Kann festivalında dikdaban mübahisəsi

Fotonun müəllifi Reuters
Image caption Festivala dəvət alan bəzi qadın qonaqlar tədbirə buraxlmadıqlarını bildiriblər.

Festival isə qonaq qadınlardan mütləq dikdaban ayaqqabıda gəlməyin tələb olunmadığını iddia edir.

Sol ayağının pəncəsinin bir hissəsi kəsilmiş film prodüseri Valeria Richter hündür daban ayaqqabı geymədiyinə görə, Kann kino festivalı nəzarətçiləri tərəfindən saxlandığını bildirib.

Sənətçinin BBC-ə bildirdiyinə görə, festival rəsmiləri onun ayaqqabısına işarə edərək deyiblər: "Yox, siz bunda içəriyə keçə bilməyəcəksiniz".

Lakin son nəticədə Valeria Richter içəriyə buraxılıb.

Kann festivalı yastı daban ayaqqabıda festivala gələn qadınları içəriyə buraxmamaqda ittiham olunub.

Festival təşkilatçıları hündür daban ayyaqabının rəsmi geyim kodunda tələb olunduğunu inkar edir.

Festival sözçüsü nəzarətçilərin bundan xəbərdar olduğunu deyib.

Lakin festivala dəvət alan bəzi qadın qonaqlar tədbirə buraxılmadıqlarını bildiriblər.

İçəriyə keçə bilməyənlər arasında Amy Winehouse barədə sənədli filmin müəllifi Asif Kapadianın həyat yoldaşı da olub.

Sənətçinin sözlərinə görə, onun arvadı festival nəzarətçiləri tərəfindən saxlanılmışdı, lakin son nəticədə içəriyə keçməsinə icazə verilmişdi.

Valeria Richter BBC-ə deyib ki, o, "hüdür daban ayaqqabıda müvazinətini saxlaya bilmir", çünki onun ayağının baş barmağı və pəncəsinin sol hissəsi amputasiya olunub.

Önun təbirincə, şənbə günü festivalda yeni film premyerasına yollanarkən nəzarətçilər tərəfindən dörd dəfə saxlanılıb.

"Onların barmaq işarələrindən aydın idi ki mənim ayaqqabımı nəzərdə tuturlar", Valeria Richter BBC-ə deyib. - "Mən onlara ayağımın nə vəziyyətdə olduğunu göstərə bilərdim".

Son nəticədə Valeria Richter festivala keçə bilib, lakin onun sözlərinə görə, "hündür daban ayaqqabı taxmayan bəzi həmkarları tədbirə buraxılmayıb və içəri keçə bilməyiblər".

Festival direktoru Thierry Fremaux isə hündür daban ayaqqabı barədə "şayiələrin əsassız" olduğunu yazıb.

O, Twitter səhifəsində festivalın geyim qaydalarında heç bir düzəliş və ya dəyişiklik edilmədiyini bildirib.