Kimya üzrə Nobel mükafatı DNT-nin saflaşdırma yolunu tapan alimlərə verilib

Fotonun müəllifi Getty
Image caption Kimya üzrə Nobel mükafatçıları - Tomas Lindahl, Paul Modrich və Aziz Sancar.

Bu ilin kimya üzrə Nobel mükafatı DNT-nin saflaşdırılması sahəsində kəşflər etmiş üç alimə verilib.

Tomas Lindahl, Paul Modrich və Aziz Sancarın elmi araşdırmalarında hüceyrələrdə zədələnmiş DNT-nin qüsurunu aradan qaldırmaq üçün istifadə olunan mexanizmlər öyrənilərək təsvir edilib.

Həmin mexanizmlər hüceyrənin inkişafında mühum rol oynamaqla yanaşı xərçəng kimi bəlanın, nəsillikcə keçən xəstəliklərin qarşısının alınmasında əvəzedilməz çarəyə çevrilə bilər.

İsveçli professor Tomas Lindahl 30 ildən artıqdır kı, Britaniyada çalışır. O, 1970-ci illərdə DNT molekulunun dağılmasının və bu prosesin qarşısının alınmasının mümkünlüyünü kəşf edib.

Türk əsilli biokimyaçı Aziz Sancar ABŞ-da Şimali Karolina universitetinin professorudur. Professor Sancar DNT-də bir sıra genetik qüsurların aradan qaldırılması üsulunu kəşf edib.

Həmin metodika dəri xərçəngindən əziyyət çəkən xəstələrə sağalmaq ümidi verir.

Digər amerikalı alim, Şimali Karolinadakı Duke universitetinin biokimya professoru Paul Modrich hüceyrlərin bölünməsi zamanı DNT-də yarana bilən qüsurların hüceyrədaxili proseslər hesabına yoxa çıxmasını sübut edib. Professor Modriç hüceyrədaxili mexanizmlərin DNT-də yarana biləcək qüsur və zədələrin sayını 1000 dəfə azaltdığını göstərib.