Trump-ın 10 inancı

Fotonun müəllifi Getty

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump, California atışmasının ardınca, müsəlmanların ABŞ-a girişini dayandırmağa çağırıb.

Trump-ın 10 başqa siyasət və inancları bunlardır:

1. ABŞ məscidləri üzərində müşahidə olmalıdır. Trump inanır ki, müsəlmanlar hüquq-mühafizə orqanları tərəfindən antiterror təşəbbüsü çərçivəsində izlənməlidirlər və məscidlərin güdülməsinin “siyasi baxımdan düzgün” olub-olmaması onu qətiyyən narahat etmir.

2. ABŞ İslam Dövləti (İD) qruplaşmasına qarşı mübarizədə “su işgəncəsi” və “dindirmənin başqa sərt metodları”ndan istifadə etməlidir. Namizəd deyib ki, bunlar silahlıların istifadə etdikləri taktikanın, məsələn, başkəsmənin yanında “heç nədir”.

3. Trump İD-i “vurub bomba ilə cəhənnəmə vasil” edə bilərdi. O iddia edir ki, heç bir başqa namizəd İslam Dövləti qruplaşmasına qarşı ondan daha sərt davrana bilməz. O deyir ki, onların neftə çıxışını kəsməklə silahlıları zəif sala bilərdi.

Fotonun müəllifi AFP

4. O, sənədsiz mühacirlərin və həm də Suriya miqrantlarının qarşısını almaq üçün ABŞ-la Meksika arasında “böyük, böyük bir divar ucaltmaq” istəyir. Cənab Trump-ın mülahizəsinə görə, ABŞ-a gələn meksikalıların əksəriyyəti kriminallardır. “Onlar özləri ilə narkotikləri, cinayəti gətirirlər və qadın zorlayandırlar” – deyir Trump.

O inanır ki, bu divarın tikintisi üçün pulu Meksika ödəməlidir. BBC-nin analitik təxminlərinə görə belə bir divarın tikintisi 2,2 ilə 13 milyard dollar arasında xərc tələb edərdi.

5. ABŞ-da yaşayan təxminən 11 milyon qanunsuz mühacirin kütləvi deportasiyasına başlanmalıdır. Onun bu ideyası həm ksenofob, həm də icra olunmayacaq dərəcədə bahalı tədbir kimi tənqid olunub. BBC-nin hesablamasına görə, burada söhbət 11 milyard dollardan gedir. O həmçinin qanunsuz mühacirlərin Amerika torpağında anadan olmuş uşaqlarına “doğuşdan vətəndaşlıq” haqqının tanınması siyasətinə son qoyacaq.

6. O və Putin “yaxşı yola gedərdilər”. CNN-ə verdiyi müsahibədə cənab Trump deyib ki, cənab Putin və cənab Obama bir-birini danışıq aparmayacaq dərəcədə xoşlamırlar, “amma mən onunla yəqin ki, daha yaxşı yola gedərdim və bugünkü problemlərin çoxu da olmazdı”.

Fotonun müəllifi getty

7. Çin bir neçə məsələdə haqq-hesaba çəkilməlidir ki, onun ABŞ-la ticarəti daha ədalətli olsun. O deyir ki, əgər seçilərsə, Çinin öz valyutasını dəyərindən ucuz qiymətləndirməsinə son qoyacaq və onu özünün ətraf mühit və əmək standartlarını yüksəltməyə məcbur edəcək.

8. İqlim dəyişikliyi “havadan” başqa bir şey deyil. Trump “təmiz hava” və “təmiz suyun” qorunmasının vacibliyinə inansa da, iqlim dəyişikliyi elmini “uydurma” kimi rədd edir və deyir ki, ətraf mühit məhdudiyyətlərinin qoyulması biznesləri qlobal bazarda daha az rəqabətli edir.

9. Əgər Səddam Hüseyn və Müəmmər Qəzzafi hələ də hakimiyyətdə olsaydılar, dünya üçün daha yaxşı olardı. Trump CNN telekanalına deyib ki, istər Liviyada, istərsə də İraqda indi vəziyyət bu iki mərhum diktatorun zamanında olduğundan “qat-qat pisdir”.

10. O, “doğrudan yaxşı oğlandır”. Özünün “Axsaq Amerika” adlı ən son kitabında Trump yazır: “Mən doğrudan da yaxşı oğlanam və inanın ki, mən yaxşı oğlan olmağımla fəxr edirəm, amma eyni zamanda mən vətənimi bir daha böyük ölkə etmək üçün çılğın və qətiyyətliyəm”.

Bu barədə daha geniş