Şokolad yeyənlərdə "aşağı" ürək-damar xəstəliyi riski

Fotonun müəllifi THINKSTOCK
Image caption Şokolad yeməklə ürək xəstəliyi riskinin azalması arasında əlaqə ola bilər.

Gündə 100 qramadək şokolad yeyənlərdə ürək-damar xəstəliyi riskinin aşağı olduğu qeydə alınıb.

Şotlandiyanın Aberdin universiteti ekspertləri bu nəticəyə 12 il ərzində 25000 minədək adamın pəhrizini nəzərdən keçirərək gəliblər.

Elmi-tibbi təcrübədə iştirak edənlər ortayaşlı və yaşlı nəslin nümayəndələri olub.

Tədqiqatçıların gəldiyi nəticəyə əsasən, şokolad yeməyənlərlə müqayisədə gündə 100 qramadək şokolad yeyən insanlarda ürək-damar xəstəliklərinin yaranması riski 11 faiz, infarkt riski isə 23 faiz daha aşağı olub. Şokolad yeyənlərdə eləcə də, ürək damar xəstəliklərdindən ölüm halları şokolad yeməyənlərə nisbətən 9 faiz az olub.

Britaniyanın "Heart" tibbi jurnalında dərc edilmiş məqaləyə əsasən, müşahidələr 12 il ərzində 25000 kişi və qadının pəhrizinin onların sağlamlığına necə təsir etməsi prizmasından aparılıb.

Müəlliflərin qeyd etdiyinə görə, tədqiqatda iştirak edənlər daha çox südlü şokolada üstünlük veriblər.

Eyni zamanada ekspertlər xəbərdarlıq edir ki, müşahidələrin nəticəsini ürək-damar xəstəliklərinin məhz şokolada görə azaldığı kimi yozmaq səhv olardı.

Aberdin universitetinin professoru Phyo Myint: "Xəstəlik riskinin məhz şokolada görə aşağı olmasını əminliklə deyə bilmərik".

Həkimlər şokoladın yüksək kalorili qida növü olduğunu və şokolad yeyildikdən sonra əlavə kaloriləri yandırmaq üçün fəal fiziki hərəkətlərlə məğul olmağın vacibliyini vurğulayırlar.

Sheffield universitetinin kardioloqu doktor Tim Chico, şokoladın ürək xəstəliklərinin qarşısının alınmasında mümkün müsbət təsirilə yanaşı şokoladın çəkini artırmasına da diqqəti çəkib.

Həkimə görə, bu səbəbdən, şokolad yeməyin müsbət nəticəsini ilk növbədə çəkisi normadan artıq olmayanlar görə bilər.

"Artıq çəkidən əziyyət çəkənlərə isə vərdiş etdikləri gündəlik şokolad normasını artırmağı məsləhət görməzdim", doktor Tim Chico bildirib.