Yunanıstan: avrozonada qalıb-qalmamağın baha qiyməti

Fotonun müəllifi EPA

Yunan banklarının ötən gecə keçirdikləri iclasda Maliyyə naziri Yanis Varoufakis görünməyib.

Bunun səbəbi səhərisi gün bəlli olub.

Yunanıstan Baş naziri Aleksis Tsipras dünənki referendumun nəticəsi bəlli olduqdan sonra avropalı nazirləri bir qədər rahatlatmaq üçün Maliyyə naziri Varoufakisi istefaya göndərib.

Yunan bankları bugün də ötən həftənin qaydası ilə işləyəcək: xaricə pul köçürmələrinə qadağa, bankomatlardan nəğd pul çıxarışlarına 60 avro məhdudiyyəti, təqaüdçülərin pul çıxara bilməsi üçün bankların yalnız üçdə birinin işləməsi.

Lakin bu məhdudiyyətlərin vaxtı bugün axşam başa çatır.

Demək, bankların işini tənzimləmək üçün daha bir təcili iclas keçirilməlidir.

Hazırda əsas məsələ Yunanıstan banklarının bundan sonra necə fəaliyyət göstərəcəyidir.

Banklardakı nəğd pul ehtiyatı bir neçə günə qurtara bilər.

Yunan banklarının taleyi Avropa Mərkəzi Bankı ECB-nin Afinaya təcili maliyyə yardımını kəsib-kəsməyəcəyindən asılıdr.

ECB isə addım atmaq üçün, öz növbəsində, Avropa ölkələri liderlərinin rəyini gözləyir.

Nəticədə, Yunanıstanın taleyi Almaniya kansleri Angela Merkel və onun həmkarlarından asılı vəziyyətə düşür.

Onların isə cəmi bir neçə variantı var.

Misal üçün, onlar geri çəkilərək Yunanıstanın 200 avro milyardlıq borcunun yarısını silə bilərlər.

Düzdür, bu cür addım eyni çətin durumdan keçərkən bənzər səxavətliyi görməyən Portuqaliya və İrlandiyanı şoka sala bilər.

Almaniya seçiciləri də Merkelin bir sandıq pulu havaya niyə tulladığını anlamayacaqlar.

Lakin bunun əvəzində Merkel avronun əbədi olduğunu iddia edə billəcək.

Digər tərəfdən bu addım Yunanıstana yardım göstərmiş ECB bankını 140 avro milyard kimi böyük itkidən xilas edə bilər.

Baxmayaraq kı, ECB ipoteka və biznes kreditləri kimi Yunan aktivlərinə nəzarət edir və həmin aktivlətin hazırkı dəyəri Yunanıstan Bankı vasitəsilə ECB-nin yunan banklarına yardım kimi verdiyi 89 milyard avrodan 35 faiz çoxdur, Yunanıstan avrozonanı tərk edəcəyi halda yunan aktivləri ikiqat qiymətdən düşə bilər.

Daha bir variant Yunanıstanın global bazara öz valyutasını buraxmasıdır.

Bu variant tərəflər üçün daha baha başa gələ bilər.

Yunanıstanın xarici valyuta ehtiyatı tükənməyə yaxındır (ola bilsin ki, cəmi 2-3 milyard avroluq qızıl ehtiyatı qalıb).

Bu o deməkdir ki, bu halda Yunanıstana ixdal olunan əsas mallar tez bir zamanda yoxa çıxacaq.

İdxalçıların, haqq-hesabları Yunanıstanın yeni valyutası ilə aparmağa həvəsi olmayacaq.

Bankirlərin sözlərinə görə, ölkənin draxmaya keçidi və iqtisadi iflasdan xilası üçün BVF və avrozona Yunanıstana 25 milyard avro yardım ayırmalıdır.

Yunanıstanın ixracı ölkənin bütün xərclərini örtməyə bəs etməyəcək, çünki ixracdan əldə olunan gəlir ÜDM-in yalnız 13 faizini təşkil edir.

Avrozonada qalmaq da, avrozonadan çıxmaq da Yunanıstana və Avropaya baha başa gələcək.

Yunanıstanın bank sisteminin iflasın bir addımlığında olduğu bir vəziyyətdə avrozona liderlərinin bu variantlardan birinin seçmələrinə cəmi bir neçə saat vaxtları qalıb.