"İslam Dövləti"ndən qaçanların hekayələri

Bir il əvvəl İslam Dövləti qruplaşması şimali İraqı zəbt edərkən yezidi dini azlığından bir neçə min qadın və qız ələ keçərək köləyə çevrildi.

Lakin BBC-nin Fars xidmətindən Nəfisə Kohnavardın reportajında deyilir ki, bir İraq biznesmeninin rəhbərlik etdiyi qaçaqmalçı şəbəkəsinin sayəsində yüzlərlə qız xilas edilib.

İraq-Türkiyə sərhədində gecə saat 1-dir və sərhəd darvazaları bağlanır.

Sərnişinlər Türkiyənin içərilərinə gedən sonuncu avtobusa minmək üçün tələsdikləri bir vaxtda, bir yezidi ailəsi sakitcə dayanaraq gözlərini keçid məntəqəsinə zilləyib.

Və birdən-birə bir qadın və dörd uşaq sərhədin Türkiyəyə aid hissəsində peyda olurlar. Ailə oradakıları salamlayır və bir anda bütöv bir qrupu hönkürtü boğur.

Onlar qucaqlaşır və sanki yenidən görüşdüklərinə inana bilmədiklərindən bir xeyli göz-gözə baxırlar.

35 yaşlı Xatun və onun 4-10 yaşları arasında olan uşaqları 2014-cü ilin avqustunda, İslam Dövləti silahlıları onların Sincar dağı yaxınlığındakı kəndlərinə soxularkən əsir ediliblər.

Onlar Raqqaya, həmin hadisədən iki ay əvvəl özünü xilafət elan etmiş İslam Dövləti qruplamasının de-fakto paytaxtına aparılıblar.

Xatun üzgün görünür və ayaq üstündə güclə dayanıb.

Image caption İraq hökuməti yezidilərin qaytarılmasını əlaqələndirmək üçün xüsusi qurum yaradıb

"Bu dəhşətdir, - deyir, - Onlar bizə nə yemək, nə də su vermirdilər, yuyunmağa qoymurdular. Bəzən bizi döyürdülər”.

Qaçış

Xatun və uşaqları azadlıqları üçün Abdullah adlı biznesmenə borclu olmalıdırlar. O əvvəllər Suriyadan kənd təsərrüfatı məhsulları alardı, indi isə İslam Dövləti qrupu tərəfindən saxlanan adamları alır.

Xatunu ailəsinə qovuşdurduqdan sonra Abdullah bizi öz sadə evinə aparır və 22 yaşlı qardaşı qızı Mərvə ilə tanış edir.

Xatun kimi Mərvə də 55 başqa qohumu ilə birlikdə bir il əvvəl Sincar dağında İslam Dövləti döyüşçüləri tərəfindən əsir alınmışdı.

Həmçinin oxu: "İslam Dövləti"nin seks kölələri olmuş yezidi qadınlar

İki aydan sonra Mərvə öz əmisi ilə əlaqə yarada bilmişdi. O bildirmişdi ki, Raqqadakı bir evdə saxlanır.

“Mən ona dedim ki, döyüşçülər kürdcə başa düşmürlər, odur ki, mənə diqqətlə qulaq assın. “Əgər sən birtəhər evdən çıxa bilsən, mən səni bura gətirtmək üçün adam tapa bilərəm” – deyə Abdullah xatırlayır .

Bir gecə Mərvə çöl qapısının açarını oğurlayıb qaça bilmişdi.

“Mən əl edib taksi saxladım – o deyir, - Sürücü soruşdu ki, hara gedirəm. O əvvəlcə deyirdi ki, məni aparmağa qorxur, çünki İD xəbər tutsa, ikimizi də öldürə bilərlər”.

"Sonunda o məni yaxşı adamların mənə kömək edə biləcəyi yerə aparmağa razılıq verdi” – Mərvə deyir.

Ertəsi gün o əmisinə zəng edə bilib, lakin İslam Dövləti qrupundan onu saxlayan adam Mərvənin harada olduğunu öyrənib. O qadına sığınacaq vermis ailədən ya onu qaytarmağı, ya da 7 min 500 dollar ödəməyi tələb edib.

Həmin adam qızın ailəsi ilə də əlaqə saxlayıb. "Mən ona dedim ki, “oldu, sən mənə bir az vaxt ver, pulu göndərə bilim. Amma, qardaşım qızına toxunma dedim” – Abdullah deyir.

Image caption Abdullah deyir ki, onun ödədiyi pulun çoxu İD-ə yox, qaçaqmalçılara çatır

O, Suriyadakı keçmiş biznes tanışlarına zəng etməyə başlayıb və nəticədə Mərvənin azad edilməsinə nail olub.

Qiymət çənə-boğazı

Son bir il ərzində Abdullah Suriya, Türkiyə və İraqda olan tanışlardan və qaçaqmalçılardan ibarət şəbəkə qura bilib. O bu yolla əsasən yezidi olan 300 uşağı İslam Dövləti qrupu əsirliyindən xilas edib.

O öyrənib ki, qruplaşmadan kimisə almaq 6 min dollardan 35 min dollaradək pul tələb edir. Gənc qızlar üçün istənilən pul daha çoxdur. Onlar hətta çağaları da satırlar.

"Bir dəfə bir ailə təzə doğulmuş uşaq üçün 6 min dollar ödəməli oldu” – deyir Abdullah. Bir çox ailələr üçün belə məbləğlər əlçatmaz puldur.

Xatun və onun uşaqlarının azad edilməsi üçün qayınatası Mərdan 35 min dollar ödəyib.

“Nəyim varsa satmalı oldum, - Mərdan BBC-ə deyir, - Qapı-qapı gəzib pul yığırdım. İndi borclarımı ödəməliyəm. Amma mənim bir qəpiyim də yoxdur və ailəmin 17 üzvü hələ də İD əsirliyindədir”.

Əsirlərin alınması prosesi heç də həmişə uğurlu olmur. Mərdan 35 min dollar ödəyəndən sonra vasitəçilik edən kürd qaçaqmalçı öldürülüb və İslam Dövləti qrupuna çatası 17 min 500 dollar arada itbata düşüb.

İndi isə onlar gəlinini və nəvələrini yenidən görə bilməsi üçün Mərdandan 10 min dollar göndərməsini tələb edirlər.

“Yeganə vasitə sövdələşmədir”

Abdulla ödənən girov pulunun böyük hissəsinin qaçaqmalçılara çatdığını desə də, fəaliyyətinin İslam Dövləti qrupunun kisəsini doldurduğundan xəbərdardır. Lakin o, əsir edilmiş yezidiləri ailələrinə qovuşdurmağın başqa yolunu görmür.

“İD üçün qadınlar və qızlar maldan başqa bir şey deyillər və yeganə vasitə sərhəd üstündən hər hansı başqa malı aldığın zaman etdiyin kimi qiymətləşməkdir – deyə o, izah edir. Bu əməliyyatın ən çətin hissəsi İD tərəfdəki vasitəçinin xalis olmasına əminlikdir”.

Image caption Mərvə Suriyada İslam Dövləti qrupunun əsas şəhəri - Raqqada bir evdə saxlanırdı

Son bir il ərzində Abdullahla işləyən 23 qaçaqmalçıdan 4-ü İslam Dövləti qrupu tərəfindən öldürülüb.

"Bəzən onlar bizə zəng edir və deyirlər ki, gəlib bir neçə yezidini apara bilərik, - deyir o, - amma elə ki, kimisə İD-in ərazisinə göndəririk, tutub öldürürlər”.

İraq hökuməti və İraq kürd hakimiyyəti yezidi əsirlərin qaytarılması üçün xüsusi qurum yaradıblar, lakin bu təşkilatın maddi imkanları yoxdur.

“İD-nin əsirliyində hələ də çox adam var, lakin bizim qaçaqmalçılara ödəmək üçün kifayət qədər pulumuz yoxdur” – Kürdüstan Regional Hökumətinin yezidilər üzrə koordinatoru Nuri Osman Əbdürrəhman deyir.

Bir çox ailələr üçün Abdullahın köməyi yeganə çarədir. Bununla belə, nə qədər girov pulu ödənsə də, ən baha emosional qiyməti əsirlər və onların qayıtmasını gözləyənlər ödəyirlər.

Mərvə hələ də başına gələnləri unutmağa çalışır. “Birdə görürsən vahimə məni basır, nəfəs ala bilmirəm, - deyir qadın, - mənim və başqa qızların başına gələnlər gözümün qarşısından keçir”.

Abdullahın cəhdlərinə baxmayaraq, Mərvə bir ailənin xilas ola bilmiş yeganə üzvüdür.

Bu barədə daha geniş