Facebook "dövlətə işləyən hakerlər" haqqında xəbərdarlıq verəcək

Fotonun müəllifi AFP

Facebook bildirir ki, dövlət qurumları ilə bağlı fərd və qrupların sosial şəbəkədəki hesablara haker müdaxiləsi cəhdləri barədə istifadəçiləri xəbərdar edəcək.

Bu barədə şəbəkənin təhlükəsizlik məsələlərinə cavabdeh baş rəsmisi öz bloqunda bildirib.

"Biz bunu belə hücumların daha təhlükəli və mürəkkəb olduğu üçün edirik və hücuma məruz qalanları, bütün onlayn hesablarının təhlükəsizliyini təmin edəcək addımların atılmasına həvəsləndiririk", - Alex Stamos-un bloqunda deyilir.

Məlumata əsasən kiberhücumun dövlətlə bağlı qurum tərəfindən həyata keçirildiyinə dair "əsaslı şübhələr" olduğu təqdirdə istifadəçi xəbərdar ediləcək.

Haker müdaxiləsi barədə xəbərdarlıq alan istifadəçiyə şəxsi məlumata girişi qoruyan Facebook-un xüsusi xidmətinə daxil olmaq tövsiyə ediləcək.

Eyni zamanda istifadəçiyə "zərərli proqram təminatına yoluxmuş" kompüter sistemini dəyişdirmək və yaxud da yeniləmək məsləhəti verilə bilər.

2014-cü ilin birinci yarısında istifadəçilərin məlumatlarına girişlə bağlı hökumət müraciətlərinin sayı əvvəlki ilin ikinci yarısına nisbətdə 24 faiz artıb, Facebook-un ötən ilin noyabr ayında dərc etdiyi hesabatda göstərilir.

İstifadəçilərin hesablarına qeyri-rəsmi müdaxilə hallarının dəqiq sayı naməlum qalır, hərçənd ki, Facebook-un son bəyanatı onların nadir olmadığını deməyə əsas verir, internet və texnologiya məsələlərinə həsr edilən mashable.com saytında deyilir.