Qlobal iqlim razılaşmasının layihəsi təqdim olunub

Şəklin mənbəyi, AP
Paris zirvəsi "Dekarbonize" şüarı altında keçib.
Parisdə keçirilən BMT iqlim konfransına qatılan liderlər arasında əldə olunmuş ilkin razılaşmanın yekun layihəsi təqdim olunub.
Sənədə əsasən ölkələr qlobal istiləşmə artımını 1-2 dərəcə çərçivəsində saxlamağa razılaşırlar.
Razılaşma atmosferə atılan zərərli tullantıların həcmini azaltmaq üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur.
Mətbuat konfransında çıxış edən Fransanın xarici işlər naziri deyib ki, sənədin təsdiqlənməsi tarixi addım olacaq.
Laurent Fabius-un sözlərinə görə razılaşma üzrə tədbirlər qlobal istiləşmə templərini əhəmiyyətli şəkildə azalda bilər.
Sammitin məqsədi istixana qazlarının həcminin azaldılmasına yönələn ilk icbari qlobal razılaşmaya çatmaq olub. Onun layihəsinin mətni iki həftə davam edən danışıqlardan sonra yekunlaşdırılıb.
Danışıqların sonuncu mərhələsi, nəzərdə tutulduğundan 16 saatlıq yubanma ilə, cümə günündən şənbəyə keçən gecə başa çatıb.
BMT iqlim konfransında 190 ölkənin nümayəndəsi iştirak edib.
BMT: iqlim dəyişikliyinin ciddi nəticələri dünyanı təhdid edir
Hesabatda bəyan edilir ki, iqlimin dəyişməsi, çox ehtimal ki, “ciddi, hər yerdə və dönməz” olacaq, Yerin bütün kontinentlərinə və okeanlarına təsir edəcək.