Putin üçün Suriya sınağı

Soçidə Krasnaya Polyana oteli G8 sammiti üçün 2014-cü ildə tikilib.

Lakin Ukrayna böhranına görə sammit baş tutmadı.

Bu il həmin oteldə Valday beynəlxalq diskussiya klubunun toplantısı keçirilib.

Xarici alimlərin də iştirak etdiyi bu klubun iclasında prezident Vladimir Putin çıxış edib.

Bu il Valday diskussiyaları Suriya mövzusuna həsr olunub.

"Qoşa yol siyasəti"

İlk növbədə, prezident Putin və yüksək rütbəli Kreml rəsmiləri iştirakçıları inandırmağa çalışırdılar kı, Rusiyanın gerçək məqsədi Suriya deyil.

Rusiya XİN başçısı Sergey Lavrovun sözlərinə görə, problemin çözümü üçün Rusiya və ABŞ kimi qlobal oyunçular, qonşu İran və Səudiyyə Ərəbistanı kimi ölkələr və "müxalifətin geniş spektri" bu işə cəlb edilməlidir.

Image caption Valday konfransı mətbuatın böyük marağına səbəb olub

Müəmma - Rusiyanın hansı müxalifət hərəkatını məğlub, hansını isə nizamlanma prosesinə cəlb etmək istəməsi sualındadır.

Putinin təbirincə, Rusiyanın məqsədi "Suriyanı terrorçulardan azad etmək" və İslam Dövləti qruplaşması cihadçılarına Dəməşqi və bütün ölkəni ələ keçirməyə imkan verməməkdir.

Valday çıxışında Putin qeyd edib ki, "mötədil və qeyri-mötədil" terrorçular arasında fərq yoxdur.

Rusiya prezidenti ABŞ və onun müttəfiqlərini təhlükəli ikili oyun apararaq, bəzi qrupları silahlandırmaqda, digərlərini isə bombalamaqda ittiham edib.

Mövqe dəyişgənliyi

ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusuna (FSA) gəldikdə isə Rusiyanın mövqeyi, sankı, dəyişir.

Putinin təbirincə, Valday toplantısından əvvəl prezident Əsədlə danışıqlar zamanı Suriya lideri İslam Dövləti qruplaşması dəstələrinə qarşı döyüşən müxalifət qruplarının hamısına yardım edilməsi ideyası üzərində düşünməyə razılaşıb.

Image caption Bu yaxınlarda Moskvada Putin ilə Əsəd arasında danışıqlar keçirilib

Sonradan Sergey Lavrov Putinin dediklərinə izahat verib.

Onun sözlərinə görə, Moskva, FSA daxil olmaqla Suriyada "vətənpərvər müxalifətə" havadan dəstək verməyə hazırdır.

Lakin Vaşinqtonun və FSA komandirlərinin Moskvanın bu təklifinə şübhə ilə yanaşması təəccüblü deyil.

FSA hesab edir ki, Rusiya təyyarələrinin vurduğu hədəflər siyahısına onların bazaları və döyüşçüləri də daxil olunub.

"Biz daha bacarıqlıyıq"

Rusiyanın Suriya ətrafında ikinci müəmması ABŞ-la bağlıdır.

Rusiyanın Suriyada strategiyasının işləməsi üçün Moskva ABŞ-ı və onun müttəfiqlərini, ilk növbədə, Yaxın Şərqdəki müttəfiqlərini, öz tərəfinə çəkməlidir.

Putin bunu etiraf edir: "Suriyanı azad etmək üçün qüvvələrimizi birləşdirməliyik."

Image caption Rusiya hava zərbələrinin effekt verdiyini zənn edir

Lakin imkan olan kimi Putin və onun ətrafı Suriya məsələsilə bağlı Obama administrasiyası qapısından top keçirməkdə davam edirlər.

Yüksək rütbəli Kreml rəsmisinin təbirincə, ABŞ-ın yaratdığı koalisiyanın 18 ay ərzində edə bilmədiyini Rusiya hava qüvvələri artıq edə bilib.

"Biz daha bacarıqlıyıq, bizim raketlərimiz işi gördü", həmin rəsmi deyib.

Rusiyanın həqiqətən də ABŞ ilə birgə hərəkət etmək, yoxsa ABŞ hesabına öz hərbi qüdrətilə öyünmək istəyib-istəmədiyi aydın deyil.

Üçüncü müəmma Suriya macərasının, əgər işlər düz gətirməsə, Rusiya üçün nə ilə bitəcəyilə bağlıdır.

Əsas məsələ ölkənin daxili təhlükəsizliyidir - Suriyadan evlərinə dönən cihadçılar Rusiyada terror hücumları təşkil edə bilərlər.

Putinin təxminlərinə görə, İslam Dövləti qruplaşması sıralarında Rusiya və digər keçmiş sovet respublikalarından olan 4 minədək döyüşçü var.

Bəzi Rusiya ekspertləri bu rəqəmin 6000 nəfərə çatdığını istisna etmirlər.

Image caption Soçidə Putinin təsviri olan futbol maykaları çox populyardır

Kreml elitası üzvlərindən birinin təbirincə, artıq terror təhlükəsi özünü təkcə Şimali Qafqazda yox, eləcə də Volqa və Ural bölgələrində, Moskva və Sankt Peterburq şəhərlərində də göstərə bilər.

"Hər yerdən gözləmək olar", o qeyd edib.

Ən böyük təhlükələrdən biri isə İslam Dövləti qruplaşması cihadçılarının Əfqanıstan istiqamətindən gəlməsi perspektividir.

Rəsmilərin sözlərinə görə, onları daha çox Tacik-Əfqan sərhədində əl-Qaidə qüvvələrinin hücumları narahat etməkdədir.

Daxildəki terror təhlükəsi prezident Putinə Rusiyadan uzaqda gedən müharibəyə qarışmasına bəraət qazandırmağa imkan verir.

Lakin Suriyaya müdaxilə ölkə daxilində terroru yatırmaq əvəzinə qızışdırsa, buna görə məsuliyyət Putinin də üzərinə düşəcək.

Sunni əks-cavabı

Rusiya üçün daha bir risk şiələrin müttəfiqi kimi ad çıxarmaqdır.

Bu zaman Rusiya özünü Suriyada çoxsaylı sünni müxalifətinə qarşı qoymuş olacaq.

"Biz Suriyada sünnilərlə yox, terrorçularla vuruşuruq", bir Kreml rəsmisi deyib.

Digər rəsminin dedikləri daha açıq səslənib: "Bizdə müsəlmanların hamısı sünnidir, biz sünni aləmilə münasibətlərimizi korlamaq istəmirik".

Image caption Sergey Lavrov ABŞ həmkarı John Kerry ilə ötən həftə Vyanada görüşüb

Bəlkə də, Rusiya qarşısında duran müəmmaların ən böyüyü isə Suriyada əməliyyatları itki vermədən davam etdirmək problemidir.

Hava zərbələri kampaniyası rəsmilərə görə məhdud zaman kəsiyində davam etdiriləcək. Bu, 3-4 ay, bəzilərinin təbirincə isə, 6 ay davam edə bilər.

Lakin Suriyadan başqa, İraq hökümətinin də əksər hissəsi Rusiyanın İraqda İslam Dövləti qruplaşmasını bombalamağını istəyir.

Digər tərəfdən prezident Putin də bildirib ki, yarımçıq uğur qənaətbəxş ola bilməz - Suriyanın bütün ərazisi İslam Dövləti qruplaşmasından təmizlənməlidir.

Rusiya, həqiqətən də, 6 aydan sonra hava reydlərinə son qoyacaqsa, onun bəyan etdiyi məqsədə necə çatacağı böyük sual altındadır.

'Vuranda, birinci vur'

Rusiyanın planı Suriyada işləsə, Moskva bu ölkədə böhranın çözülməsinə şərait yaratdığını deyəcək.

İşlər düz getməsə, uğursuzluğun günahı başqalarının üzərinə atılacaq.

Ola bilsin ki, bütün bu müəmmaların sirrini Rusiyanın Suriyaya müdaxiləsinin ölçülüb-biçilmiş addım olmamasında axtarmaq lazımdır.

"Siz elə bilirsiz ki hər şey əvvəlcədən planlı şəkildə həyata keçirilir. Lakin bəzən dərhal və hazırlıq görmədən hərəkət etmək məcburiyyəti yaranır", Kreml elitası üzvlərindən biri deyib.

Putin eyni fikri başqa tərzdə ifadə edib: "50 il bundan əvvəlki Leninqrad həyatım mənə bir şeyi öyrədib - axırda vuruşacaqsansa, onda birinci zərbəni elə özün vur."

Görünür, Putinin, bəzən, aqressiv və gözlənilməz görünən addımları, onda hələ məktəbli olduğu illərdən əmələ gəlmiş özünüqoruma istinktindən irəli gəlir.

Bu barədə daha geniş