Kim Kardashian Azərbaycanda "ən çox Google ediləndir"

Time jurnalı 2015-ci ildə hər bir ölkə üzrə Google-da ən çox axtarılmış şəxslərin siyahısını dərc edib.

Siyahıya görə insanlar daha çox erməni əsilli Amerika televiziya ulduzu Kim Kardashian və futbolçu Lionel Messi ilə maraqlanır.

Hətta Azərbaycanın internet istifadəçiləri də Google-da daha çox Kim Kardashian-ı axtarıb.

Messi və Kardashian-dan sonra dünyanın internet istifadəçiləri digər bir futbolçu – Cristiano Ronaldo-ya maraq göstərib.

Azərbaycanla yanaşı, ermənistanlı internet istifadəçiləri də Google-da ən çox həmvətənləri Kim Kardashian-ı axtarıblar.

Qonşu Gürcüstanda isə Goggle axtarış həvəskarları daha çox Ronaldo ilə maraqlanıb.

Rusiyada isə Google axtarışı edənlər dünya trendindən kənarda qalıblar. Rusiyalılar internetdə əsasən Prezident Vladimir Putinin keçmiş arvadı Ludmila Putinanı görmək və oxumaq istəyib.

Əvəzində ukraynalılar Google-da elə məhz Vladimir Putinin özünü axtarıblar.

Kim Kardashian-ın vətəni ABŞ və qonşu Türkiyədə də insanlar Google-da daha çox televiziya ulduzunu axtarışa verib.

İranın internet istifadəçiləri isə daha çox öz ulduzlarını - iranlı müğənni və keçmiş aktyor Şadmehr Ağilini axtarıb.

Dünyadakı internet istifadəçilərinin Google-da daha çox tapmaq istədiyi insanlar arasında rep ifaçısı Nicki Minaj, aktyor Salman Khan, pop ulduzları Rihanna və Romeo Santos da var.