Macarıstan: miqrantlarla “heyvan kimi” rəftar edilib

Image caption Miqrantlar polisin tulladığı ərzaq torbalarını tutmağa çalışır

Macarıstanın Serbiya ilə sərhədində yerləşən düşərgədə miqrantlara ərzaq torbalarının atıldığı görüntülər yayımlanıb.

Görüntüləri lentə almış avstriyalı qadın bildirib ki, miqrantlarla “heyvan” kimi davranılıb. O, Avropa dövlətlərini sərhədləri açmağa çağırıb.

Mərkəzi Avropa ölkələri, Almaniya və Lüksemburqun miqrant böhranı ilə bağlı görüşəcəyi gözlənilir.

Almaniya, hər bir Aİ ölkəsinin müəyyən sayda miqrantı qəbul etməsi üçün kvoto sistemini təklif edir.

Avropa Komissiyası hər il əlavə 120 min sığınacaq axtaranın 28 üzv ölkə arasında bölüşdürülməsini istəyir – keçən dəfə bu rəqəm 40 min nəfər idi.

Lakin Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya təklifləri rədd edib.

Son bir neçə həftədir ki, onminlərlə miqrant münaqişənin baş verdiyi Suriya və Liviya kimi ölkələrdən qaçmağa çalışır.

Onlardan bir çoxu Macarıstandan Almaniya, Avstriya və İsveç kimi varlı və daha liberal sığınacaq qanunlarına malik Aİ ölkələrinə üz tutur.

Macarıstan miqrantların şimala doğru səfərində, əsas nöqtələrdən birinə çevrilib. Bu il ərzində Macarıstana 150 mindən çox miqrant daxil olub.

Görüntülər Macarıstandakı Roszke düşərgəsində lentə alınıb. Bura, şimala və qərbə doğru hərəkət edən miqrantların əsas keçid məntəqlərindən biridir.

Image caption Macarıstana daha 40 min miqrantın gələcəyi gözlənilir

Video görüntülər düşərgəyə yardım gətirən Avstriya Yaşıllar partiyası siyasətçisinin arvadı Michaela Spritzendorfer və jurnalist və fəal Klaus Kufner tərəfindən lentə alınıb.

“Bu insanlar üç aydır ki, dəhşətli yol keçir,” Spritzendorfer BBC-ə bildirib.

“Onlardan əksəriyyəti dənizdən keçib, qayıqlarda olub və meşələrdən keçməli olub və başlarına dəhşətli hadisələr gəlib. Biz avropalılar isə onları düşərgələrdə heyvan kimi saxlayırıq. Sərhədləri açmaq indi doğrudan da Avropa siyasətçilərinin məsuliyyətidir,” Spritzendorfer deyib.

Image caption Macarıstanın Serbiya ilə sərhədində yeni məftil maneələr çəkilir

Macarıstandakı miqrantlara yetərli dəstəyin göstərilməməsi fəalların tənqidlərinə məruz qalıb.

Human Rights Watch təşkilatında təcili yardım direktoru olan Peter Bouckaert Roszke düşərgəsindəki vəziyyəti “insanlıq xarici” adlandırıb.

Praqada keçirilməsi planlaşdırılan görüş öncəsi Çexiya xarici işlər nazirliyi bildirib ki, görüşün məqsədi “bəzi çətin məsələlər üzrə Aİ üzv ölkələri arasında qarşılıqlı anlaşmaya nail olmaqdır”.

Çərşənbə günü Macarıstan ordusu gələcəkdə sərhədlərin miqrantlardan qorunması və insan axınının qarşısını almaq üçün hərbi hazırlıqlara başlayıb. Bu addım insan haqları təşkilatlarının tənqidinə məruz qalıb.

Ölkənin Serbiya ilə sərhədində yeni məftil maneələr çəkilib.

Macarıstana gələn həftəyə qədər daha 40 min miqrantın gələcəyi bildirilir.

Bu barədə daha geniş