Hindistanda ayaqyoluna gedənlərə pul da verirlər

Image caption Hindistanda əhalinin yarısı – 590 milyon insan təbii ehtiyacını açıq havada icra edir.

Əksər adamlar üçün tualetdən istifadə etmək adi həyati ehtiyacdır, lakin bütün dünyada normal sanitariya şəraiti olmayan 1,1 milyard insan bu həyati ehtiyacını açıq havada təmin edir.

Hindistanda qəbul edilmiş yeni proqrama görə, uşaqlara tualet vərdişlərinin aşılanması üçün onlara həvəsləndirmə kimi pul mükafatı verilməsi də nəzərdə tutulur.

Açıq mühitdə “defekasiya” o deməkdir ki, adamlar özlərini çöllərdə, kolluqlarda, açıq yerlərdə və açıq su hövzələrində “boşaldırlar”.

Bu, uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır, belə ki, hər il insan ifrazatı ilə ötürülən xəstəliklərə görə yüz minlərlə uşaq ölür.

Hindistanda əhalinin yarısı – 590 milyon insan təbii ehtiyacını açıq havada icra edir.

Bəziləri üçün bu gündəlik vərdişə çevrilib və onlar bunu hətta ictimai ayaqyoluların olduğu yerlərdə də edirlər.

İndi isə Əhmədabad ştatındakı Qucarati şəhərinin bələdiyyəsi ictimai tualetlərdən istifadə edən uşaqlara pul ödənməsi planı ilə çıxış edib. Kampaniyaçılar ümid edirlər ki, bu tədbir, hər il 200 min uşağın qarın işləməsindən tələf olduğu ölkədə sanitariya vəziyyətini yaxşılaşdıra bilər.

Münasibətin formalaşdırılması

Əhmədabadın Çandoliya daxmalıqlarında yaşayan adamlar normal insanların adətən xəlvətdə gördükləri işi, xüsusilə də səhərlər, hələ hərəkət başlanmazdan və hava qızmazdan əvvəl, burada, dəmir yolu relslərinin üzərində edirlər.

Image caption Bir çox adamların tualetdən istifadə imkanı olsa da, bunu etmirlər

"Biz tualetlər düzəltmişik, lakin adamlar onlardan istifadə etmirlər” - deyir Qucarat Sanitariya İnkişafı Təşkilatının sədri Anil Pracapati.

“Bəz adamlar qorxurlar ki, içəridə cinlər var və ya uşaqları oğurlana bilər. Bu adamlar buralara xırda kəndlərdən köçüb gəliblər. Onların tualet barədə təsəvvürləri yoxdur” – deyir rəsmi.

Adamlar açıq havada defekasiya edəndə, milçəklər onların ifrazatına qonur və yoluxucuları yayırlar. Axı bu milçəklər sonradan ərzaq üzərinə də qona bilərlər.

İnsan ifrazatı bəzi hallarda başqalarının yuyunmaq və ya içmək üçün istifadə etdikləri su quylarına və çaylara da düşə bilər.

İsrazatla birlikdə çıxan bakteriya və qurdlar xəstəlik və pozuntulara səbəb olurlar.

Yeni yanaşma

Hindistanda 5 yaşından aşağı uşaqların təxminən yarısının inkişafdan qalmasına səbəblərdən biri də nəcislə yayılan infeksiyalardır.

Odur ki, Əhmədabad bələdiyyəsinin rəsmiləri sakinləri tualetlərdən istifadəyə həvəsləndirmək üçün yeni yanaşmaya əl atıblar. Əslində bu tualetlərdən bəziləri pullu, bəziləri isə havayıdır.

"Bizdə 320 ictimai tualet var və onlardan 143-ü pulsuzdur, – deyir doktor Bavin Solanki, - Biz tez-tez görürdük ki, bəzi uşaqlar pullu tualetlərin yan-yörəsində bayıra çıxırlar”.

"Biz onda başa düşdük ki, nəsə yeni bir plan qurmalıyıq. Biz uşaqlra gündə bir rupi (bir qəpikdən az) və ya şokolad veririk ki, tualetdən istifadəyə həvəslənsinlər”.

Image caption Yeni qaydaya görə Bumi hər dəfə tualetdən istifadə edəndə 1 rupi qazanır

Bumi Datadiya da məhz bu qaydalardan faydalanır.

5 yaşlı qız, bacı-qardaşı və anası ilə kiçik bir otaqda yaşayır. Qonşuluqdakı başqa sakinlər kimi bu ailə üçün də yaxınlıqdakı çay və ya ictimai tualet yeganə çarədir.

"Mənim evimin ölçüsünə baxın. Tualeti harda tikim?” – deyə soruşur Buminin anası Cayaşri.

Yeni qaydalara görə, Bumi hər dəfə ictimai tualetdən istifadə edəndə bir rupi (63 rupi 1 manat edir) qazanır. Onun tualetə gedişləri xüsusi kartda qeydə alınır və o hər ayın sonunda pulunu alır.

"Tualetlər yaxşıdır, - deyir Bumi, - Mən qazandığım pulu məktəbdə xərcləyəcəyəm”.

Yaxşı davranış

Şəhər bələdiyyəsi planları genişləndirmək fikrindədir və artıq böyüklərə də tualetdən istifadə etdiklərinə görə pul verilə bilər.

“Məqsəd bundan ibarətdir ki, adamlar yaxşı davranışa görə mükafatlandırıldıqlarını başa düşsünlər” – deyir Əhmədabad Bələdiyyə Şurasının nümayəndəsi D Thara.

“Uşaqlar tualetdən istifadə etməyə başlayandan sonra, böyüklər də nümunə götürəcəklər” - deyir rəsmi.

Image caption Bumi və ailəsinin yaşadığı evdə tualet yoxdur

Lakin şəhərin başqa bir hissəsində yaşayan insanlar deyirlər ki, adamların münasibətini dəyişdirmək asan olmayacaq.

Onlar bildirirlər ki, tualetlər təmiz saxlanmır və üstəlik uşaqlar həddən artıq sudan istifadə etdikləri üçün ayaqyoluna buraxılmırlar.

Böyük hədəf

Açıq defekasiya hər hansı bir ölkə üçün, təhsili, gəlirləri, qadınların təhlükəsizlik və ləyaqətini təsirləndirən nəticələrə səbəb olur.

Cənab Pracapati deyir ki, qadınların açıq havada “bayıra getmələri” təhlükəsiz deyildir:

“Onlar gecə vaxtı çölə çıxanda başlarına hər şey gələ bilər. Belə hadisələr Hindistanın hər yerində baş verir. Biz bunun qarşısını almaq istəyirik”.

Baş nazir Narendra Modi Hindistanda açıq defekasiyanın ləğv olunmasını öz hökumətinin prioriteti edib və o, 2019-cu ilədək hər bir evdə tualet olmasını məqsəd qoyub.

Son illərdə Hindistan yaxşı maliyyələşdirilən sanitariya kampaniyaları keçirir, lakin bunlardan çox az fayda hasil olub.

Bəzi kampaniyaçılar deyirlər ki, tualetlər tikmək kifayət deyildir, insanların münasibətini dəyişdirməyə daha böyük ehtiyac var.

Lakin sözü gedən planın arxasında duranlar ümid edirlər ki, onların fərqli yanaşması Hindistanda açıq defekasiyanın ləğv olunmasında ilk həlledici addım olacaq.

Bu barədə daha geniş