Total şirkətinin rəhbəri: Neft 2016-da da ucuz qalacaq

Fotonun müəllifi Reuters

Fransanın enerji nəhəngi Total şirkəti rəhbərinin fikrincə, neft qiymətləri, çətin ki, 2016-cı ildə dirçəlsin.

Brent markasından olan neftin bir barelinin qiyməti hazırda 43 dollardan azdır. Bu ötən yay olduğundan 60 faiz aşağıdır. ABŞ-ın yüngül nefti də 40 dollardan ucuza satılır.

Son on ildə neftin bu qədər ucuz olması qeydə alınmamışdı.

Totalın başçısı Patrick Pouyanne “2016-cı il üçün heç bir qiymət dirçəlişi gözləmir”. Əksinə o düşünür ki, gələn il təklif, tələbi üstələməkdə davam edəcək.

O öz qənaətində tək deyil. Ötən cümə günü Goldman Sachs bildirib ki, neft qiymətləri bir qədər də düşə bilər.

“Biz qarşıdan gələn bir neçə ayda neft qiymətlərinin təxminən 40 dollar civarında qalacağını proqnozlaşdırsaq da, əslində, qiymətlər daha 50 faiz enə bilər” – deyə bildirib investisiya bankı.

Tələb və təklif arasındakı böyük mütənasibsizlik bazar ertəsi də Brent markalı neftin daha 1 dollar ucuzlaşmasına səbəb olub.

Aktivlərin satışı

Son 18 ayda neft qiymətinin sürətlə enməsinin əsas səbəbi aşırı təklif olub. Bu isə daha çox bazarın ABŞ nefti ilə dolmasına görə baş verib.

Eyni zamanda Avropa və Çində iqtisadi sürətin azalması nəticəsində neftə tələbat da kəskin azalıb.

Belə vəziyyət təkcə neft sənayesinə yox, həm də neft ixrac edən ölkələrə zərbə olub. Liviya, Əlcəzair, Nigeriya və Venesuela kimi çox sayda neft ixrac edən ölkənin daxili büdcələrini tarazlaya bilmələri üçün neft qiymətinin 100 dollardan yuxarı olması tələb olunur. İndi qiymətlərin 40 dollara endiyi bir şəraitdə onlar büdcə kəsirindən çıxmaq üçün aktivlərini satmalı olurlar.

ABŞ-ın eVestment məlumat bankı bidlirib ki, zəngin Körfəz ölkələrində neft fondlarından pulların çıxarılması sürətlənib.

Körfəz ölkələrindən bir çoxu neft ixrac edən ölkələrin OPEC kartelinə daxildir. OPEC bütün dünya bazarının 30 faizinə malikdir.

Bir çox neft ölkələri neft qiymətlərinin bu qədər enməsinə yol verilməsindən qəzəblidir.

İran nefti

Tarixən OPEC qiymətləri qaldırmaq lazım gələndə, istehsalı aşağı salardı. Lakin bu dəfə Səudiyyənin hegemon rol oynadığı bu kartel, istehsalı azaltmaq istəmir.

Səudiyyənin məqsədi aydındır. O, qiymətləri aşağı saxlamaqla, maya dəyəri daha yüksək olan ABŞ neftini bazardan çıxarmağa çalışır. OPEC ötən cümə günü görüşsə də, hasilatı eynilə günə 31, 5 milyon barrel civarında saxlamaq qərara alınıb.

Əslində, istehsalat daha da yüksələ bilər. Ötən iyulda dünya gücləri ilə nüvə razılaşması əldə etmiş İran üzərindəki sanksiyaların qaldırılacağına və nəticədə qarşıdan gələn illərdə neft satışını kəskin artırcağına ümid edir.

İran hazırda günə 3 milyon barrel neft istehsal edir və bu onilliyin sonunadək hasilatı 5 milyon barrelə çatdırmağı düşünür.

İran xarici investorlardan 30 milyard dollar vəsaitin cəlb olunması üçün sərfəli kontraktlar təklif etməyə və sanksiyalar qaldırılan kimi hasilatı günə 500 min barrel artırmağa hazırlaşır.

OPEC inanır ki, onun strategiyası işləyir, çünki ABŞ-ın bir çox kiçik həcmli şist nefti şirkəti ağır borc içindədir.

Beynəlxalq Enerji Agentliyi də bu qənaətdədir ki, ABŞ şist neftinin istehsalı gələn il azalacaq.

Lakin ekspertlərin fikrincə, hətta bu da neft qiymətlərinin yüksəlişinə təkan verə bilməyəcək.