Futbol bloqu: Chelsea-Arsenal deyil, Diego Costa müzakirə olunur

Diego Costa Fotonun müəllifi Getty

Bu turdan öncə bütün şərhçilər həftə sonu Premyer-Liqada mərkəzi oyunun Chelsea – Arsenal olacağını deyirdilər. Və doğrudan da, həmin görüşdən sonra bütün İngiltərə mətbuatı, habelə bütün dünyanın futbol jurnalistləri meydanda baş verənləri qızğıncasına şərh etdilər. Amma təəssüflər olsun ki, bu şərhlər sırf futbol amilləri barədə deyil, bir nəfərin hərəkətləri barəsində idi. Bu nəfər Chelsea-nin hücumçusu Diego Costa-dır.

İngilislərin centlmenliyi

Hələ ötən ildən “Premyer-Liqanın ən qızğın adamı” adını qazanan bu hücumçu Madridin “Atletiko”sunda oynadığı zamandan özünün fitnəkarlığı ilə məşhurlaşmışdı. Lakin Chelsea-yə gəldikdən sonra onun bu “qabiliyyətləri” daha da qabarıq üzə çıxdı.

Bəlkə də ona görə ki, İngiltərə futbolunda, İspaniya və Latin Amerikadan fərqli olaraq (Costa braziliyalıdır, lakin İspaniya millisində çıxış edir), rəqibi özündən çıxarmaq üçün gizlincə vurmaq, söymək, cırmaqlamaq, çimdikləmək və digər bu kimi hərəkətlər edərək, sonra da özünü yerə çırpıb, orada sürünərək hakimdən rəqibi qovmağı tələb etmək (bizlərdə bunu sadə dildə şüvənlik adlandırardırlar) adəti yoxdur. Yoxdur da.

Belədirlər ingilislər, centlmenlik var onların futbolunda.

Və Costa-nın bu dəfəki hərəkətləri demək olar ki, hamının qəzəbinə səbəb oldu.

Costa-nın hərəkətləri

Hər şey ondan başladı ki, Costa Arsenal-ın müdafiəçisi Koscielny-nın üzündən bir neçə dəfə şapalaq vuraraq, sonda onu sinəsilə itələyib, yerə yıxdı.

Fotonun müəllifi Getty

Bütün bunlar top uğrunda mübarizədə deyil, hər iki oyunçu topsuz olduğu halda baş vermişdi. Yəni, futbol qaydalarına görə, Costa birbaşa qırmızı vərəqə ilə cəzalandırılmalı idi.

Lakin hakim Mike Dean baş verənlərə fikir vermədi və Koscielny-nın komanda yoldaşı Gabriel onun köməyinə gəlib, Costa-dan ayırmağa çalışdı.

Costa Afrika çöllərində ölüm ərəfəsində olan heyvanı görən quzğun kimi, şikarın əlinə keçdiyini hiss etdi və bütün diqqətini artıq Gabriel-ə çevirdi. Onu şapalaqladı, itələdi və hakimin onların hər ikisini sarı vərəqə ilə cəzalandırmasına nail oldu.

Sonra isə Gabriel arxaya gedərkən, özünü onun yoluna atdı, onu görməyən müdafiəçinin ona toxunduğuna nail oldu (Gabriel-in boynunda göz yoxdur axı), özünü yerə atdı, bağırdı, qışqırdı və hakimin üstünə cumdu ki, “a kişi, görmürsən, bu məni öldürür burada!”

Bu təzyiqə dözməyən Mike Dean Gabriel-ə dərhal qırmızı vərəqə göstərdi. Nəticədə Arsenal bərabər səviyyədə gedən oyunun birinci hissəsində azlıqda qaldı və Chelsea bu üstünlükdən istifadə edərək 2:0 hesabı ilə qalib gəldi.

Dədə-babalarımız “duran yerdə zibilə düşmək” bax buna deyərdilər.

Mourinho-nun dəstəyi

Amma bu hələ də hamısı deyil.

Costa-nın hərəkətlərinin haradan qaynandığı oyundan sonra məlum oldu. Chelsea-nin baş məşqçisi Jose Mourinho onu oyunun qəhrəmanı adlandıranda.

Mourinho-nun dediyinə görə, məhz Costa-nın fantastik oyunu və hərəkətləri onun komandasına qələbə qazandırdı və buna görə Costa tərifə layiqdir...

Düz deyirsiniz, elə mənim də sözüm yoxdur.

Amma işim belədir ki, söz tapıb, yazmalıyam. Mourinho haqqında deyil, çünki onun komandalarının qələbə üçün idmandan xeyli kənar üslublardan istifadə etməsi heç kim üçün yenilik deyil və bu səbəbdən Costa-nın məhz Mourinho-nun rəhbərliyi altında “çiçəklənməsi” tamamilə anlaşılandır.

Yazım sizə İngiltərədə bu məsələ necə qarşılandı.

Fotonun müəllifi Getty
Image caption Gary Lineker Twitterdə yazdı ki, “görəsən Diego Costa içəndə özünü necə aparır?”

Dediyim kimi, ingilislər centlmendirlər və həmişə qiymətləndirmələrində neytral olmağa çalışırlar. Amma bu dəfə bütün mətbuat Diego Costa-nın hərəkətinin, daha doğrusu, onun bu hərəkətə görə cəzalandırılmamasının düzgün olmadığı barədə yazır.

BBC-nin aparıcısı, əfsanəvi futbolçu Gary Lineker Twitterdə yazdı ki, “görəsən Diego Costa içəndə özünü necə aparır?”

BBC-nin şərhçisi, vaxtı ikən meydançada öz sərtliyi ilə seçilən müdafiəçi Martin Keown isə həmin sosial şəbəkədə “mən Diego Costa-ya qarşı meydana çıxmaq istərdim” dedi.

Nəvazişilə seçilən İngiltərə mətbuatının nümayəndələrinin bunları yazması hadisənin doğrudan da hamıya toxunduğu barəsində deyir.

Öz növbəsində Arsenal azarkeşləri Mike Dean-in daha heçvaxt bu komandanın oyunlarını idarə etməsinə buraxılmamasına dair internet petisiyasını işə salıblar. Bazar ertəsi səhər saat doqquza bu petisiyanı artıq 25 min adam imzalamışdı ki, bu, doğrudan da böyük bir rəqəmdir.

Görək Futbol Assosiasiyası bütün bunlarla bağlı nə deyəcək...

United-in mükəmməlliyi

İndi isə turun başqa hadisələri haqqında. Lider Manchester City mövsümdə ilk qollar buraxaraq, müvafiq olaraq ilk məğlubiyyətə uğradı. Özü də öz meydanında.

City-ni 2:1 hesabı ilə məğlub edən West Ham isə bu mövsümdə güclü rəqiblərin qəniminə çevrilir.

Buna qədər qərbi londonlular Liverpool və Arsenal-ı da onların meydanlarında məğlub etmişdilər. Nəticədə City turnir cədvəlində birinci yerdə qalsa da, West Ham üçüncü pilləyə qalxa bildi.

Onların arasındakı mövqeyi isə Mançesterin digər klubu – United tutur. United bu turda Southampton-da yerli klubu 3:2 hesabı ilə məğlub etdi. Qolların ikisini 19 yaşlı Anthony Martial vurdu ki, bu da onun gələcəkdə böyük ulduza çevriləcəyi barədə söhbətlərə daha çox əsas verdi.

Maraqlıdır ki, United bu oyunda rəqibin qapı çərçivəsinə cəmi üç zərbə vurmuşdu və onların hamısı qolla nəticələndi. Əla göstəricidir. Amma bundan əvvəlki turda Liverpool-la görüşdə də eyni hadisənin baş verdiyini nəzərə alsaq, demək olar ki, United meydançada əslən mükəmməl faydalı iş əmsalını nümayiş etdirir.

United-in həmyerliləri City bu turda uduzduqdan sonra, Premyer-Liqada məğlubiyyətsiz qalan yeganə klub Leicester-dir. Mövsümdən əvvəl bunu kimə desəydin, inanmazdı.

Claudio Ranieri-nin yetirmələri dalbadal ikinci oyundur ki, iki top geridə olaraq, məğlubiyyətdən qaça bilirlər. Ötən turda Aston Villa-ya 3:2 hesabı ilə qalib gəldikdən sonra, lesterlilər bu dəfə Stoke-la görüşü 2:2 hesabı ilə bitirdilər və 4-cü yerdə qərarlaşdılar.

Növbəti turda Leicester Arsenal-ı qəbul edəcək və çoxların fikrincə bu qarşılaşma turun mərkəzi oyunu olacaq.

Lakin ona qədər İngiltərə futbol ictimaiyyətini maraqlandıran bir məsələ var – Futbol Assosiasiyası Costa-nı cəzalandıracaqmı?

Bu barədə daha geniş