Cənubi Koreya: Şimali Koreya iki əsgərə görə üzr istəməlidir

Fotonun müəllifi AP

Cənubi Koreya prezidenti Park Geun-hye deyib ki, Pyongyang neytral zonada yerləşdirilmiş minalara görə üzr istəməsə anti-təbliğat yayımları davam edəcək.

Şimali Koreya ona tərəf yönəldilmiş səsgücləndiricilərdən aparılan təbliğat yayımlarının dayandırılması üçün güc tətbiq edəcəyini açıqlayıb, bu isə Koreya yarımadasında vəziyyəti gərginləşdirib.

Eyni zamanda, ikinci gecədir ki rəsmilərin münaqişənin həlli istiqamətində görüşləri davam edir.

Hər iki ölkənin hərbçiləri cümə axşamı baş verən qısa atışmalardan sonra hazır vəziyyətdədir.

Avqustun əvvəlində iki Cənubi Koreya əsgəri neytral zonaya qoyulmuş minaların partlaması nəticəsində ayağını itirib.

Şimali Koreya minaları yerləşdirmədiyini deyir. O, həmçinin cümə axşamı sərhəddə atəşə başladığını da etiraf etmir və ilk hücumun Cənubi Koreya tərəfindən edildiyini deyir.