Lukaşenko belaruslara: "Dizi yırtıq şalvarlar geyməyin!"

Fotonun müəllifi AP
Image caption Lukaşenko bundan əvvəl ölkədə nefy və qaz tapılmasını əmr edib.

Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşlarını yalnız yerli istehsal olunmuş şalvarları geyinməyə və xarici ölkələrdə deyil, doğma vətənində istirahət etməyə çağırıb.

BelTA xəbər agentliyinin verdiyi məlumata görə, Lukaşenko hesab edir ki, belə bir çətin dövrdə öz ölkələrini dəstəkləmək üçün belaruslar "psixologiyasını dəyişməlidir". İlk növbədə o, xalqı idxal mallarından imtina etməyə çağırıb.

“Gəlin biz öz yerli, belarus paltarlarını geyinək! Bir az indiki dəblə uyğunlaşmasaq da olar. Dizi yırtıq şalvarlar olmasa da olar. İndi necə şalvar geyinirlər? Üzərində yırtıq açırsan, bəs edir. İş orasındadır ki, biz əvvəllər belə görkəmdə küçəyə çıxmaqdan utanırdıq, ancaq indi sərbəst gəzirlər,” prezident bildirib.

Prezidentin fikrincə, əgər ölkənin 10 milyon əhalisi və turistlər Belarus malları alarsa, dövlətin heç bir problemi olmaz. “Gəlin bu yırtıqlardan əl çəkək və normal Belarus paltarları geyinək,” o əlavə edib.

Lukaşenko hesab edir ki, belaruslar öz vətənində dincəlsə daha yaxşı olardı, çünki belə olan təqdirdə dolların məzənnəsi onlar üçün qorxulu olmayacaq.

“Kifayət qədər göllərimiz var, baxmayaraq ki, onların bəziləri dayazlaşıb, lakin suyu tam qurumayıb. Gəlin belə bir çətin vaxtda evimizdə istirahət edək,” prezident qeyd edib.

Son ildə Belarusdada iqtisadi vəziyyət kəskin pisləşib. Bu, Belarusun çox yaxın iqtisadi münasibətlər qurduğu, qonşu Rusiyada baş verən devalvasiya fonunda baş verib.

Devalvasiyadan sonra Lukaşenko Belarusda neft və qaz tapmağı tələb etmiş, həmçinin natural təsərrüfatın təbliği ilə məşğul olmağa başlamışdır.

Xatırladaq payızda Belarusda növbəti prezident seçkiləri keçiriləcək.