdə səs çoxluğu toplayıb və BBC-nin proqnozuna əsasən, 650 yerlik parlamentdə 331 yer qazanmağa nail olub.

Mühafizəkarların əsas rəqibləri - Leyboristlər ikinci yerdə gəlir. BBC-nin sifarişilə keçirilən exit-poll-un nəticəsinə görə, Partiya Şotlandiyada da SNP-ə (Şotlandiya Milli Partiyası) məğlub olub.

Leyboristlərin icmalar palatasında 232, son seçkilərdə Mühafizəkarlarla koalisiyaya girən Liberal Demokratların isə 8 yer qazandığı deyilir.

SNP-nin (Şotlandiya Milli Partiyası) 56 yer, Liberal Demokratların 8 yer, UKIP-in iki yer və Yaşıllarla digər partiyaların toplam 15 yer qazandığı bildirilir.

Fotonun müəllifi Reuters
Image caption Seçkilərdən əvvəl əsasən Mühafizəkarlarla Leyboristlər arasında kəskin rəqabətin olacağı proqnozlaşdırılırdı. Bu lövhədə "Yeni iş axtarışına kim düşəcək?" sualı verilir.

Ümumi seçkilərlə yanaşı 279 inzibati-ərazi vahidində bələdiyyə mandatı uğrunda səsvermə keçirilib. Eyni zamanda Londonda şəhər parlamenti ölkənin bir sıra şəhərlərində isə bələdiyyə rəisləri və ya merlər seçilib.

Seçki məğlubları istefa verdilər

Fotonun müəllifi AFP

Ana müxalifətin leyborist lideri Ed Miliband öz partiyasının parlament seçkilərindəki məyusedici məğlubiyyətinin ardınca istefasını elan edib.

Leyboristlər Şotlandiya Millətçi Partiyasının uğuru ilə ağır itkiyə məruz qalıblar və indi Mühafizəkarlar Partiyasının parlament çoxluğu əldə edəcəyi gözlənilir.

Cənab Miliband istefa çıxışında deyib ki, liderliyi “bir başqasının” ələ alması vaxtı çatıb.

O deyib ki, leyboristlər yeni lider seçənədək keçid başçı rolunu partiya sədrinin müavini Harriet Harman oynayacaq.

Ed Miliband elan edib ki, leyboristlər “işçi sinfi və Britaniya uğrunda mübarizəni” heç vaxt dayandırmayacaqlar.

Bununla belə, cənab Miliband parlament üzvlüyünə mandat qazanıb.

Eyni sözləri onun müavini Ed Balls haqqında demək olmur. Cənab Balls parlament mandatını mühafizəkar namizəd Andrea Jenkynsə cəmi 422 səs fərqi ilə uduzub.

Daha bir leyborist lider, müxalifətin kölgə xarici işlər naziri Douglas Aleksandr mandat uğrunda yarışda Şotlandiya Millətçi Partiyasından 20 yaşlı tələbəyə məğlub olub.

Britaniyanın hökumət koalisiyasına daxil Liberal Demokrat Partiyası da bu seçkidə ağır məğlubiyyətə uğradıqdan sonra onun lideri, baş nazirin müavini Nick Clegg istefasını elan edib.

Cənab Clegg Şeffild şəhərindəki seçki dairəsindən parlament üzvü seçilə bilsə də, onun partiyasının mandat sayı keçən seçkilərdəki 56-dan 8-ə enib.

Nick Clegg partiyasının ağır məğlubiyyəti üçün şəxsi məsuliyyətini etiraf edib.

Son illər Britaniyanın siyasi landşaftında xeyli populyar olmuş sağçı partiya UKİP-in lideri Nigel Farage da istefaya gedir.

O bu seçkidə deputat mandatı uğrunda yarışı mühafizəkar namizədə uduzub.

İndi ümumikdə UKİP-in yeni parlamentdə 1 millət vəkili olacaq.

Bu, UKİP-ə hakim Mühafizəkarlar Partiyasından qaçaq düşən Douglas Carswell-dir.

Azərbaycanlılar nə deyir?

Cümə axşamı - seçki günü azərbaycanlı sosial media istifadəçiləri seçki xəbərlərini şərh edib.

Elcin Yusifbəyli adlı istifadəçi BBC Azərbaycancanın Facebook səhifəsində yazıb: "Orada heç seçkinin ləzzəti yoxdur! Məsələn muəllimələr dəstə-dəstə gedib 3-5 seçki məntəgəsində səs vermirlər ... Bunsuz Seçkilərin heç mənasıda yoxdur inanın". Altay Mehrangil həmçinin Facebook-da BBC Azərbaycancanın seçkilər haqqında sualını cavablayaraq yazıb: "David Cameron'un nüfuzu Ed Miliband'dan xeyli artıqdı. Keçən seçkidə liberal demokratlarla koalisiya hökuməti qurmuşdu Cameron. Britaniyalıların hazırkı hökumətə qarşı tərəddüdləri yaranıbsa bunun səbəbi liberal demokratların lideri Nick Clegg'di. Adam ötən seçkidən qabaq verdiyi heç bir sözü tutmayıb demək olar ki. Britaniyalılar da bunu nəzərə almış olar yəqin seçkidə. Nəticələr demək olar ki, bəllidir. Cameron yenə baş nazirliyə doğru gedir. Qalır kiminlə koalisiya qurmağı. SNP və UKIP ilə koalisiya qura bilməyəcək onsuz da.Qalır Yaşıllar və Birlik partiyası. Görək nə olur".

Britaniya vətəndaşı olmadığım üçün səs vermə hüququna sahib olmayan, lakin Mançester şəhərində yaşayan azərbaycanlı @phajiyev Twitterdə BBC Azərbaycancaya yazıb ki, Leyboristlər partiyasının qalb gəlməsini istərdi. "Ed Miliband istərdim qalib gəlsin. David Cameron qalib olacaq məncə".

@TeraneSafarova isə tvitləyib: "Britaniyada seçkilər necə də maraqlı keçirildi. Qalibin adını öncədən bilməyəndə seçkinin də anlamı olur".

Konul Karimova adlı istifadəçi britaniyalıların "siyasi qeyri-müəyyənlik şəraitində" səs verməsini BBC Azərbaycancanın Facebook səhifəsində belə şərh edib: "Bu onu göstərir ki, onlarda məntiqi iradəedici kişi qıtlığı deyil bizdəki kimi, müxalifətdi iqtidardı eyni adamlardı 20 ildən artıqdır".

Bu barədə daha geniş