"İslam Dövləti" pulu haradan alır?

İslam Dövləti (İD) qruplaşması ötən cümə Parisdə 129 insanın həyatına son qoymuş və çox sayda insana xəsarət yetirmiş hücumlar üçün məsuliyyəti öz üzərinə götürüb. Bəs İD özünü və əməliyyatlarını necə maliyyələşdirir?

Fotonun müəllifi AP
Image caption Əbubəkr əl-Bağdadi İslam Dövlətinin lideridir

Cümə günü Parisdə törədilmiş basqınlar dünyanın diqqətini bir daha özünü İslam Dövləti adlandıran qruplaşmaya çəkib.

Təşkilat Fransa paytaxtında azı 129 nəfərin həyatına son qoymuş və çox sayda adama xəsarət yetirmiş silsilə hücumlar üçün məsuliyyəti öz üzərinə götürüb.

İD dünyanın ən varlı silahlı qruplaşması hesab olunur.

Təşkilat İraq və Suriyada ölçüləri Birləşmiş Krallığa bərabər “xilafəti” idarə etdiyini iddia edir.

Lakin görəsən, təşkilat pulu hardan alır? İD-ni kim maliyyələşdirir?

1. İanələr

Yaxın Şərqdəki, xüsusilə də Səudiyyə və Qətərdəki varlı fərdi donorlar və İslam xeyriyyələri ilkin gəlir mənbələridir.

Bu sünni xeyriyyəçilər pullarını İslamın ələvilik təriqətinə məxsus olan Suriya prezidenti Əsədin devrilməsi üçün verirdilər.

Bu mənbələrdən gələn pullar hələ də əcnəbi döyüşçülərin Suriyaya səfərlərini maliyyələşdirsə də, qruplaşma hazırda özünü əsaslı şəkildə maliyyələşdirə bilir.

2. Neft

ABŞ Maliyyə Nazirliyinin 2014-cü ilə olan hesablamalarına görə, İD xam neftin və neft məhsullarının yerli araçıya satışından həftədə bir neçə milyon dollar, ümumilikdə isə 100 milyon dollar əldə edir. Araçı öz növbəsində bu nefti qaçaq yolu ilə Türkiyə və İrana, yaxud da Suriya hökumətinə satır.

Lakin neftlə bağlı infrastruktura hava zərbələrinin endirilməsi, inanıldığına görə bu gəliri tükəndirib.

3. Adam oğurluğu

Adam oğurluğu İD-ə 2014-cü ildə girov pulları şəklində 20 milyon dollar gəlir gətirib.

İD-dən qaçaq düşmüş bir nəfərin dediyinə görə, bu təşkilatda adam oğurluqlarını həyata keçirən və “Kəşfiyyat Aparatı” adlanan bütöv bir departament fəaliyyət göstərir. Bu departament əcnəbi jurnalistləri onlar ayaqlarını Suriya sərhədinə yaxın şəhərlərə qoyduqları andan hədəfləyir.

Təşkilat adam oğurluğundan həmçinin qiymətli təbliğat aləti kimi istifadə edir.

Image caption İslam Dövləti İraq və Suriyada James Foley, Abdul-Rahman (Peter) Kassiq, Alan Henning, Kenji Goto və Steven Sotlof da daxil, çox sayda jurnalist və humanitar yardım işçisini oğurlayıb və qətlə yetirib

4. Quldurluq, qarət və pul qopardılması

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İD özünün tam və qismən nəzarətində olan ərazilərin sakinlərindən hər ay bir neçə milyon dollar pul qoparır.

Ödənişlər İD ərazisindən keçənlərdən, burada biznesi olanlardan və ya sadəcə olaraq burada yaşayanlardan xidmətlər və ya “mühafizə” müqabilində qoparılır.

İD həmçinin banklara basqınlardan, qədim əşyaların talan və satışından, malqara və ya kənd təsərrüfatı məhsullarının oğurluğundan qazanır.

5. Azlıqlar üzərinə qoyulmuş "cizyə" vergisi

Dini azlıqlar xüsusi vergi növü olan “cizyə” ödəməyə məcbur edilirlər.

Bu barədə İD-in bəyanatı ötən il İraqın Mosul şəhərindəki məscidin minbərindən elan edilib.

Bu bəyanatda xristianlardan ya İslamı qəbul etmək, ya cizyə ödəmək, ya da şəhəri tərk etmək tələb olunurdu.

"Biz onlara üç seçim veririk: İslam, cizyə ödəndiyini təsdiq edən zimmi müqaviləsi və əgər bunlardan imtina etsələr, boyunlarını üzəcək qılınc” – deyilirdi İD-in bəyanatında.

6. Quldarlıq

Image caption Hannan İraqın şimalındakı Sincar şəhərindən zor gücünə qaçırılıb

Qruplaşma həmçinin oğurlanmış qız və qadınları seks köləsi kimi satmaqdan da pul əldə edir.

Yezidi azlığın dediyinə görə, İslam Dövləti İraqın şimalındakı Sincar şəhərini tutanda, onların minlərlə qadınlarını və gənc qızlarını əsir alıb və bunların bir çoxundan seks köləsi kimi istifadə edilib.

Hannan adlı yezidi qadın İD əsirliyindən qaçdığını deyib. O, BBC-ə bildirib ki, 200 başqa qadın və qızla birlikdə qul bazarına aparılıb. Orada İD döyüşçüləri gəlib qadınları seçib ala bilirdilər.

Bu barədə daha geniş