Azərbaycanlı tələbələrin "PKK-a qoşulması" araşdırılır

Fotonun müəllifi AFP
Image caption PKK qrupu Türkiyə, ABŞ və Aİ tərəfindən terrorçu təşkilat tanınıb.

“Xarici işlər, daxili işlər və milli təhlükəsizlik nazirlikləri Ankaradakı Azərbaycan səfirliyi vasitəsi ilə Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulmaları ilə bağlı məsələni araşdırır”, Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki təmsilçisi Nəcibə Nəsibova BBC Azərbaycancaya deyib.

Bazar ertəsi günü Youtube şəbəkəsində yayılmış videoçarxda Türkiyədə təhsil alan üç tələbənin Türkiyə və Qərbdə terrorçu qrup kimi tanınan PKK təşkilatının sıralarına keçdiyindən bəhs edilir.

Özlərini “Yıldırım Beyazıt Universitetinin sosyoloji bölümündə oxuyan Feremez Azeri”, “Turqut Özal Universitetinin işlətmə fakultəsinin tələbəsi Babek Hakır” və “Balıkesir universitetinin tələbəsi Azad Mirkan” təqdim edən gənclər PKK sıralarına keçmələrinin səbəblərindən danışıblar.

“Tələbələrdən Sənan Güləhmədov və Mobil Tağızadənin valideynləri övladlarının yoxa çıxması ilə bağlı səfirliklə telefon vasitəsi ilə əlaqə saxlayaraq köməklik göstərilməsini xahiş edib.

Buna müvafiq olaraq da, səfirlik Türkiyənin müvafiq qurumlarına müraciət edib”, BBC Azərbaycancanın sorğusuna cavab olaraq Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elbəy Əliyev bildirib.

Lakin səfirlikdə hadisə ilə bağlı geniş şərh vermək istəməyiblər. Videoçarxda Sənan Güləhmədov özünü Feremez Azeri, Mobil Tağızadə isə Azad Mirkan kimi təqdim edirlər.

"Dövlət xəttilə gəlməyiblər"

Səfirliyin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova isə deyib ki, internet resurslarında yayılmış videogörüntüdə danışan üçüncü tələbənin adı Məhəmmədhüseyn Rüstəmovdur.

O, məlum videoçarxda özünü “Turqut Özal Universitetinin işlətmə fakultəsinin tələbəsi Babek Hakır” kimi təqdim edib. Təhsil müşaviri tələbələrlə bağlı bəzi təfərrüatlardan da bəhs edib.

Nəcibə Nəsibova deyib ki, adiçəkilən hər üç tələbə universitetlərin ikinci kursunda oxuyublar və “dövlət imtahanından keçmədən, özəl təhsil şirkətlərinin xətti ilə Türkiyəyə gəliblər”.

Onun sözlərinə görə, fəaliyyətinin əsas hissəsi kimi “tələbələrin hamısı ilə məşğul olur”.

“Şəhər-şəhər gəzirik, universitetlərə, yataqxanalara gedirik, tələbələrin hamısı ilə görüşür, öz aralarından tələbə təmsilçiləri seçib, onlarla sıx əlaqə saxlayırıq. Amma bu tələbələr əvvəldən bizim tələbələrdən uzaq gəzərdilər. Mənə elə məlumatlar gəlirdi ki, onlar siyasi görüşlü tələbələrin arasında olurdular. Tələbələrimizdən soruşurdum ki, onları tanıyırsınızmı, deyirdilər, bizimlə oturub-durmurlar, daha çox kürdlərin arasında olurlar. Bunlar qeyri-dövlət xətti ilə, şirkətlərin vasitəsi ilə attestatla burda yerləşən tələbələrdir. Bunların heç biri dövlət xətti ilə imtahan verməyib”, Nəcibə Nəsibova deyib.

Təhsil müşaviri PKK sıralarına keçdiklərini bəyan edən tələbələrdən dərs davamiyyəti və qiymətlərinin zəif olan “savadsız tələbə” kimi bəhs edib.

"Valideyn məsuliyyəti"

Tələbələrin verdiyi məlumata istinad edən Nəcibə Nəsibova deyib ki, Məhəmmədhüseyn Rüstəmov, Şamaxıdakı bir axundun oğludur.

BBC Azərbaycanca axundla telefonla əlaqə yaratmağa çalışsa da, telefona cavab verən şəxs “mən o adam deyiləm” deyərək telefonu qapadıb.

Təhsil müşaviri tələbələrin PKK sıralarına maraq göstərməsində onların valideynlərinin də məsuliyyətindən danışıb.

“Tələbələr itkin kimi qeydiyyata alındıqları ilk vaxtlarda Sənanın (Güləhmədov) anası zəng edib dedi ki, oğlum hardadır, bilmirəm onu hardan tapım, necə edim. Dedim, biz də maraqlanırıq, rəsmi dairələrə yazmışıq. Ağladı ki, onu yəqin öldürüblər. Dedim, əgər ölüm hadisəsi olsa, mütləq səfirliyə xəbər verərdilər. Deyir, əgər sağ olsaydı, o mənə mütləq zəng edərdi. Çünki o hər gün mənə zəng edirdi, sağ deyil ki, zəng eləmir. Dedim, oğlun hər gün səninlə danışırdısa, bilirsənmi ki, bu ildən heç dərsə getməyib? Deyir, hə, bilirəm. Dedim, yaxşı bəs, bilirdinsə, bu uşaq sabah yuxudan durub, axşama kimi nə ilə məşğul olduğundan həqiqətən xəbərin olmayıbmı? Necə anasan sən?! Deyir, o, sosioloqdur, sosioloq insanların arasında olmalıdır. Dedim, o zaman küçədə boş-boş gəzənlər sosioloq olsunlar”.

BBC Azərbaycanca Turqut Özal Universiteti iqtisadiyyat və idarəetmə fakultəsinin işlətmə bölümünün rəhbəri Yavuz Kahramanla Məhəmmədhüseyn Rüstəmovun tələbə həyatı barədə danışıb.

Yavuz Kahramanın sözlərinə görə, Məhəmmədhüseyn Rüstəmov universitetdə 2013-2014-cü dərs ilində qeydiyatdan keçib və burda “ödənişli təhsil alıb”.

“Tələbə ilk ilində dərslərinə normal gəlib, oxuyub. Amma ikinci yarımildə dərsləri çox pis olub. Bir çox dərsindən qalıb, sonra bəzi imtahanlarını verə bilib. Bu dönəmdə isə qeydiyyatdan keçməyib”, universitet nümayəndəsi deyib.

Onun sözlərinə görə, itkin düşmə ilə bağlı məlumatın çıxdığı ilk günlərdə tələbənin ailəsi universitetə gəlib. “Bizim sistemimizdə qeydiyyatda olan telefonu, emaili, ünvanının heç biri vasitəsi ilə onunla əlaqə yaratmaq mümkün olmadı”, Məhəmmədhüseyn Rüstəmovun müəllimi deyib.

Profilaktik söhbət

Yavuz Kahraman dərsə gəldiyi ilk dövrlərdə tələbənin bilik səviyyəsinin 100 ballıq cədvəl üzərindən 50-60 balla qiymətləndirilə biləcəyini deyib.

“O, universitetin ortanın altında olan və ya orta sayıla biləcək tələbələrindən olub”, cənab Kahraman əlavə edib.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təşkilatı – Türkiyə-Azərbaycan Tələbə Birliyi isə təbliğat-təşviqat fəaliyyətlərini aktivləşdirmək niyyətindədir.

Təşkilatın mətbuat katibi Söhrab İsmayıl deyir ki, Azərbaycandan və Türkiyədən tanınmış ziyalıların, tarixçilərin, dövlət adamlarının azərbaycanlı tələbələrlə görüşləri təşkil ediləcək. Təşkilat ümid edir ki, belə görüşlərdə tələbələrdə "vətandaşlıq borcu və məsuliyyəti" ilə bağlı profilaktik söhbətlərin müsbət təsiri ola bilər.

“Tələbələrimiz terror təşkilatlarının məqsədləri, tələbələri öz tərəflərinə çəkmək ehtimalları barədə məlumatlandırılacaqlar. Onlara vətəndaşlıq borcları anladılacaq”, - Söhrab İsmayıl deyib. - “Azərbaycanla Türkiyə arasındakı münasibətlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Tələbələr burda olduqları müddətində vətəndaşlıq borclarını anlamalıdırlar”.

Bu barədə daha geniş